Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Müsahibimiz qurumun yaradıcısı Mübariz Hüseynovdur
Azərbaycan elminin beynəlxalq akademik məkanda layiqli təmsil olunması, alimlərimizin tədqiqatlarının nüfuzlu elmi bazalarda indeksləşdirilməsi və yerli elmi nəşrlərin dünya standartlarına uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan Elm Mərkəzinin (AEM) fəaliyyəti diqqətəlayiqdir. Mərkəz elmi məqalə və kitabların nəşrə hazırlanması, DOI kodunun verilməsi, beynəlxalq indeksləşmə və akademik əməkdaşlığın genişləndirilməsi sahəsində xidmətlər göstərərək milli elmi potensialın dünya elmi ictimaiyyətinə tanıdılmasına töhfə verir. Mərkəzin təsisçisi, tədqiqatçı Mübariz Hüseynovla söhbətimiz də bu barədədir.
– Mübariz müəllim, söhbətimizə ümumi bir sualla başlamaq istərdik. Azərbaycan elminin dünya miqyasında tanıdılması dedikdə, nəyi nəzərdə tutursunuz? Bu istiqamətdə hansı addımlar atılmalıdır?
– Azərbaycan elminin beynəlxalq miqyasda tanıdılması yalnız alimlərimizin xarici jurnallarda məqalələrinin dərc olunması demək deyil. Əsas məqsəd ölkəmizdə aparılan elmi tədqiqatların beynəlxalq elmi ictimaiyyət üçün əlçatan olması, öyrənilməsi, istinad mənbəyinə çevrilməsi və dünya elminə töhfə verməsidir. Bunun üçün tədqiqatların keyfiyyətinin yüksəldilməsi, elmi nəşrlərin beynəlxalq standartlara uyğunlaşdırılması, xarici dildə akademik ünsiyyətin və beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir.
– AEM-in fəaliyyətinin əsas istiqamətləri hansılardır?
– Azərbaycan Elm Mərkəzinin fəaliyyəti elmi nəşriyyatçılıq və beynəlxalq akademik əməkdaşlığın inkişafına yönəlib. Hazırda mərkəzdə elmin müxtəlif sahələrini əhatə edən 8 beynəlxalq elmi jurnal nəşr olunur. Bununla yanaşı, Beynəlxalq Elmi Kitabxana, Elmi Məqalələrin Beynəlxalq Platforması, DOI təyinatı və “StrikePlagiarism” proqramı vasitəsilə plagiat yoxlanışı xidmətləri təqdim edilir.
Mərkəz elmi konfransların təşkili, xüsusi buraxılışların hazırlanması və tezis toplularının nəşri ilə də məşğuldur. Əsas məqsədimiz, sadəcə, elmi məqalələri dərc etmək deyil, onların beynəlxalq elmi dövriyyəyə daxil olmasına, tədqiqatçıların əməkdaşlıq imkanlarının genişlənməsinə və Azərbaycan elminin dünya miqyasında tanıdılmasına xidmət göstərməkdir.
– Son illərdə elmi jurnallarda DOI kodu anlayışına tez-tez rast gəlirik. DOI nədir və elmi məqalənin beynəlxalq səviyyədə tanıdılmasında hansı rolu oynayır?
– DOI Azərbaycan dilində “Rəqəmsal Obyekt İdentifikatoru” deməkdir. Crossref təşkilatı elmi məqalə, elmi kitab, tədqiqat materialı və digər rəqəmsal nəşrləri internetdə dəqiq müəyyənləşdirmək və onlara davamlı keçid yaratmaq üçün istifadə olunan bu kodu verərək elmi nəşrlər haqqında məlumatların rəqəmsal mühitdə arxivləşdirilməsi və axtarışını asanlaşdırır. Onun əsas funksiyası elmi materialın rəqəmsal mühitdə dəqiq müəyyənləşdirilməsi, tapılması və davamlı keçidin təmin edilməsidir.
DOI vasitəsilə nəşrin müəllifi, adı, çap ili, jurnal və digər biblioqrafik məlumatlar sistemləşdirilir. Bu isə tədqiqatçıların elmi mənbələrə düzgün istinad etməsini və araşdırmalarda onlardan istifadəsini asanlaşdırır. AEM-də nəşr olunan jurnalların məqalələrinə, elmi konfrans materiallarına, tezislərə və Beynəlxalq Elmi Kitabxanaya qəbul edilən kitablara DOI təyin olunur. AEM-in bazasında fəaliyyət göstərən Beynəlxalq Elmi Kitabxanaya qəbul edilən elmi kitablar da DOI: 10.36719 kodu ilə identifikasiya olunur.
– AEM-in beynəlxalq elmi nəşriyyatçılıq sahəsində əldə etdiyi nəticələrdən danışarkən “Crossref” ilə əməkdaşlığı qeyd etdiniz. Bu əməkdaşlığın tarixi və əhəmiyyəti nədir?
– AEM 2019-cu ildən “Crossref” təşkilatının üzvüdür. 2020–2024-cü illərdə ölkə üzrə, 2024-cü ildən isə dünya üzrə rəsmi təmsilçilik hüququna malikdir. Bu ilin iyununda “Crossref”dən aldığımız məlumata əsasən, mərkəz 8802 elmi məqalə və kitaba DOI təyin edib. Bu göstərici Mərkəzin beynəlxalq elmi mühitdə fəal və davamlı fəaliyyətinin mühüm nəticələrindəndir. “Crossref” sistemində bu rekord göstəricinin mövcudluğu mərkəzdə dərc olunan məqalə və elmi kitabların beynəlxalq rəqəmsal mühitdə əlçatanlığını artırır, onların dünya üzrə tədqiqatçılar və elmi axtarış sistemləri tərəfindən aşkar edilməsinə, eləcə də elmi istinadlarda istifadə olunmasına şərait yaradır, elmi nəşrlərin “itib-batmasının” qarşısı alınır.
– Deməli, DOI kodu almaqla beynəlxalq elmi bazalarda indekslənmək eyni anlayış deyil?
– Bəli, bunlar fərqli anlayışlardır. DOI nəşrin identifikasiyasını və ona istinadı təmin edir. Beynəlxalq bazalarda indeksləşmə isə jurnalların xüsusi elmi keyfiyyət və nəşr meyarlarına uyğunluğundan asılıdır. Buna görə müəlliflər məqalə göndərməzdən əvvəl jurnalın indekslənmə vəziyyətini müvafiq bazaların rəsmi saytlarından yoxlamalı, reklam məlumatlarına deyil, təsdiqlənmiş göstəricilərə əsaslanmalıdırlar.
– Elmi jurnalların beynəlxalq indekslərdə təmsil olunması nə üçün bu qədər əhəmiyyətlidir?
– Beynəlxalq indekslərdə təmsilçilik Azərbaycan alimlərinin tədqiqatlarının dünya elmi ictimaiyyətinə çatdırılması, istinad imkanlarının genişlənməsi və elmi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu platformalar vasitəsilə yerli tədqiqatlar xarici alimlər üçün əlçatan olur, elmi nəticələrin tanınma imkanları artır.
Lakin jurnalın nüfuzunu yalnız indekslərdə təmsil olunması ilə ölçmək olmaz. Burada elmi məqalələrin keyfiyyəti, redaksiya siyasəti, obyektiv rəy prosesi, nəşr etikası və beynəlxalq standartlara uyğunluq əsas meyarlardır. Başlıca məqsədimiz formal göstəricilər əldə etmək deyil, Azərbaycan elmi nəşrlərinin beynəlxalq etimad qazanmasına nail olmaqdır.
– “Elmi iş” jurnalının beynəlxalq indeks bazalarına daxil olması barədə nə deyə bilərsiniz? SCOPUS, ERIH PLUS, EBSCO və digər platformalarla bağlı fəaliyyətiniz hansı istiqamətdə inkişaf edir?
– AEM-in əsas prioritetlərindən biri elmi nəşrlərin beynəlxalq elmi platformalarda təmsil olunmasıdır. Bu baxımdan mühüm nailiyyətimiz “Elmi iş” Beynəlxalq Elmi Jurnalının bu ilin fevral ayından SCOPUS bazasına daxil edilməsidir. Xüsusilə qeyd etmək istəyirəm ki, jurnal ölkəmizdə
SCOPUS-da indekslənən ilk anadilli humanitar və ictimai elmlər üzrə multidisiplinar nəşrdir. Bu uğur Azərbaycan elmi nəşriyyatçılığının beynəlxalq səviyyədə tanıdılması və yerli elmi jurnalların nüfuzunun yüksəldilməsi baxımından əhəmiyyətli hadisədir.
– Hazırda ölkədə fəaliyyət göstərən yüzlərlə elmi jurnalın çoxu heç bir beynəlxalq elmi bazada yoxdur. Nə üçün?
– Əslində, bu sualın cavabını söyləyə bilərəm, amma düşünürəm ki, ağır ittiham olar. Qısaca qeyd etmək istəyirəm ki, əgər bir elmi jurnal heç bir indeks bazasına daxil deyilsə, belə jurnalları yalnız “ölü” jurnal adlandırmaq olar. Təəssüf ki, belə jurnallarda yüzlərlə akademik keyfiyyətə malik məqalələr itib-batmaqdadır.
Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm ki, bu jurnalların adları onların beynəlxalq olduğunu bildirsə də, lakin onların fəaliyyəti qeyd edilən məqsəd və əhatə dairəsi ilə dəstəklənmir. Hesab edirəm ki, Azərbaycan elmi nəşriyyatçılığının qarşısında duran əsas vəzifələrdən biri formal beynəlxalq statusdan daha çox, real beynəlxalq elmi fəaliyyətə nail olmaqdır.
– Bu sırada nəşrlərinizdən biri haqqında ayrıca danışmağınızı istərdik. Söhbət “Elmi iş” Beynəlxalq Elmi Jurnalının bazasında 2023 və 2024-cü illərdə təşkil etdiyiniz Zəngəzurun tarixi və coğrafiyasına həsr olunmuş beynəlxalq elmi konfranslardan gedir.
– Zəngəzurun tarixi və coğrafiyasına həsr olunmuş beynəlxalq elmi konfranslar milli tarixi yaddaşımızın beynəlxalq akademik müstəvidə tanıdılması baxımından mühüm layihələrimizdəndir. 2023-2024-cü illərdə təşkil olunan konfransların materiallarında bölgənin tarixi, coğrafiyası, toponimləri, təbii sərvətləri və maddi-mədəni irsinə həsr edilmiş 217 elmi məqalə toplanıb.
Bu araşdırmalar Zəngəzurun Azərbaycan tarixindəki yerinin elmi mənbələr və faktlar əsasında öyrənilməsinə xidmət edir. Xüsusilə vurğulamaq istərdim ki, “Zəngəzurun tarixi və coğrafiyası” adlı beynəlxalq elmi konfransların materialları SCOPUS beynəlxalq elmi məlumat bazasında indekslənib. Bu, tədqiqatların xarici alimlər üçün əlçatanlığını və beynəlxalq elmi dövriyyədə iştirak imkanlarını genişləndirir.
Nəşrlərin üz qabığında Azərbaycan bayrağının yerləşdirilməsi də xüsusi məna daşıyır. Bu, milli kimliyimizə və dövlətçiliyimizə ehtiramın ifadəsidir. Əsas məqsədimiz Zəngəzurun tarixi ilə bağlı həqiqətləri emosional mübahisələrdən kənar, sənədlər, tarixi mənbələr və elmi təhlillər əsasında beynəlxalq ictimaiyyətə çatdırmaqdır. İnanırıq ki, tariximizin elmi əsaslarla öyrənilməsi və təbliği gələcək tədqiqatlar üçün də zəmin yaradır.
– Azərbaycan elminin gələcəyi və dünya elminə inteqrasiya yolunda qarşıda hansı hədəflər durur?
– Azərbaycan elminin beynəlxalq miqyasda tanınması üçün elmi potensialımızı müasir nəşriyyat standartları, rəqəmsal texnologiyalar və beynəlxalq əməkdaşlıq imkanları ilə uzlaşdırmalıyıq. Əsas hədəfimiz keyfiyyətli tədqiqatların dəstəklənməsi, elmi jurnalların nüfuzunun artırılması və alimlərimizin qlobal elmi platformalarda daha fəal təmsil olunmasıdır. Eyni zamanda, milli elmi ənənələrimizi qoruyaraq zəngin elmi irsimizi dünya ictimaiyyətinə təqdim etməliyik. İnanıram ki, birgə səylərimiz Azərbaycan elminin beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm töhfə verəcək.
– Sizə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Namiq Qədimoğlu,
filologiya üzrə fəlsəfə doktoru,
XQ