Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan dekorativ təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş “Mədəniyyətimizdə Lətif Kərimov naxışı” mövzusunda mərasim keçirilib.
Məclisi giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov Xalq rəssamı Lətif Kərimovun Azərbaycan xalça sənətinin inkişafı, elmi əsaslarının yaradılması və dünyada təbliği istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb.
O, Prezident İlham Əliyevin 30 aprel 2026-cı il tarixli “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncamın ustad sənətkarın zəngin irsinə dövlət səviyyəsində göstərilən diqqətin təzahürü olduğunu vurğulayıb. Qeyd edib ki, bu sərəncam onun irsini yenidən tədqiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Lətif Kərimovun Azərbaycan dekorativ-tətbiqi sənətindəki müstəsna xidmətlərindən danışan akademik onun yaradıcılığının Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin memarlıq və bədii tərtibatında da öz əksini tapdığını vurğulayıb. Bildirib ki, muzeyin zallarını bəzəyən divar naxışları, mərkəzi günbəzlər, eləcə də binanın interyerindəki zəngin ornamentlərin müəllifi Lətif Kərimovdur. Zallardan zallara keçərkən, eləcə də binanın daxilində yuxarı baxdıqda diqqəti cəlb edən bu naxışlar sənətkarın yüksək bədii təfəkkürünün və ornament sənətindəki qüdrətinin göstəricisidir.
O, Lətif Kərimovun yalnız böyük ornament ustası və xalça rəssamı deyil, həm də xalçatoxuma sənətinə dərindən bələd olan sənətkar olduğunu söyləyib, onu digər xalça ustalarından fərqləndirən xüsusiyyətlərdən bəhs edib. Bildirib ki, Lətif Kərimovun əsas üstünlüklərindən biri fars və ərəb dillərini bilməsi, mənbələrlə işləməyi bacarması idi. O, Azərbaycan xalçasının yalnız bugünündən yox, dünənindən danışa bilirdi, xalçanın sirlərinə bələd idi.
Direktor böyük xalçaçı-rəssamın uzun illər indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalça sənəti üzrə pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirib. Vurğulayıb ki, Lətif Kərimov Ədəbiyyat Muzeyinin yaradılması ərəfəsində ekspozisiya üçün toxunan ilk beş süjetli xalçanın əsas müəllifi və ideya daşıyıcısıdır. Xalçalar 1940–1941-ci illərdə dahi şair Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə hazırlanıb.
“Lətif Kərimovun Azərbaycanın bütün dekorativ-tətbiqi sənətlərinə böyük məhəbbəti olub”, - deyən akademik Rafael Hüseynov onun həm də vətənpərvər, dövlətçi düşüncəyə malik bir insan olduğunu bildirib. Qeyd edib ki, ustad sənətkar daim Azərbaycan xalçasının Azərbaycanın adı ilə bağlanmasına və Azərbaycan adı ilə şöhrətlənməsinə çalışıb. Onun elmi irsinin ən mühüm nümunələri xalça növlərinin və ornamentlərinin sistemləşdirilməsinə xidmət edən “Azərbaycan xalçalarında ornament” kitabı və üçcildli “Azərbaycan xalçası” monoqrafiyasıdır.
Daha sonra sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, Rəssamlar İttifaqının və Xalçaçılar Birliyinin üzvü Zümrüd Mikayılzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı çıxış edərək Azərbaycan xalça sənətinin elmi-nəzəri əsaslarını yaradan Lətif Kərimovun yaradıcılığının müxtəlif aspektlərindən bəhs ediblər.
Sonda Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyi münasibətilə hazırlanmış “İlmə-ilmə ömür” adlı virtual sərgi nümayiş etdirilib.
Q.ƏLİYEV
XQ