Azərbaycan Ermənistan bazarını rəqibə verməyəcək

01.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Yaxın günlərdə Ermənistandan Azərbaycana ilk məhsul tədarükü barədə məlumat veriləcək”. 

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.

Azərbaycan və Ermənistan bir-birinə qarşılıqlı surətdə hansı məhsulları sata bilər? 

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”- a bildirib ki, Azərbaycan-Ermənistan ticarətində əsas məsələ məhsul satmaq yox, kimin daha çox əlavə dəyər yaradacağıdır: 

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yaxın günlərdə Ermənistandan Azərbaycana ilk məhsul tədarükü barədə məlumat veriləcəyini açıqlaması Azərbaycan-Ermənistan ticarətində yeni mərhələnin başladığını göstərir. 

Artıq söhbət yalnız Azərbaycanın Ermənistana məhsul satmasından yox, qarşılıqlı ticarətdən gedir. Ermənistanın Azərbaycana ilk növbədə kənd təsərrüfatı və qida məhsulları, meyvə-tərəvəz, emal olunmuş ərzaq, içkilər, süd məhsulları və müəyyən sənaye məhsulları çıxarmaq potensialı var. 

Amma burada əsas məsələ Ermənistanın Azərbaycana nə satacağı deyil. Əsas məsələ Azərbaycan bazarında hansı məhsulların real rəqabət qabiliyyətinə malik olacağıdır.

Eyni zamanda, Azərbaycanın Ermənistan bazarında imkanları daha genişdir. Yanacaq və enerji məhsullarından başqa, Azərbaycan meyvə-tərəvəz, qida məhsulları, bitki yağları, şəkər, un, içkilər, kənd təsərrüfatı və müxtəlif istehlak malları üzrə də bazara çıxa bilər. 

Azərbaycan üçün bu bazar kiçik görünsə də, yerli istehsalçı üçün əlavə satış kanalı və regional bazara çıxış baxımından əhəmiyyətlidir. Lakin burada romantik yanaşmaya ehtiyac yoxdur”. 

O deyib ki, ticarətin başlaması avtomatik olaraq hər iki tərəfin qazandığı anlamına gəlmir: 

“Əgər Azərbaycan Ermənistana aşağı əlavə dəyərli məhsullar satacaq, əvəzində isə daha yüksək marjalı hazır məhsullar idxal edəcəksə, bu ticarətin Azərbaycan istehsalçısına faydası məhdud olacaq. Ticarət balansından daha vacib məsələ əlavə dəyərin harada yaradılmasıdır. 

Azərbaycanın əsas hədəfi Ermənistan bazarına sadəcə məhsul satmaq yox, öz istehsalçısına yeni bazar qazandırmaq olmalıdır. Bunun üçün kənd təsərrüfatı məhsullarının xammal şəklində deyil, emal olunmuş və brendləşdirilmiş formada ixracına üstünlük verilməlidir.

Fındıq, meyvə, quru meyvə, konserv, şirniyyat, içkilər və digər məhsullar üzrə əlavə dəyərin mümkün qədər Azərbaycanda yaradılması vacibdir. Eyni zamanda, Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olması yerli istehsalçı üçün əlavə rəqabət yaradacaq. 

Bu, müəyyən şirkətlər üçün problem ola bilər. Amma rəqabətdən qorxmaq əvəzinə, yerli istehsalçının məhsuldarlığını, keyfiyyətini və qiymət üstünlüyünü artırmaq lazımdır. Bazarın inzibati üsullarla bağlanması uzunmüddətli həll deyil. 

Əslində bu proses Azərbaycan istehsalçısı üçün bir növ sınaq da olacaq. İllərdir “ixrac potensialımız var” deyirik. İndi həmin potensialı real bazarda göstərmək lazımdır. 

Əgər Azərbaycan şirkəti Ermənistan bazarında rəqabət apara bilmirsə, bunu da açıq şəkildə görəcəyik. Deməli, problem təkcə bazarda deyil, istehsalın maya dəyərində, keyfiyyətdə, logistika və marketinqdə də axtarılmalıdır”. 

Digər tərəfdən, Ermənistanın Azərbaycandan məhsul alması da Azərbaycan üçün mühüm imkan yaradır: 

“Hazırda Azərbaycan tərəfindən Ermənistana tədarüklərdə enerji və neft məhsulları əsas yer tutur. Növbəti mərhələdə bu əlaqələrin kənd təsərrüfatı, qida və sənaye məhsullarına genişlənməsi Azərbaycan qeyri-neft sektorunun ixrac imkanlarını artıra bilər. 

Məncə, dövlət bu prosesə sadəcə diplomatik münasibətlərin iqtisadi davamı kimi baxmamalıdır. Burada konkret sənaye siyasəti olmalıdır. Hansı Azərbaycan məhsulları Ermənistan bazarında rəqabət apara bilər, hansı müəssisələr ixraca hazırdır, logistika xərcləri necə azaldılacaq və ixracatçıya hansı dəstək veriləcək? 

Əks halda siyasi olaraq böyük görünən proses iqtisadi baxımdan kiçik nəticə verə bilər. Azərbaycan-Ermənistan ticarətinin əsas məqsədi iki ölkənin sadəcə bir-birindən mal alması olmamalıdır. 

Məqsəd regional iqtisadi əlaqələrin genişlənməsi, istehsalın artması, yeni bazarların açılması və əlavə dəyərin ölkə daxilində yaradılması olmalıdır. 

Azərbaycan üçün ən düzgün strategiya budur: Ermənistan bazarını rəqibə vermək yox, Azərbaycan istehsalçısı üçün yeni bazara çevirmək”. 

İqtisadçı qeyd edib ki, Azərbaycan bunu bacarsa, ticarət sadəcə siyasi normallaşmanın nəticəsi deyil, real iqtisadi dividendlərin mənbəyinə çevrilə bilər. 

Aişə 
“Cebheinfo.az”

Açar sözlər: Ermənistan bazarı Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью