Azərbaycan Ermənistan sülhü qapıdadır ŞƏRH

28.01.2026

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir vaxtlar Ermənistanın müttəfiqi olan qüvvələr indi sülh sazişini dəstəkləyir

Azərbaycan Ermənistan arasında imzalanacaq sülh sazişi artıq qapıdadır. Son dövrlər Ermənistanın sülh yönümlü mövqeyində dəyişiklik müşahidə olunur. Xüsusilə Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın beynəlxalq diplomatik təmaslarda sülh prosesini ön plana çıxarması bu tendensiyanın açıq göstəricisidir. N.Paşinyan bugünkü açıqlamasında Ermənistanın müharibəyə hazırlaşmadığını vurğulayaraq, Azərbaycanla sülhün artıq bərqərar olduğunu bildirib. Paralel olaraq, A.Mirzoyan Strasburqda Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşündə, Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparıb. Görüşdə Ermənistan qarşı tərəfə, regionda sülhün davamlı və institusional əsaslar üzərində qurulmasına dair yanaşmalarını təqdim edib. Artan diplomatik fəallıq onu deməyə əsas verir ki, Ermənistan sülh prosesini təkcə ikitərəfli münasibətlər müstəvisində deyil, eyni zamanda beynəlxalq platformalarda legitimləşdirməyə çalışır.

Mövzu ilə əlaqədar politoloq Aydın Quliyev Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan sülhü əsas və ortaq strateji məqsəd kimi görür:

“Azərbaycan və Ermənistan arasında sülh sazişi hələ imzalanmasa da, hər iki tərəf sülhü əsas və ortaq strateji məqsəd kimi müəyyənləşdirib. Azərbaycan sülh sazişinin imzalanmasını müharibədən sonrakı dövrün əsas diplomatik hədəfi hesab edir. Məhz Bakının prinsipial mövqeyi və qətiyyətli addımları nəticəsində Ermənistan sülh gündəliyinə yönəlib. Tərəflərin sülhə yönəlməsi kənar oyunçuların mövqeyini də dəyişdirib. Xüsusilə Avropa dövlətləri Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmasına maraq göstərməyə başlayıblar. Bir vaxtlar Avropa Birliyi, Fransa və digər ölkələr Ermənistanın müharibə siyasətinə dəstək verərək, bölgədə Rusiyanı sıxışdırmaq niyyətində idilər. Yəni onların yanaşması Cənubi Qafqazda geosiyasi üstünlük uğrunda mübarizə məqsədinə xidmət edirdi”. 

Politoloqun sözlərinə görə, Qərb ölkələri Rusiyaya münasibətdə qarşıya qoyduqları strateji hədəfə nail olublar:

“Ermənistan də mümkün qədər Moskvanın təsir dairəsindən uzaqlaşmağa çalışır. Artıq bu gün Qərb ölkələri Cənubi Qafqazda Rusiyanın təsirini xeyli zəiflətməyi bacarıblar. Əvvəllər sülh prosesində yalnız Azərbaycan və Ermənistan maraqlı idisə, bu gün vaxtilə Ermənistanın müttəfiqi olmuş beynəlxalq qüvvələr də sazişin imzalanmasını dəstəkləyirlər. Bunun əsas səbəbi sülh sazişinin Rusiyanın regiondakı təsirini daha da zəiflətmək üçün əlverişli alətə çevrilməsidir. Eyni zamanda sülh, bölgədə münasibətlərin sivil müstəviyə keçməsinə və Cənubi Qafqazın Avropaya inteqrasiyasına yeni imkanlar yaradır. Bu səbəbdən Qərb ölkələri sülhü dəstəkləməklə həm iqtisadi maraqlarını təmin etməyə, həm də geosiyasi mübarizədə Rusiyanın mövqelərini zəiflətməyə çalışırlar”.

Aybəniz Səfərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью