Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Parçalanma, artan dözümsüzlük və kəskin ikili standartlarla xarakterizə olunan hazırkı dövrdə, Azərbaycan beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinin ardıcıl və qeyri-selektiv şəkildə tətbiqinə ciddi riayət olunması əsasında qurulan yenilənmiş və islahat aparılmış çoxtərəfli sistemin tərəfdarıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan sülh və təhlükəsizlik, inkişaf, iqlim dayanıqlığı və humanitar fəaliyyət sahələrində üzv dövlətlər üçün konkret nəticələr verə bilən daha səmərəli BMT-nin tərəfdarıdır: “İnklüziv çoxtərəflilik vasitəsilə böyük və ya kiçikliyindən asılı olmayaraq bütün dövlətlər, xüsusilə də inkişaf etməkdə olan ölkələr, qlobal qərarların qəbulunda bərabər əsaslarla iştirak imkanına malik olmalıdır.
Bu çərçivədə, daha geniş təmsilçilik, səmərəlilik və çevikliyi təmin etmək məqsədilə BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zəruridir.
Qlobal etimadın bərpası, ilk növbədə, beynəlxalq hüquqa, suveren bərabər hüquqluluğa və dinc yanaşı yaşama prinsiplərinə hörmət edilməsindən başlayır. Cənubi Qafqazda sülh və sabitlik naminə səylərimiz məhz bu prinsiplərə əsaslanır.
Ermənistanla onilliklər boyu davam edən münaqişənin xalqımıza ağır faciələr yaşatmasına və ərazimizdə dərin yaralar açmasına baxmayaraq, Azərbaycan gələcəyə baxmağı və düşmənçilik səhifəsini çevirməyi seçib.
Biz Ermənistana, tərəflərin bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıması və hörmət etməsinə əsaslanan, beynəlxalq hüququn norma və prinsipləri ilə tam uyğunluq təşkil edən sülh təklif etmişik.
Bizim normallaşma səylərimiz nəticəsində keçən ilin avqust ayında Vaşinqton Sülh Sammitində tarixi nəticələr əldə edildi, həmin sammitdə Azərbaycan və Ermənistan liderləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyində Birgə Bəyannamə imzaladılar. Bu Bəyannamə vasitəsilə hər iki tərəf münaqişənin sona çatdığını, dinc və firavan gələcək qurmaq istiqamətində birgə iradələrini təsdiq etdilər. Tərəflər həmçinin Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişi parafladılar.
Biz hazırda de-fakto sülhə nail olmuşuq. Bundan əlavə, Azərbaycan tranzit məhdudiyyətlərini birtərəfli qaydada ləğv edərək malların Ermənistana və Ermənistandan daşınmasını asanlaşdırır. Biz həmçinin ikitərəfli ticarət əlaqələri qurmuşuq. Beynəlxalq bazarlarda artan qeyri-sabitliyə və həmin məhsullara qlobal tələbatın çoxalmasına baxmayaraq, Azərbaycan müntəzəm şəkildə Ermənistanı strateji əhəmiyyətli neft məhsulları ilə təmin edir”.