Icma.az, Marja.az saytına istinadən bildirir.
Azərbaycan daha az xam neft ixrac edib, amma daha çox gəlir əldə edib
2025-ci ilin ilk 8 ayında 15,92 milyon ton xam neftin statistik ixrac dəyəri 8,4 milyard dollar idi. 2026-cı ildə ixrac həcmi 14,68 milyon tona düşüb, lakin dəyər 9,28 milyard dollara yüksəlib.
Marja.az Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illər üzrə aylıq ixrac və idxal statistikasının müqayisəsi əsasında müəyyən edib ki, həcm 7,8% azalıb, dəyər isə 10,6% artıb.
Marja.az-ın hesablamasına görə, bir ton xam neftə düşən orta statistik ixrac dəyəri təxminən 19,9% yüksəlib.
Bu göstərici 2026-cı ildə neft ixracında fiziki həcmdən çox qiymət effektinin önə çıxdığını göstərir.
Neft məhsulları ixracı iki dəfə artıb
Xam neftdən başqa neft və neft məhsullarının ixrac dəyəri 233,3 milyon dollardan 466,8 milyon dollara yüksəlib — 100,1% artım.
Neft koksunun ixrac dəyəri 38,3 milyon dollardan 72,3 milyon dollara — 88,5%, neft bitumunun ixracı isə 1,12 milyon dollardan 3,74 milyon dollara — 233% yüksəlib.
Təbii qaz ixracında həcm sabit qalıb, gəlir azalıb
2025-ci ilin ilk 8 ayında 16 milyard 452,7 milyon kubmetr qazın statistik dəyəri 5 milyard 996,9 milyon dollar idi. 2026-cı ildə həcm 16 milyard 377,6 milyon kubmetrə, dəyər isə 5 milyard 710,9 milyon dollara düşüb.
Fiziki həcm cəmi 0,5%, ixrac dəyəri isə 4,8% azalıb. Bu, qaz ixracındakı azalmanın əsasən orta statistik ixrac dəyərinin zəifləməsi ilə bağlı olduğunu göstərir.