Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Rusiyada verilişlərin birində qonaq olan "Sabah"ın sabiq baş məşqçisi Murad Musayev deyib ki, hal-hazırda çalışdırdığı "Krasnodar" klubunda hər qələbədən sonra futbolçulara pul mükafatı verilmir. Əlavə edib ki, onlarda əvvəldən müəyyənləşən çempionluq mükafatı olur və komanda tapşırığı yerinə yetirirsə, futbolçular həmin vəsaiti alırlar.
Avropanın aparıcı futbol ölkələrində də eynən belədir, hər qələbəyə görə mükafat verilmir. Lakin bəzi ölkələrdə, həmçinin Azərbaycan futbolunda da hələ də "qələbəyə görə pul mükafatı" sistemi qalmaqdadır. Sportal.az saytı təcrübəli futbol agenti Vaqif Heydərlinin bu məsələylə bağlı fikirlərini öyrənib:
"Hər qələbədən sonra futbolçulara pul mükafatı verilməsi ənənəsi Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Çin kimi ölkələrdə daha çox yayılıb. Amma bildiyim qədərilə Rusiyada da bu sistemlə çalışanlar var. Yəqin Murad Musayev danışanda konkret "Krasnodar"ı nəzərdə tutub.
Avropanın aparıcı futbol ölkələrində bu sistem bir az fərqli işləyir. Məsələn, bizdə qələbə görə "premya" var, amma fərdi bonuslar çox azdır. İngiltərə, İspaniya, Avropanın digər birinci və ikinci dərəcəli çempionatlarında qol, asist, performans və s. həvəsləndirici bonuslar kifayət qədər çoxdur. Bizdə isə fərdi bonuslar azlıq təşkil edir.
Azərbaycan futbolunda bunu birdən-birə dəyişmək, ləğv eləmək yaxşı effekt verməz. Bu, uzun illərdi futbolçuların şüur altına yerləşib. Klublar da bunu başa düşürlər, bilirlər ki, motivasiya düşə bilər, bu da birbaşa nəticələrə mənfi təsir eləyər. Bəlkə də, zamanla yeni sistemə keçmək mümkün ola bilər, amma birdən-birə yox.
Amma bizdə də bəzi klublar artıq bir qədər fərqli mükafat sistemi tətbiq eləməyə başlayıb. Məsələn, qələbəyə görə əsas heyətdə yer alan hər futbolçuya 2 min manat mükafat qoyulur. Qələbə qazanılanda həmin pulun yarısı matçdan sonra futbolçuya verilir, qalan yarısı isə balansında saxlanılır. Əgər komanda sonda mövsüm üçün qarşıya qoyulan tapşırığı yerinə yetirirsə, balansında yığılmış vəsait futbolçuya ödənilir, əks halda isə yox".
saytlarin hazirlanmasi