Azərbaycan Gənc Oftalmoloqlarının XVIII Konfransı və IV Forumu

28.10.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə professor Nazim Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Gənc Oftalmoloqlarının XVIII Konfransı və IV Forumu keçiriləcək. Oktyabrın 30-da keçiriləcək mərasim barədə məlumatı XQ-yə Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildiriblər.

Tədbirin əsas məqsədi gənc oftalmoloqların elmi və peşəkar inkişafını dəstəkləmək, onların nəzəri biliklərini və praktik bacarıqlarını artırmaq, eləcə də oftalmologiya sahəsində müasir elmi nailiyyətlərin, innovativ texnologiyaların və yeni müalicə yanaşmalarının müzakirəsi üçün elmi platforma yaratmaqdır.

Konfrans və Forum gənc mütəxəssislərin elmi təcrübə mübadiləsi aparması, klinik təcrübə ilə elmi tədqiqatlar arasında əlaqələrin gücləndirilməsi, həmçinin oftalmologiyanın aktual problemlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbir çərçivəsində müasir diaqnostika və müalicə üsulları, innovativ texnologiyalar və süni intellektin səhiyyədə tətbiqi ilə bağlı yanaşmaların diqqət mərkəzində olması nəzərdə tutulur.

Konfrans çərçivəsində oftalmologiyanın müxtəlif istiqamətlərini əhatə edən aktual elmi mövzular üzrə məruzələr təqdim olunacaq. Proqramda Buynuz qişanın perforasiyasında Tenon kapsulu yamağının (Tenon patch graft) tətbiqi; İncə buynuz qişalı keratokonus xəstələrində lazer müalicəsi; Vogt–Koyanagi–Harada xəstəliyi; Lakrimal punktal ektropion; Proliferativ diabetik retinopatiyada vaxtında aparılan lazer müalicəsinin əhəmiyyəti; Təcili travma növbəsi: Azərbaycanda hər bir gənc oftalmoloqun bilməli olduğu məqamlar; Tubulointerstisial nefrit və uveit (TİNU) sindromu mövzusunda məruzələr yer alır. Eyni zamanda elmi məruzələr vasitəsilə iştirakçıların müasir klinik yanaşmalar barədə məlumatlandırılması, mürəkkəb klinik halların müzakirəsi və gənc mütəxəssislərin elmi potensialının inkişaf etdirilməsi hədəflənir.

Professor Nazim Əfəndiyevin 100 illik yubileyinə həsr olunan tədbir oftalmologiya sahəsində elmi irsin yaşadılması, peşəkar ənənələrin davam etdirilməsi və gələcək nəsil mütəxəssislərin yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Gənc Oftalmoloqlarının XVIII Konfransı və IV Forumu ölkəmizdə oftalmologiya elminin inkişafına, gənc həkimlərin elmi fəaliyyətə təşviqinə və peşəkar əməkdaşlığın genişləndirilməsinə töhfə verməyi qarşıya məqsəd qoyur.

Z.HÜSEYNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью