“Azərbaycan gəncliyi dövlətin gələcəyini formalaşdıran əsas strateji qüvvədir” Asif Əsgərov

02.02.2026

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“2 fevral - Azərbaycan Gəncləri Gününü böyük qürur hissi ilə qeyd edirik. Bu tarix təsadüfi seçilməyib. Məhz həmin gün Azərbaycan gəncliyi ilk dəfə dövlət səviyyəsində siyasi subyekt kimi tanındı, gənclərin səsinə, mövqeyinə və potensialına inam nümayiş etdirildi. Bu yanaşma sonradan Azərbaycan gənclər siyasətini regionda nümunəvi bir modelə çevirdi”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Asif Əsgərov parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan gənclər siyasətinin təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik baxışı dayanırdı: “Ulu Öndər çox dəqiq bilirdi ki, güclü dövlət yalnız təbii sərvətlər və resurslar hesabına deyil, ilk növbədə insan kapitalı üzərində qurulur. Gənclərə qoyulan sərmayə dövlətin öz gələcəyinə etdiyi ən doğru sərmayədir”.

Asif Əsgərov qeyd edib ki, Heydər Əliyev gəncliyi ölkənin strateji inkişafında əsas qüvvə kimi qiymətləndirib, gənclər siyasətini şüarlarla deyil, real mexanizmlər və konkret nəticələrlə formalaşdırıb. Onun sözlərinə görə, 1996-cı ildə keçirilmiş Gənclərin Beynəlxalq Forumu gənclər siyasətinin institusional əsaslarının formalaşmasında mühüm mərhələ olub və gənclərin dövlət quruculuğunda fəal iştirakına geniş imkanlar açıb.

Deputat vurğulayıb ki, bu siyasi xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənib: “Azərbaycan gəncləri artıq yalnız dəstək verən tərəf deyil, qərarların qəbulunda iştirak edən, məsuliyyət daşıyan və təşəbbüslə çıxış edən fəal bir nəsildir. Dövlət idarəçiliyində, beynəlxalq münasibətlərdə, iqtisadiyyatda, elmdə və rəqəmsal texnologiyalar sahəsində gənclərin fəallığı artıq reallığa çevrilib”.

Asif Əsgərov bildirib ki, Azərbaycan gəncliyi bu fəallığı xüsusilə Vətən müharibəsi dövründə əməli fəaliyyəti ilə sübut edib: “Ən ağır sınaq anlarında gənclər xalqımızın genetik yaddaşında olan qəhrəmanlıq ruhunu yenidən canlandırdı. Məhz bu nəsil Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynadı və tariximizin ən şərəfli səhifələrindən birini yazdı”.

Deputat əlavə edib ki, Azərbaycan gəncliyi yalnız döyüş meydanında deyil, elm, idman və beynəlxalq platformalarda da ölkəmizi layiqincə təmsil edir: “Onlar qlobal rəqabətə açıqdırlar, eyni zamanda milli-mənəvi dəyərlərə sadiq qalırlar. Bu isə nadir və son dərəcə qiymətli keyfiyyətdir”.

Çıxışında gənclərin üzərinə düşən məsuliyyətdən də danışan Asif Əsgərov qeyd edib ki, Azərbaycan gəncliyi milli maraqları qorumağa qadir, müasir dünyanın çağırışlarını anlayan və dövlətinə sədaqətli bir nəsildir: “Onların biliyi, təşəbbüskarlığı və fəallığı ölkəmizin gələcək inkişafının əsas dayaqlarındandır”.

Deputat çıxışının sonunda gənclərə göstərilən davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə, gənclərin mənəvi və sosial inkişafına verdiyi töhfələrə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib və Azərbaycan gəncliyinin bu etimadı doğruldacağına əminliyini ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью