Azərbaycan gəncliyi: sabaha aparan güc ŞƏRH

02.02.2026

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2 Fevral tarixi Azərbaycan cəmiyyətində gəncliyin rolunu və əhəmiyyətini ifadə edən xüsusi bir gündür. Bu gün gənclərin yalnız yaş kateqoriyası deyil, eyni zamanda yenilik, dinamizm və inkişaf rəmzi kimi qəbul olunduğunu nümayiş etdirir. Gənclər Günü ölkənin gələcəyinə olan inamın, gənc nəslə göstərilən diqqət və qayğının təzahürüdür.

Azərbaycan gəncliyinin dövlət səviyyəsində təşkilatlanması və cəmiyyət həyatında fəal iştirakının təmin olunması Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz onun təşəbbüsü ilə 1997-ci ildə keçirilmiş Azərbaycan gənclərinin ilk forumu gənclərin problemlərinin açıq şəkildə müzakirə edildiyi, onların fikir və təkliflərinin dövlət siyasətində nəzərə alındığı mühüm bir mərhələ olmuşdur. Həmin forumdan sonra 2 fevral tarixinin Gənclər Günü kimi təsis edilməsi gənclərə olan etimadın və strateji baxışın bariz nümunəsinə çevrilmişdir.

Ulu öndər gəncləri Azərbaycanın gələcəyinin təminatçısı kimi dəyərləndirir, onların bilik və bacarıqlarının inkişafını dövlətin əsas prioritetlərindən biri hesab edirdi. Onun müəyyənləşdirdiyi gənclər siyasəti gənclərin milli ruhda, müasir düşüncəli və vətənpərvər formada formalaşmasına xidmət edirdi. Bu siyasət bu gün də öz aktuallığını qoruyur və müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərə göstərilən diqqət və qayğı daha sistemli və genişmiqyaslı xarakter almışdır. Gənclərin təhsil imkanlarının genişləndirilməsi, onların beynəlxalq proqramlarda iştirakına şərait yaradılması, innovasiya və startap təşəbbüslərinə dəstək, eləcə də gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması bu siyasətin əsas istiqamətlərindəndir. Dövlət gənclərin təşəbbüslərinə etibar edir və onların potensialının reallaşması üçün geniş imkanlar yaradır.

Müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə sadiqliyi ilə yanaşı, qlobal proseslərə inteqrasiya olunmuş, müasir dünyagörüşünə malik nəsil kimi formalaşmışdır. Onlar elm, mədəniyyət, idman, informasiya texnologiyaları və digər sahələrdə qazandıqları uğurlarla ölkənin beynəlxalq nüfuzunun artmasına töhfə verirlər. Eyni zamanda, gənclər çətin və məsuliyyətli məqamlarda vətənə sədaqətlərini əməli fəaliyyətlə sübut etmişlər.

Gənclər Günü gənclərin cəmiyyət qarşısında daşıdığı məsuliyyəti xatırladan bir gündür. Bu gün gənclərdən yalnız fəallıq deyil, eyni zamanda bilik, məsuliyyət, təşəbbüskarlıq və vətənə xidmət ruhu tələb olunur. Dövlətin göstərdiyi etimad gəncləri daha böyük nailiyyətlərə ruhlandırır.

2 Fevral – Gənclər Günü Azərbaycan gəncliyinin gücünü, iradəsini və gələcəyə olan inamını əks etdirir. Bu gün gənclərlə dövlət arasında mövcud olan möhkəm bağın, qarşılıqlı etimadın və ortaq məqsədlərin rəmzidir. Güclü gənclik isə güclü Azərbaycanın ən möhkəm təminatıdır.

Elvin Əliyev

YAP Babək rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью