Azərbaycan, Gürcüstan və Türkiyə gömrük əməkdaşlığı

29.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Göygöl rayonunda Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilib. Görüşdə üç ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın mövcud vəziyyəti, əldə olunan nəticələr və qarşıdakı dövr üçün prioritet istiqamətlər ətraflı müzakirə edilib.

İclasa qatılan nümayəndə heyətləri əvvəlcə Göygöl şəhərinin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad edilib.

Üçtərəfli Komitənin iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov, Türkiyə Respublikası ticarət nazirinin müavini Sezai Uçarmak və Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvili iştirak ediblər. Hər üç ölkənin nümayəndə heyətinin qatıldığı müzakirələrdə gömrük sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi və praktiki əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə diqqət yetirilib.

Görüş zamanı əvvəlki iclaslarda əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib, görülən işlərin nəticələri təhlil olunub. Tərəflər əməkdaşlığın növbəti mərhələsində həyata keçiriləcək tədbirləri və birgə fəaliyyətin daha səmərəli qurulması üçün zəruri addımları müəyyənləşdiriblər.

İclasın əsas müzakirə mövzularından biri Orta Dəhliz boyunca gömrük prosedurlarının optimallaşdırılması olub. Regionun nəqliyyat və logistika imkanlarının genişlənməsi fonunda tranzit əməliyyatlarının sürətləndirilməsi, sərhədkeçmə proseslərinin sadələşdirilməsi və gömrük xidmətləri arasında operativ əlaqələrin artırılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu istiqamətlərdə uzlaşdırılmış fəaliyyət yükdaşımaların daha çevik təşkilinə və beynəlxalq ticarət əlaqələrinin fasiləsizliyinə xidmət edir.

Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə tranzit əməliyyatlarının asanlaşdırılması da fikir mübaxdiləsinin mühüm istiqamətlərindən olub. Tərəflər elektron məlumat mübadiləsinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin səmərəliliyinin artırılması və dəmir yolu marşrutu boyunca gömrük xidmətləri arasında praktiki əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini nəzərdən keçiriblər.

Üçtərəfli əməkdaşlığın gündəliyində tranzit gömrük prosedurlarının uzlaşdırılması, ilkin elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi, risklərin idarə edilməsi mexanizmlərinin inkişaf etdirilməsi və gömrük nəzarətinin səmərəliliyinin artırılması məsələləri də yer alıb. Gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi barədə də müzakirələr aparılıb.

Qeyd olunub ki, bu sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi yüklərin hərəkətinin daha çevik təşkilinə, sərhədlərdən keçid müddətinin azaldılmasına və regional nəqliyyat-logistika potensialından səmərəli istifadəyə imkan yaradır. Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış gömrük əməkdaşlığı ticarət əlaqələrinin genişlənməsi, tranzit imkanlarının artırılması və regionun nəqliyyat dəhlizlərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

İclasın yekununda müzakirə olunan məsələlər və gələcək əməkdaşlığın əsas istiqamətləri üzrə görüşün protokolu imzalanıb. Bu sənəd üç ölkənin gömrük xidmətləri arasında əlaqələrin davam etdirilməsi və razılaşdırılmış tədbirlərin həyata keçirilməsi baxımından mühüm addım olub.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью