Azərbaycan Gürcüstanın dəmir yolu yükdaşımalarında əsas pay sahiblərindən biridir

19.08.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gürcüstanda dəmir yolu nəqliyyatı ilə yük daşınması 2026-cı ilin ikinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib.

Aprel-iyun aylarında Gürcüstan dəmir yolları ilə 3,9 milyon ton yük daşınıb. Bu göstərici illik müqayisədə 19,9 faiz artım deməkdir.

Ümumi yükdaşımaların əsas hissəsini tranzit daşımalar təşkil edib. Belə ki, daşınan yüklərin 59,8 faizi tranzitin, 33,5 faizi beynəlxalq, 6,7 faizi isə ölkədaxili daşımaların payına düşüb.

Azərbaycan da Gürcüstanın dəmir yolu yükdaşımalarında mühüm tərəfdaşlardan biri olaraq qalır. Hesabat dövründə Gürcüstana dəmir yolu ilə gətirilən idxal yüklərinin 22,7 faizi Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan Rusiyadan sonra ikinci sırada qərarlaşıb. Rusiyanın payı 38 faiz olub.

Gürcüstandan dəmir yolu vasitəsilə ixrac edilən yüklərin əsas istiqamətləri sırasında da Azərbaycan yer alıb. İxrac daşımalarında Ermənistanın payı 17,4 faiz, Rusiyanın 10,1 faiz, Qazaxıstanın isə 7,1 faiz təşkil edib.

Tranzit yükdaşımalarında əsas istiqamətlər Türkiyə, Niderland və Çin olub. Tranzit yüklərin 8,2 faizi Türkiyəyə, 8,1 faizi Niderlanda, 5,5 faizi Çinə, 2 faizi Rumıniyaya, 1,8 faizi İtaliyaya, 1,2 faizi isə Ukraynaya göndərilib.

Yük kateqoriyaları arasında ən böyük pay koks və emal olunmuş neft məhsullarına məxsus olub. Bu məhsullar ümumi daşımaların 32,7 faizini təşkil edib. Kimyəvi maddələr və kimyəvi məhsulların payı 22,2 faiz, qida məhsulları, içkilər və tütün məmulatlarının payı isə 13,7 faiz olub.

Tranzit daşımalarının strukturunda da koks və neft məhsulları, kimyəvi məhsullar və qida məhsulları üstünlük təşkil edib. Sözügedən üç yük qrupunun birlikdə payı tranzit daşımalarının 83,6 faizinə bərabər olub.

Hesabat dövründə Gürcüstan dəmir yolları ilə 425,8 min sərnişin daşınıb. Sərnişin sayında illik müqayisədə 0,5 faizlik azalma qeydə alınsa da, beynəlxalq sərnişin daşımalarında əhəmiyyətli artım müşahidə olunub.

Belə ki, ikinci rübdə beynəlxalq dəmir yolu reyslərindən 17,4 min sərnişin istifadə edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən təxminən 3,5 dəfə çoxdur.

Beynəlxalq sərnişin axınında Azərbaycan əsas istiqamətlərdən biri olub. Gürcüstana gələn beynəlxalq sərnişinlərin 33,4 faizi Azərbaycandan gəlib, Gürcüstandan xaricə yola düşən sərnişinlərin 33,7 faizi isə Azərbaycan istiqamətini seçib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью