Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan builki Davos Forumunda geniş tərkibdə iştirak etdi. Prezident İlham Əliyevin Davosda həm müxtəlif şirkətlərin rəhbərləri, həm də müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər Azərbaycanın həm beynəlxalq diplomatiyadakı gücünü, həm də iqtisadi sahədəki canlanmanı nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan işğaldan azad edilmiş bölgələrdə geniş quruculuq və abadlıq işləri həyata keçirir. Eyni zamanda, bu bölgələrə böyük investisiyaların cəlb edilməsi vacibdir. Bu amil, dünyadakı iş adamları üçün bölgəni potensial investisiya mərkəzi kimi cəlbedici edir. Belə beynəlxalq platformalarda iştirak etmək isə bu investisiya potensialını təbliğ etmək baxımından böyük əhəmiyyət daşıyır.
“Bildiyimiz ki, Davos İqtisadi Forumunda, yalnız dövlət və hökumət başçıları deyil, eyni zamanda, dünyanın aparıcı şirkətlərinin rəhbərləri, iqtisadi əlaqələr qurmaq istəyən iş adamları da iştirak edirlər. Bu baxımdan, keçirilən görüşlər Azərbaycanın iqtisadi potensialının artırılması və işğaldan azad edilmiş bölgələrə yeni investisiyaların cəlb olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, bu cür platformalarda ölkəmiz layiqincə təmsil olunur. Beləliklə, biz gələcəkdə beynəlxalq şirkətlərin Azərbaycana, xüsusilə də işğaldan azad edilmiş bölgələrə böyük investisiya qoymasını görəcəyik. Buraya müxtəlif ölkələrin xüsusilə informasiya, kommunikasiya və texnologiya sahələrində fəaliyyət göstərən şirkətləri daxildir”, - deyə politoloq əlavə edib.
Z.Əmrəliyev qeyd edib ki, Forumun digər önəmli məqamı olan Azərbaycanın Sülh Şurasında təmsil edilməsi isə ölkəmizin beynəlxalq sülhyaratma missiyasındakı rolunun göstəricisidir. Ölkəmiz bundan əvvəl də müxtəlif regionlarda, məsələn, İraq, Əfqanıstan və Kosovada sülh təşəbbüslərində iştirak edib. ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurasında Azərbaycanın fəal üzv kimi iştirakı isə gələcək baxımından çox böyük əhəmiyyət daşıyır. Bu şura uzun illər mövcud olmuş münaqişələrin, xüsusilə gərgin bölgələrdəki vəziyyətin tənzimlənməsini öz üzərinə götürüb. Azərbaycanın burada təmsil olunması ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq.
“Biz də uzun illər özümüzə qarşı ədalətsizliyə - beynəlxalq təşkilatların fəaliyyətsizliyinə şahid olmuşuq. Təxminən 30 il ərzində beynəlxalq qurumlar kifayət qədər təsirli fəaliyyət göstərə bilmədi və BMT-nin bir sıra qərarları icra olunmamış qaldı. Azərbaycan isə öz gücü hesabına bölgədə sülh yaratdı və dünyadakı digər qlobal proseslərdə də fəal iştirak edir. Qeyd etmək lazımdır ki, Qəzza bölgəsi geniş potensiala malikdir. Gələcəkdə burada sülhyaratma missiyasının və Sülh Şurasının fəaliyyəti, eləcə də investisiyaların cəlb olunması ilə yeni şəhərlərin qurulması prosesi başlayacaq. Azərbaycan isə bu proseslərdə fəal və məsuliyyətli mövqeyi ilə xüsusi rol oynayacaq. Bu yanaşma ölkəmizin həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş və qurucu aktor kimi çıxış etdiyini göstərir”, - deyə politoloq vurğulayıb.