Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kələ-kötürlüyü də bir yana qalsın, bu ifadə kal armud olub, keçib boğazımıza. Görürsən, ölkənin içində iki cümləni dalbadal qoşub deyə, yaza bilməyənin biri hansısa xarici paytaxtda göydələnin fonunda ağacdələn pozunda foto çəkdirib, altına da bir sicilləmə yazıb: sən demə, gedibmiş, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa. Diqqətlə də baxırsan, görürsən, o dünya ictimaiyyəti heç bunu vecinə də almayıb; yan-yörəsindən o tərəfə, bu tərəfə keçib, heç dönüb baxmayıb, görsün, bu "ağacdələn" kimdir, hardan uçub gəlib, onun şəhərində nə axtarır. Ya da "ağacdələn" bir zal kirayələyib, "tədbir" keçirib, orda da Azərbaycan həqiqətlərini Azərbaycan ictimaiyyətinə, daha doğrusu, bir neçə Azərbaycanlıya çatdırıb. Həm də o Azərbaycanlılara ki, həmin "həqiqətlər"i "ağacdələn"in özündən yaxşı bilir.
Nə ehtiyac var, bu qədər vaxt, pul, enerji sərfiyyatına?! Gedib, başqa ictimaiyyətin ölkəsində öz camaatının bir neçə fərdinə bildikləri şeyləri danışmağa nə gərək var?! Bunu anlamıram.
Yaxud birisi Türkiyədə, hansısa at çiftliyinin mətbuat xidmətinin rəhbəri ilə görüşüb, ya da hansısa köyün muxtarı ilə selfi çəkdirib, hansısa qəsəbə qəzetinin axırıncı səhifəsində məqalə dərc elətdirib, qayıdıb burda baş-beyinimizi xarab edir: "Baxın, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb, gəlmişəm".
Beləsinə baxanda, Azərbaycanın bircə dənə həqiqətini görürsən: bu cür debil vətəndaşı da var. Bu isə elə bir həqiqətdir ki, onu dünya ictimaiyyətinə çatdırmaq lazım deyil. Biabır olarıq.
Seyid Əhmədli, Bizimyol.info