Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda çıxış edən dövlətimizin başçısı müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupunun qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycana yeddinci dəfəziyarət etdiklərini qeyd edib.
Eyni zamanda, bütün bu səfərlərin Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət etdiyini vurğulayıb.
“Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir”-deyən ölkə başçısı onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verildiyini bildirib.
Prezident İlham Əliyev sualları cavablandırarkən Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurulduğunu, Avropa ölkələrinin bir çoxu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandığını və ya qəbul edildiyini bildirib.
Bir sözlə, ölkəmiz Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamaqdadır.
“2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi”-deyən ölkə başçısı məhz buna görə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirdiyini qeyd edib.
Dövlət başçısı əlavə edib ki,İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi.