Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarına yekun vuruldu. Noyabrın 4-də start götürən Oyunlarda Azərbaycan da 20 növdə 174 idmançı ilə təmsil olunurdu? Bəs nəticəmiz necə oldu? Bax, burda, necə deyərlər, Qəribi ağlamaq tutur!
Əvvəlcə Oyunları ilk üç yerdə başa vuran ölkələrin medal sayına baxaq. Medal sıralamasında 1-ci yerdə Türkiyə (72 qızıl, 44 gümüş, 39 bürünc), 2-ci yerdə Özbəkistan (29 qızıl, 35 gümüş, 32 bürünc), 3-cü yerdə isə İran (29 qızıl, 19 gümüş, 33 bürünc) qərarlaşıb. Yarışlarda ümumilikdə 57 ölkə iştirak edib, 43 ölkənin nümayəndələri medal qazana bilib. Azərbaycan Oyunları 59 medalla 10-cu yerdə başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürüncdü.
Sırf statistika baxımından yanaşsaq, Azərbaycan İslamiadalarda çıxış tarixində ən pis nəticəsini göstərdi. Buna qədər ən pis nəticə idmançılarımızın debüt etdiyi İslamiada-2005-də qeydə alınmışdı, onda komanda hesabında 8-ci yeri tutmuşduq. İndi isə cəmi 9 qızıl medalla komanda hesabında 10-cu yer... Medalların əksərini Azərbaycan bayrağı altında çıxış edən legionerlərin qazandığını nəzərə alsaq, ümumiyyətlə, deməyə söz qalmır. Azərbaycan idmanının imicini müəyyən mənada cüdo və güləş xilas etdi. Əlbəttə, komanda hesabında 10-cu yeri xilas saymaq mümkünsə.
Son nəticələr idmanımıza rəhbərlik edənlər üçün həyəcan siqnalı rolunu oynamalıdı. Nələrsə dəyişməsə, bizi 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasında daha böyük fiasko gözləyir. Bunu anlamaq üçün mütəxəssis olmağa ehtiyac yoxdu, sadəcə, hadisələrin axarını izləmək kifayətdi. MDB Oyunları kimi lokal xarakterli turnirlərdə qazanılan uğurlar Azərbaycanın idman rəhbərliyinin gözünü bağlamamalıdı.
Deməsi bizdən, nəticə çıxarmaq onlardan...