Azərbaycan iqtisadiyyatı: idxal artır, ixrac zəifləyir “Neftdən asılılıq azaldılmalıdır”

31.01.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatları 49,4 milyard dollar təşkil edib. İdxal 24,4 milyard, ixrac isə 25 milyard dollar olub və müsbət saldo 663 milyon dollarla azalıb. Əsas səbəblər idxalın artması və neft-qaz ixracından gəlirlərin azalmasıdır. Bu vəziyyət ölkənin iqtisadi balansına və gələcək ticarət siyasətinə necə təsir edə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, bu dinamika qısa müddətdə makroiqtisadi sabitlik üçün ciddi risk yaratmasa da, uzunmüddətli perspektivdə valyuta axınlarının balansına və milli valyutanın dayanıqlığına müəyyən təzyiq formalaşdıra bilər: “Eyni zamanda enerji gəlirlərinin azalması dövlət büdcəsinin gəlir strukturuna da təsirsiz ötüşmür. Mövcud vəziyyət göstərir ki, ölkə iqtisadiyyatı üçün əsas prioritet istiqamət ixracın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi olmalıdır. Kənd təsərrüfatı, emal sənayesi, logistika, informasiya texnologiyaları və xidmət ixracı kimi sahələrin inkişafı ticarət balansının dayanıqlığını artıran əsas faktor kimi çıxış edə bilər. Bu da ürək açan vəziyyətdə deyil. Qeyri-neft sektorunda yekun məhsullar baha başa gəlir. Xərclər yüksəkdir. Sahibkar əlavə dəyər yaratmaqda çətinliklər çəkir”.

Ekspertin sözlərinə görə, idxalı əvəzləyən yerli istehsalın genişləndirilməsi, sənaye zonalarının inkişafı və yeni ixrac bazarlarına çıxış imkanlarının artırılması gələcək ticarət siyasətinin əsas xəttini təşkil edə bilər: “Azərbaycanın tranzit və logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi də xidmət ixracı vasitəsilə xarici ticarət balansına müsbət təsir göstərə biləcək mühüm amil hesab olunur.

Ümumilikdə, müsbət saldo qorunsa da, onun azalması iqtisadi siyasətdə struktur islahatlarının sürətləndirilməsini və enerji sektorundan asılılığın mərhələli şəkildə azaldılmasını zəruri və qaçılmaz edən bir siqnal kimi qiymətləndirilə bilər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью