Azərbaycan İsrail: Dostluqla qurulan tərəfdaşlıq

28.01.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 yanvar, AZƏRTAC

BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, Qarabağ müharibəsi veteranı, "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvü Qivaməddin Rəhimov Azərbaycan - İsrail münasibətlərindən bəhs edən məqalə hazırlayıb.

AZƏRTAC məqaləni təqdim edir.

BMT Baş Assambleyasının qərarına əsasən yanvarın 27-si Holokost qurbanlarının beynəlxalq anım günü kimi qeyd edilir.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2025-ci il yanvarın 27-də yəhudilərin kütləvi şəkildə qətlə yetirildiyi Osvensim ölüm düşərgəsində saxlanılanların azad edilməsinin 80-ci ildönümünü - Holokost qurbanlarının anım gününü xüsusi olaraq qeyd edib. Bu heç də təsadüfü deyil. Orta əsrlərdə yəhudilər Avropanın müxtəlif ərazilərində geniş şəkildə məskunlaşmışdı. Lakin antisemitizm yəhudi tarixinin ayrılmaz və faciəvi tərkib hissəsi kimi Avropa miqyasında kütləvi qaçqınlıq proseslərini şərtləndirib. Minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya, Polşa və digər Avropa ölkələrində antisemitizmin amansız qurbanına çevrilib, kütləvi qırğınlardan qaçaraq Osmanlı İmperiyasına sığınmışdı. Bununla belə, antisemitizm müasir dövrə qədər davam edib, XIX və XX əsrin əvvəllərində Avropanın əksər ölkələrinin ictimai həyatında bu və ya digər formada mövcud olub.

1871-ci ildə Almaniyanın birləşməsi və 1922-ci ildə çoxmillətli Osmanlı İmperiyasının süqutu və yeni yaranan müstəqil dövlətlərdə yəhudilərin həyatını çətinləşdirən etnik və sosial gərginliklər, onları antisemit siyasətlərin hədəfinə çevirmişdilər. Bu proses II Dünya müharibəsi dövründə nasistlərin ölüm düşərgələrində törədilən dəhşətli soyqırımı ilə kulminasiya nöqtəsinə çatdı. Azərbaycan dünyada yəhudilərin təqib qorxusu olmadan yaşaya bildiyi nadir məkanlardan biri kimi tanınır. Dünyanın digər ölkələrindəki, hətta bu gün İsraildə yaşayan yəhudilərdən fərqli olaraq, Azərbaycandakı yəhudi həmvətəndaşlarımız tarix boyu heç vaxt düşmənçilik və ya təqiblə üzləşməyiblər.

Belə dinc birgəyaşayışdan bəhrələnmiş yəhudi icmasının nümayəndələri, Azərbaycanın ilk müstəqil dövləti – Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ölkənin siyasi həyatında fəal iştirak ediblər. Gənc Azərbaycan hökumətində yəhudi mənşəli siyasətçilərin - ərzaq naziri vəzifəsini icra etmiş Konstantin Lisqar, səhiyyə naziri olmuş Yevsey Gindes, eləcə də parlament üzvləri sırasında Moisey Guxman təmsilçiliyi xüsusi diqqət çəkir.

Bu gün hər iki xalq arasında mövcud olan möhkəm əlaqələri formalaşdıran amillər yalnız gələcəyə yönəlmiş əməkdaşlıq perspektivləri ilə məhdudlaşmır; bu münasibətlərin əsasını, eyni zamanda, ortaq tarixi yaddaş və keçmişin faciəvi xatirələri təşkil edir. İsrailin keçmiş Prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost qurbanlarının anım günü münasibətilə etdiyi çıxışında Xocalı faciəsini müasir dövrün soyqırımı aktlarından biri kimi dəyərləndirib.

İsrail dövlət xadimi Aviqdor Liberman Xaim Veysman meşəsində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş bağın açılışı mərasimində.

İsraildə Xocalı qətliamı qurbanlarının xatirəsinə Xaim Veysman meşəsində memorial bağ salınıb. Xocalı faciəsi zamanı erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş günahsız insanların xatirəsini əbədiləşdirmək məqsədilə bu bağda 613 ağac əkilib.

İsrail cəmiyyətinin Xocalı qurbanlarını ehtiramla anması tam anlaşılandır, çünki günahsız insanların ksenofobiya və nifrət zəminində məhv edilməsinin doğurduğu ağrını bu xalqdan daha dərindən anlayan az sayda toplum var.

İsraildə baş verən növbəti zorakılıq dalğası qlobal siyasi qütbləşmənin dərinləşməsinə, Yaxın Şərqdə bəzi ölkələrin apardığı ziddiyyətli diplomatik oyunlar Qəzzada zorakı hadisələrin alovlanmasına, dünyanın müxtəlif yerlərində, əsasən İsrailin diplomatik nümayəndəlikləri, yəhudi icmalarının qarşısında etirazların artmasına və antisemitizmin kəskinləşməsinə səbəb olub.

Bu gün Qəzzada hərbi əməliyyatlara son qoymaq, sülh danışıqlarına başlamaq və Qəzzanın bərpasını təmin etmək məqsədilə atəşkəs razılaşması əldə olunub. Azərbaycan Qəzzada atəşkəs razılaşmasını alqışlayır və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bu münaqişənin həllinin iki dövlət modelini dəstəkləyir. Bu yanaşma bütün tərəflər üçün qarşılıqlı faydalı nəticə təmin edərək antisemitizmin qarşısının alınmasına xidmət edir.

Yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Qəzzanın müharibədən sonrakı bərpası və idarə olunmasını hədəfləyən tarixi “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) imzalanıb.

Qəzzada keçid dövrünün idarə edilməsi və investisiyaların cəlb olunması üçün əsas beynəlxalq platforma rolunu oynayan “Sülh Şurasının Nizamnaməsi” sənədini Prezident İlham Əliyev, digər dövlət və hökumət başçıları da imzaladılar.

Bu gün Azərbaycanın İsraillə açıq münasibətləri müsəlman dünyasındakı ölkələr üçün siyasi körpü kimi qiymətləndirilir. Son dövrlərdə Bəhreyn, Sudan, BƏƏ, Mərakeş kimi Ərəb Liqası dövlətlərinin - eləcə də Kosovo kimi müsəlman ölkəsinin İsraillə münasibətləri normallaşdırması bu ölkəyə qarşı mövcud olan düşmənçiliklərin kənara qoyulmasına töhfə verib.

Otuz ildən artıq davam edən ikitərəfli münasibətlər çərçivəsində İsrail hökumətinin yüksəkvəzifəli rəsmiləri Azərbaycana bir çox səfərlər ediblər. Onların arasında İsrailin tanınmış dövlət xadimi Aviqdor Liberman Azərbaycana beş dəfə səfər edib. İkitərəfli münasibətləri yüksək qiymətləndirən Aviqdor Liberman Bakıya etdiyi səfərlərin birində deyib: “Azərbaycan İsrail üçün Fransadan daha da önəmlidir”.

Azərbaycana səfərlərinin birində mən Aviqdor Libermanı bp-nin əməliyyatçısı olduğu Səngəçal neft terminalında qarşılamaq şərəfinə nail oldum. Aviqdor Liberman o zaman Baş nazirin müavini və xarici işlər naziri idi. Terminalla tanışlıq çox uğurlu keçdi və ali qonağa Avropanın enerji təchizatında, o cümlədən İsrailin xam neftə olan tələbatının ödənilməsində mühüm rol oynayan bu müəssisənin mürəkkəb qurğuları və boru kəməri əməliyyatlarını necə idarə etdiyimiz barədə əsl təəssürat yaratdı.

Azərbaycan və İsrail liderləri arasında son görüşlərdən biri bu ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub. Prezident İlham Əliyev və Prezident İsxak Hersoq Azərbaycan - İsrail ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini xüsusi qeyd etdilər.

Prezident Hersoq iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayan Azərbaycana rəsmi səfərini məmnunluqla xatırladı.

Prezident İsxak Hersoq Bakıya rəsmi səfəri zamanı ona hədiyyə etdiyim “İrəvan xanlığının mətbəxi” kitabı mənim üçün Azərbaycanın zəngin mədəni irsinin və qədim tarixini beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən gözəl bir fürsət oldu.

Bu kitab, istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan olduqca aktual bir mövzuya - İrəvan azərbaycanlılarının, tarixən İrəvan xanlığı ərazilərin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinin tədqiqinə həsr olunub. Azərbaycan Milli Kulinariya Assosiasiyasının çoxillik tədqiqatları nəticəsində ərsəyə gələn bu nəşr tarixi mənbələrə və etnoqrafik sorğulara əsaslanan zəngin tarixi keçmişə malik İrəvan bölgəsinin maddi, mənəvi və mədəni irsinə dair dəyərli ensiklopedik mənbədir.

Bu nəşr Prezident İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” bəyanatında ifadə olunan prinsiplərə söykənir və ata-baba yurdlarından zorla çıxarılmış azərbaycanlıların hüquqlarının qorunmasının vacibliyini ön plana çəkir. BMT-nin rəsmi sənədi kimi yayımlanan bu bəyanat, məsələnin beynəlxalq hüquq və dinc yollarla həllinin əhəmiyyətini bir daha vurğulayıb.

Prezident İlham Əliyevin İsrail rəsmiləri ilə növbəti görüşü yanvarın 26-da baş tutub.

İsrailin xarici işlər naziri Gideon Saarı Bakıya səfərində böyük biznes və işgüzar dairələrin nümayəndələri müşayiət edirdi. Görüşdə Gideon Saar, səfər çərçivəsində keçiriləcək Azərbaycan-İsrail biznes-forumunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

İsrailin xarici işlər naziri Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью