Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan İsveçrəyə 2,3 milyard dollar həcmində sərmayə yatırıb. İsveçrənin isə Azərbaycana yönətdiyi sərmayə cəmi 1,6 milyard dollardır. Arada 700 milyon dollar fərq var.
Bu rəqəmlər İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Azərbaycana səfəri və aparılan görüşlər zamanı açıqlanıb. Azərbaycanın bu ölkəyə daha çox sərmayə qoyması sosial mediada müzakirələrə səbəb olub.
Buna görə bəzi səhifələrdə, yutub kanallarında Azərbaycan hökuməti tənqid olunub.
Suallar da belədir: 1. niyə Azərbaycan xaricdə sərmayələr qoyur? Bunu daxildə yatıra bilməzmi? 2. Niyə biz konkret olaraq İsveçrəyə 2,3 milyard dollar sərmayə qoyduğumuz halda, həmin ölkə Azərbaycana daha az - 1,6 milyard dollar sərmayə yatırıb?
Əlbəttə, bu, populist əkstəbliğat üçün, ictimai rəyi manipulyasiya etmək üçün rahat arqumentlərdir. Ancaq ilk baxışdan belədir. Dərindən təhlil edəndə tamam başqa mənzərə alınır.
Əvvəla, xarici ölkələrə sərmayə qoyuluşu hər bir iqtisadiyyatın ən vacib alətidir. İsveçrə Azərbaycanın sərmayə yatırdığı tək ölkə də deyil; Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər də, başqa ölkələr də var. Azərbaycan son illər təkcə neft-qaz ixracının deyil, xaricdə sərmayə qoyuluşlarının da coğrafiyasını xeyli genişləndirib. Bu günlərdə Prezident İlham Əliyev Qırğızıstanda Baku Resprt & SPA otelinin açılışını etdi, bəziləri sosial mediada yazdı ki, Azərbaycan Qırğızıstanda niyə otel açır? Ondan əvvəl Özbəkistanda otel tikintisinə də o cür yanaşma olmuşdu. Başa düşmək çətin deyil: Azərbaycan şirkətləri xarici ölkələrə gələn turistlərə xidmətdən qazanc götürəcək. Məgər bu, pisdir?! Eynilə İsveçrəyə sərmayə qoyuluşu da bu qəbildəndir. İsveçrə bazarı bahalı bazardır. Azərbaycanda 1 dollar əlavə 1 dollar gətirə bilərsə, orada - İsveçrədə 1 dollar daha çox qazanc gətirər.
Bir də ki Azərbaycanın İsveçrəyə yönəltdiyi 2,3 milyard dollar ianə deyil, hədiyyə deyil, geri qayıdan vəsaitdir. Həm də üstündə qazancı ilə birlikdə qayıdacaq.
Xaricə investisiya qoymaq pis bir şey olsaydı, bunu başqa dövlətlər də etməzdi. Məsələn, ABŞ 2024-cü ildə xarici ölkələrə 450-500 milyard dollar, Yaponiya 180-200 milyard dollar, Çin 160-180 milyard dollar, Almaniya 140-170 milyard dollar, Kanada və Böyük Britaniya hər biri 120 milyarda yaxın, Fransa 70-110 milyard dollar və sair sərmayə yatırıb.
İkinci məsələ, xaricdə qoyulan sərmayələr yenə də Azərbaycan dövlətinin və Azərbaycan şirkətlərinin vəsaitidir. Əgər İsveçrəyə 2,3 milyard dollar investisiya edilibsə, bu, həmin ölkənin deyil, yenə də Azərbaycana məxsus şirkətlərin aktivləridir. Əksər hissəsi SOCAR Trading şirkətinə məxsusdur. Bu şirkət 2007-ci ildə İsveçrədə qeydiyyatdan keçib. Azərbaycana məxsusdur. Neft-qaz ticarəti ilə məşğuldur. İsveçrə isə neft-qaz üzrə beynəlxalq ticarət mərkəzlərindən biridir. Azərbaycanın məhz bu ölkədə belə bir şirkət təsis etməsi təsadüfi deyil.
Üçüncü sual da var: Deyirlər, Azərbaycan sərmayəni xarici ölkələrə yatırır, öz daxilində yatırmır. Bu da doğru deyil: təkcə 2025-ci ildə Azərbaycan öz iqtisadiyyatına 18,2 milyard manat, təxminən 10,7 milyard dollar sərmayə qoyuluşunu təmin edib. Qarşıdakı bir neçə ildə - 2026-2030-cu illərdə elə təkcə kənd təsərrüfatına 5,9 milyard manat, yəni 3 milyard dollardan bir qədər çox sərmayə qoymağı planlaşdırır. Başqa sahələrə də eyni qaydada.
Ona görə də Azərbaycanın İsveçrəyə yatırdığı 2,3 milyard dolları itirilmiş vəsait kimi deyil, qazanc gətirəcən kapital qoyuluşu kimi anlamaq lazımdır.
Bu sərmayələr hansı sahələrə yönəlir, nə qədər qazanc gətirir və sair bunlar daha geniş, detallı söhbətin mövzusudur. Bir çox hallarda şirkətlərin legitim biznes sirridir. Elə rəqəmlər var, kommersiya sirridir -açıqlanmır, elə göstəricilər də var açıqlanır. Bu da normaldır.
Bahəddin Həzi, Bizimyol.info