Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Kiyev, 6 noyabr, AZƏRTAC
Milli Məclisinin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə heyəti sədrinin müavini Gülşən Paşayeva Minsk şəhərində IV Avrasiya Təhlükəsizliyi Konfransında iştirak edib.
Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, "Gələcəyin təsiri: müasir texnologiyalar Avrasiyanın təhlükəsizliyini necə formalaşdırır" adlı işçi sessiyasında G.Paşayeva “İnformasiya davamlılığı: xarici təsir və hibrid təhdidlərə qarşı mübarizədə Azərbaycan təcrübəsi" mövzusunda geniş məruzə ilə çıxış edib.
Çıxışda postmodernizm dövründə, süni intellekt texnologiyalarının reallıqdan fərqlənməyən məzmunlar yaratmağa imkan verdiyi bir şəraitdə informasiya davamlılığının milli təhlükəsizliyin təmin edilməsində ən mühüm amillərdən birinə çevrildiyi vurğulanıb. G.Paşayeva Azərbaycan üçün informasiya davamlılığı məsələlərinin ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası zərurəti ilə bağlı tarixi təcrübəyə söykənən və xüsusi əhəmiyyət kəsb edən sahə olduğunu qeyd edərək, bu məsələnin cəmiyyətin həmrəyliyinin təmin edilməsindəki rolu barədə fikirlərini bölüşüb.
Milli informasiya məkanına xarici təsirlər şəraitində uzunmüddətli davamlılığının təmin olunması və cəmiyyətin öz mənafelərini müstəqil şəkildə müəyyənləşdirmək bacarığının qorunub saxlanılması yollarının araşdırılmasının vacibliyini qeyd edən məruzəçi, fiziki sərhədlər tanımayan risklər barədə Azərbaycan Prezidentinin çıxışlarından sitatlar gətirib. Dövlət başçısının "bütün potensial risklərin xaricdən qaynaqlandığı" fikrini qeyd edən deputat, milli kimliyin, dövlətçiliyin və müstəqilliyin qətiyyətlə müdafiə edilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, son illərdə Azərbaycan, xüsusilə irimiqyaslı beynəlxalq tədbirlər ərəfəsində, daha genişmiqyaslı informasiya hücumları ilə üzləşir.
Cəmiyyətin bu növ təsirlərə müqavimət göstərmək qabiliyyətini artırmağın və güclü bir "informasiya immuniteti" formalaşdırmağın vacib bir hədəf olduğu vurğulanıb.
Səfər çərçivəsində Gülşən Paşayeva bir sıra görüşlər keçirib, həmçinin Minsk şəhərində yerləşən və Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adını daşıyan 170 saylı orta məktəbi ziyarət edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev