Azərbaycan karpfişinq çempionatı

09.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən eyniadlı göldə karpfişinq (balıqtutma) üzrə Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası və “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə keçirilən çempionatda komandalar müəyyən olunmuş qaydalara uyğun olaraq mübarizə aparıblar.

Üç gün davam edən yarışın yekun nəticələrinə əsasən, “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunun “Karp Pro” komandası 1-ci, “Delfinq Fişinq Klubu”nun “Qarabağ” komandası 2-ci, Azərbaycan Karpfişinq Klubunun “AzKarp” komandası isə 3-cü yeri tutublar.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar. Həmçinin çempionatın ən böyük balığını tutan “Karp Pro” komandasına kubok təqdim edilib.

Qeyd edək ki, karpfişinq sazan balığının xüsusi üsullarla tutulmasına əsaslanan idman növüdür. Bu idman növündə balığın tutulması ilə yanaşı, iştirakçıların texniki hazırlığı, taktiki yanaşması və səbir nümayiş etdirməsi də mühüm rol oynayır. Tutulmuş balıqlar hakimlər tərəfindən qiymətləndirildikdən sonra zədə yetirilmədən yenidən suya buraxılıb.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью