Azərbaycan kəndinin bar bərəkət mövsümü

04.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Torpaq halal zəhmətin əvəzini birə-beş qaytarır

Azərbaycan torpağı barlı-bərəkətlidir. Torpaq heç vaxt ona qəlbən bağlı olanlara, nazını çəkənlərə öz səxavətini əsirgəməyib. Halal əməyi həyatlarının bəzəyinə çevirən əkin-biçin adamları isə ölkəmizin bütün guşələrində yaşayıb yaradırlar. Onlar taxıl əkib-becərir, meyvə bağlarına qulluq edir, həvəslə çay plantasiyalarında çalışır, “ağ qızıl” toplayırlar.

Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və istehlakı davamlı olaraq artır. Dövlətimiz fermerlərə becərdikləri tarlaların məhsuldarlığını yüksəltmək üçün hər cür kömək göstərir. Aqrar sektorun istifadəsinə yüksək məhsuldar maşın və aqreqatlar verilir. Bu isə o deməkdir ki, eyni sahədən daha yüksək məhsul götürmək mümkün olur.

Son illər ölkəmizdə taxıl istehsalında yaxşı nəticələr əldə olunur. Hökumət taxılçıların əməyini təşviq etmək üçün lazımi addımlar atır. Bu sahədə güzəştli subsidiyalar tətbiq olunur, fermerlərdən buğda və arpanın satınalma qiymətləri artırılır. Nəticədə, bu il ölkəmizdə rekord həcmdə – 3 milyon tondan çox taxıl istehsal olunub.

Payız ayları bölgələrimizdə festivalların, məhsul bayramlarının keçirildiyi mövsümdür. Ana torpağı əkib-becərənlərin, onun “dilini tapıb” yüksək məhsul toplayanların, əlbəttə, sevinməyə, bayram keçirməyə tam mənəvi haqqı var. Bir çox bölgələrdə məhsul bayramları yarmarkalarla paralel keçirilir. Bu, həm istehsalçılar, həm də alıcılar üçün sərfəlidir. Axı məhsulu uzaq şəhərlərə daşımaq əlavə xərc tələb edir.

Azərbaycan kəndində istehsal prosesləri texniki baxımdan modernləşir. Lakin bütün yeniliklərin mərkəzində yenə də insan dayanır. Quba rayonunun Birinci Nügədi kəndində yaşayan təcrübəli fermer Bahadur Səlimov vurğuladı ki, torpağı becərən, toxumu səpən, məhsulu yetişdirən, aqrar sahənin inkişafına bilik və təcrübəsi ilə töhfə verən insanların əməyi olmadan heç bir texnologiya arzulanan nəticəni verə bilməz. Kəndlinin rifahı yaxşılaşdıqca, gənclərin də aqrar sahəyə marağı artır.

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rauf Minhacov isə əmindir ki, kəndin inkişafı həm də ölkənin inkişafıdır. Kənddə qurulan hər yeni təsərrüfat, salınan hər bağ, becərilən hər hektar torpaq yeni iş yerləri, imkanlar və gələcəyə yeni ümidlər deməkdir. Aqrar sahənin inkişafı kənd yerlərində həyatın canlanmasına, milli istehsalın güclənməsinə, ənənəvi təsərrüfatçılıq mədəniyyətinin qorunmasına xidmət edir.

Qarşıda mühüm vəzifələr durur. Bu il mayın 25-də Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə ölkəmizdə aqrar məsələlərə həsr olunmuş müşavirə keçirilib. Dövlətimizin başçısı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nı da təsdiq edib.

Müşahidələr onu göstərir ki, Azərbaycan kəndi yaxın illər ərzində sürətlə inkişaf edəcək, süfrələrimizin ruzisi artacaq, əhalinin rifahı daha da yaxşılaşacaq. Azərbaycan dövləti məhz bunu istəyir və torpaqda fədakar əməyi ilə məhsul bolluğu yaratmağa çalışan insanlar üçün hər cür şərait yaradır.

M.ABDULLAYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью