Azərbaycan kinosunun ən çox siqaret çəkən adamı Orxan Saffari yazır...

26.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Qanun nəşriyyatına yolum tez-tez düşür. Hər dəfə Şərif Ağayarı görürəm, deyirəm, eybi yox. Şahbaz Xuduoğlunu görürəm, deyirəm, can sağlığı, ola bilər, öz işidir. Əvvəllər Sabir Rüstəmxanlını da görürdüm. Hətta İlqar Rəsulu da. Ona da heç nə demirdim. Ancaq təkcə Vidadi Həsənovu görən kimi əsəbiləşdirdim, cin vururdu təpəmə.

Xüsusilə çöldə siqaret çəkəndə onun söhbətlərinə dözmək olmurdu. Ümumiyyətlə, mənə elə gəlir, Vidadi Həsənov Azərbaycan kinosunun ən çox siqaret çəkən adamıdır. Kinoya çəkilə bilmədiyinə görə tez-tez siqaret çəkir. Tüstünü havaya elə buraxır ki, sanasan böyük ekranda onu göstərirlər.

Onu görəndə adamın gözündə aktyor yox, sıradan bir klassik kişi canlanır. Elə bilirsən ki, tezdən saat 7-dir, tükləri maykadan qabağa çıxan, ac qarnına hansısa ucuz, qalın siqaret çəkən bir dayı eyvana çıxıb deyəcək ki, a bala, hara gedirsən belə?

Adama deyərlər, sənə nə var? Tutaq ki, hara getdiyimi bildin, həyatında nə dəyişəcək? Adam 7-də hara gedər ki, işdən başqa? Niyə əlavə suallar verib adamı yorursan?

Vidadi Həsənov adamı məhz belə yorur.

Əgər mən Şahbaz Xuduoğlu olsaydım, bir gecədə nəşriyyatı köçürərdim, yerini də Vidadi müəllimə deməzdim.

Onun indiyə qədər filmə çəkən rejissorları da qəlbimdə söyürəm. Nə ehtiyac var idi ki? Aktyor tapa bilmirdiniz? Çəkdiniz nə oldu? Bu de ha, dayanıb 20 yanvarda, çatana məsləhət verir, sənətə zada dəvət eləyir.

Çox güman, Azərbaycan kinosunda Vidadi Həsənov kimi istedadsız adam yoxdur. O, özünü ora-bura vursa da, əlli iş görsə də, heç biri tutmur. Çünki gördüyü işlərin heç birində istedad iştirak eləmir.

Vidadi Həsənovun yüngülvari yadda qalan bir rolu var. O da “Bəyin oğurlanması” filmində traktor sürür. Yaxşı olardı ki, Vidadi müəllim ancaq traktor sürsün, üstü-başı yağ içində olsun.

Ancaq Vidadi müəllim öz uğursuzluğunu təkcə burada sınamır. Məsələn, şeir yazır, alınmır, gitara çalır, o da olmur. Bir sözlə, şeirə zülm edir, gitaraya sitəm. Adama deyərlər, sənə lazımdır? Niyə öz tam da məşğul ola bilmədiyin işlə məşğul olmursan ki?

Yolu Qanun nəşriyyatının qarşısından keçən adamlara tövsiyə olunur ki, çox da dayanmasınlar. Çünki Vidadi Həsənov tutub məsləhət verəcək. Məsələn, deyəcək ki, teatr məbəddir, niyə gəlmirsən? Vidadi müəllimə izah etmək mümkün deyil ki, buraya gəlməklə gəlməmək arasında çox da böyük fərq yoxdur. Gəlib nə edəcəm ki? Gedəsi o qədər yer var. Doğrudur, teatr məbəddir. Ancaq bunun sizə, “M” teatra nə dəxli var?

Çox güman, Vidadi müəllim istəyir ki, Fuad Poladov olsun. Öz aləmində “M” teatr da yaradıb hələ. Özü elə bilir ki, “M” mono deməkdir. Amma Vidadi Həsənovun yaratdığı “M” teatr “mini teatrdır”. Təxminən Oksana Rəsulovanın ətəyi.

Vidadi Həsənov özünü tez-tez “Yuğ teatrı”nın bir parçası kimi görür. Yuğ teatrı əvvəllər Kukla teatrında yerləşirdi. Görünür, Kukladan Qanuna gəımək təsadüfi deyil.

Halbuki Vidadi Həsənovun aktyorluğu ancaq və ancaq Kukla teatrında ola bilərdi. Görünür, o da özü özünü aldatdı. Elə bildi ki, daha yaxşı yerlərə, böyük uğurlara layiqdir. Fəqət heç ölkəmizin mənasız rejissorları da onu kəşf eləmədilər. Daha dəqiq, kəşf etməyə bir yer tapmadılar.

Vidadi Həsənovun əsas problemi ondadır ki, o, öz yerini tapa bilməyib. Daha doğrusu, yerini tapıb, amma qəbul eləməyib. Adam var, taleyi ilə barışır, adam da var, taleyi ilə mübahisə edir. Vidadi müəllim ikinci kateqoriyadandır. Tale ona deyib ki, sən fon üçünsən, o isə cavab verib: yox, mən baş rolam. Bu mübahisə isə illərdir davam edir. Hətta Əlisa Nicat da nəşriyyata gələndə bu sözləri ona deyib çox güman. Fəqət o eşitməyib.

Mənə elə gəlir ki, Vidadi Həsənov hər dəfə səhnəyə çıxanda belə deyir:

“Bəlkə bu dəfə alındı?”

Ancaq bu dəfə də alınmır.

Tamaşaçı heç vaxt Vidadi Həsənova baxmır, dözür. Özü də, güclə.

Vidadi Həsənovun məbəd dediyi teatra gələnlər dua etmir, oradan çıxış yolu axtarır.

Axırda da telefonu qulağına qoyub çölə çıxırlar.

Görürlər ki, Vidadi müəllim çöldə siqaret çəkir və deyir:

“A bala, hara gedirsən?”.

Orxan Saffari
Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью