Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
ABŞ, Kanada və Meksikada futbol üzrə dünya çempionatı həlledici mərhələyə daxil olduğu bir vaxtda UEFA-nın Avropa kubokları uğrunda yarışları da başlayır.
QOL.az-ın məlumatına görə, bu həftə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının birinci təsnifat mərhələsinə start veriləcək. Yarışlarda mübarizə aparacaq dörd klubumuzdan üçü - "Sabah" (ÇL), "Qarabağ" (AL) və "Zirə" turnirə məhz bu həftə qoşulacaq, "Neftçi" isə yalnız ikinci mərhələdən (ilk oyun 23 iyulda) başlayacaq.
Birinci mərhələdə "Sabah", "Qarabağ" və "Zirə" ilk matçlarını evdə keçirəcək və oyunlar ayrı-ayrı günlərdə baş tutacaq: 7, 8 və 9 iyul. Bu o deməkdir ki, ardıcıl üç gün ərzində biz hər bir klubumuzun oyununu izləyə biləcəyik.
"Sabah"
Bu, 2025/26 mövsümündən tarixində ilk dəfə Azərbaycan çempionu olmuş "Sabah" üçün Çempionlar Liqasında debüt oyunu olacaq. Rəqib Uels təmsilçisi TNS-dir (The New Saints). Masazır qəsəbəsi stadionunda keçiriləcək bu qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Oyunun baş hakimi Polşa Futbol Federasiyasından Patrik Qrutskeviçdir.
"Qarabağ"
12 dəfə Azərbaycan çempionu olan Ağdam təmsilçisi bu dəfə Çempionlar Liqasında deyil, UEFA-nın statusuna görə ikinci klub turniri olan Avropa Liqasında oynayacaq və yarışa 1-ci təsnifat mərhələsindən başlayacaq. "Qarabağ"ın rəqibi İslandiyanın "Vestri" komandasıdır. "Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olacaq.
İyulun 9-da, "Tofiq Bəhramov" adına Respublika stadionunda. Matçın başlanğıc saatı 20:00, baş hakimi isə Roman Jitardır (Moldova).
"Zirə"
Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" yenə Konfrans Liqasında yarışacaq. Rəqib Kutaisi "Torpedo"su 2025-ci ildə Gürcüstan çempionatını 3-cü yerdə başa vurduğu üçün 2026/27 UEFA Konfrans Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.
"Zirə" - "Torpedo" matçı iyulun 8-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçiriləcək. Bu oyun da yerli vaxtla saat 20:00-da start götürəcək. Oyunu Finlandiyadan olan referi Yoni Xyuyutiya idarə edəcək.
Əlavə edək ki, mübarizəyə birinci mərhələdən başlayan klublarımızın cavab oyunları gələn həftə keçiriləcək.