Azərbaycan Laos Biznes Forumu

15.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bakıda Azərbaycan – Laos biznes forumu keçirilib. Forumda iki ölkənin dövlət qurumlarının, eləcə də biznes dairələrinin nümayəndələri iştirak ediblər. Toplantı çərçivəsində iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, investisiya imkanları və biznes əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.

Forumda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov, Laosun sənaye və ticarət nazirinin müavini Manothong Vongsay, eləcə də hər iki ölkənin biznes qurumlarının nümayəndələri çıxış ediblər.

Anar Axundov bildirib ki, Azərbaycan Laosla iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində, qarşılıqlı investisiyaların təşviqində və biznes dairələri arasında birbaşa əməkdaşlığın inkişafında maraqlıdır. Onun sözlərinə görə, Cənub-Şərqi Asiya Azərbaycan üçün artan əhəmiyyətə malikdir və bu regionla əlaqələrin inkişafı ölkənin iqtisadi prioritetlərindən biridir.

Bu həftə Azərbaycan və Laos əlaqələrinin inkişafı istiqamətində bir sıra mühüm toplantıların keçirildiyini diqqətə çatdıran nazir müavini qeyd edib ki, – “bütün bunlar Asiyanın, xüsusən də Cənub-Şərqi Asiyanın Azərbaycan üçün artan əhəmiyyətini əks etdirir”.

Laos Milli Ticarət və Sənaye Palatasının icraçı vitse-prezidenti Tanonqsin Kanlaqna isə qeyd edib ki, Azərbaycan və Laos arasında ticarət-logistika, energetika, investisiya, turizm və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Onun sözlərinə görə, iki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi məqsədilə birgə biznes şurasının və ya işçi qrupunun yaradılması nəzərdə tutulur.

Azərbaycan və Laosun coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, hər iki ölkənin regionlar arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını vurğulayan Tanonqsin Kanlaqna ölkəmizin Orta Dəhliz vasitəsilə Xəzər dənizini, Mərkəzi Asiyanı və Avropanı birləşdirdiyini, Laosun isə regional tranzit mərkəzinə çevrilməyi hədəflədiyini diqqətə çatdırıb.

Forum çərçivəsində Azərbaycan və Laosun investisiya imkanlarına dair təqdimatlar keçirilib, eləcə də işgüzar əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün görüşlər təşkil olunub.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью