Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Türkmənbaşı Sammitində dənizin ekoloji problemlərinin həllinin aydın və təsirli yollarını göstərdi
Xəzər dənizi əsrlər boyu sahillərində yerləşən ölkələri və xalqları birləşdirən, onların iqtisadi, siyasi və mədəni əlaqələrinin inkişafında mühüm rol oynayan misilsiz təbii sərvət, ortaq məkan olub. Bu gün isə Xəzəryanı dövlətlər regionun geosiyasi və geoiqtisadi mənzərəsinin formalaşmasında, beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində, enerji resurslarının daşınmasında və dövlətlərarası əməkdaşlığın genişlənməsində strateji əhəmiyyəti olan bu dənizin qorunması, onun ekoloji problemlərinin həlli ilə üzləşib.
Hazırda Xəzərin iqtisadi və strateji əhəmiyyətinin artdığı bir dövrdə onun ekoloji vəziyyətinin pisləşməsi, dayazlaşması iqtisadi təhlükəsizliyin, nəqliyyat-logistika sistemlərinin müəyyən çətinliklərlə üzləşməsinə, sahilyanı ərazilərin sosial inkişafının zəifləməsinə təsir göstərir. Türkmənistanın Türkmənbaşı şəhərində oktyabrın 9-da keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı da məhz bu reallıqların kompleks təhlili baxımından mühüm önəm daşıyır.
Dövlət başçısı nitqində Xəzərin qorunmasını sahilyanı ölkələrin ümumi məsuliyyəti kimi səciyyələndirməklə yanaşı, dənizin səviyyəsinin aşağı düşməsinin səbəblərinin elmi əsaslarla araşdırılmasının, birgə fəaliyyət mexanizmlərinin yaradılmasının və konkret tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Prezident İlham Əliyevin çıxışında diqqətçəkən əsas məqamlardan biri problemin miqyasının təkcə ekoloji göstəricilərlə məhdudlaşdırılmaması ilə bağlıdır. Çünki Xəzərin dayazlaşması əsasən təbiətdə baş verən dəyişikliklə əlaqədardır. Eyni zamanda, bu, iqtisadiyyatın müxtəlif sahələrinə, insanların gündəlik həyatına, regional nəqliyyat əlaqələrinə və dövlətlərin uzunmüddətli inkişaf strategiyalarına təsir göstərən çoxşaxəli prosesdir. Belə bir şəraitdə məsələyə ayrı-ayrı ölkələrin məhdud maraqları çərçivəsində deyil, vahid ekosistemin və qarşılıqlı iqtisadi məkanın qorunması baxımından yanaşmaq zəruridir.
Geosiyasi və geoiqtisadi önəmli strateji məkan
Müasir dünyada beynəlxalq iqtisadi münasibətlərin xarakteri dəyişdikcə, nəqliyyat marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və alternativ təchizat zəncirlərinin yaradılması kimi məsələlər daha mühüm önəm daşıyır. Bu prosesdə Xəzər xüsusi coğrafi mövqeyə malikdir. Avropa ilə Asiya arasında yerləşən dəniz region ölkələrinin iqtisadi əlaqələrinin genişlənməsinə, beynəlxalq yükdaşımaların artmasına və yeni investisiya layihələrinin reallaşmasına əlverişli imkanlar yaradır.
Azərbaycanın bu məkandakı mövqeyi xüsusilə əhəmiyyətlidir. Çünki ölkəmiz həm enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında, həm də Şərq – Qərb nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Xəzər üzərindən həyata keçirilən yükdaşımalar isə Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsinə, respublikanın tranzit potensialının artırılmasına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artması da bu baxımdan xüsusi qeyd edilməlidir. Belə ki, Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi vasitəsilə Cənubi Qafqazdan və Türkiyədən Avropaya uzanan bu marşrut beynəlxalq ticarət əlaqələrinin şaxələndirilməsinə əlverişli şərait yaradır. Qlobal təchizat zəncirlərində nəzərəçarpan dəyişikliklər, nəqliyyat marşrutlarının etibarlılığına olan tələblər və ölkələrin iqtisadi təhlükəsizlik məsələlərinə artan diqqəti Trans-Xəzər istiqamətinin perspektivlərini daha da aktuallaşdırır.
Bütün bunlarla bərabər, dünyada nəqliyyat infrastrukturunun inkişafı təbii mühitin vəziyyəti ilə bağlı nəzərdən keçirilir. Ona görə ki, dəniz səviyyəsinin aşağı düşməsi limanların fəaliyyətinə, gəmilərin hərəkət imkanlarına, yüklərin daşınma səmərəliliyinə və sahilyanı infrastrukturun istismarına təsir göstərir. Bu isə Xəzərin ekoloji vəziyyətini iqtisadi inkişafın mühüm şərtlərindən birinə çevirir.
Prezident İlham Əliyevin Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunmasının vacibliyinə diqqət çəkməsi də məhz bu baxımdan xüsusi önəm daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Xəzərin artan iqtisadi və strateji əhəmiyyəti onun ekoloji mühafizəsinə münasibətdə daha məsuliyyətli yanaşma tələb edir.
Mütəxəssislər məhz bu amili əsas götürərək, bildirirlər ki, Xəzərin gələcək inkişafı ilə bağlı qərarlar qəbul edilərkən iki əsas istiqamət uzlaşdırılmalıdır. Birincisi, dənizin nəqliyyat, enerji və ticarət imkanlarından səmərəli istifadə olunması diqqətdə saxlanılmalı, ikincisi, bu fəaliyyətin ekosistemə təsirləri nəzərə alınmalıdır. Bu tarazlığın qorunması uzunmüddətli iqtisadi dayanıqlılığın əsas şərtlərindən biridir.
Dayazlaşma və regional təhlükəsizlik
Xəzər dənizi qapalı su hövzəsidir. Onun səviyyəsi su balansını formalaşdıran təbii proseslərdən – çayların gətirdiyi sudan, yağıntılardan, buxarlanmadan və digər amillərdən asılıdır. Bu səbəbdən dənizin səviyyəsindəki dəyişikliklər mürəkkəb qarşılıqlı təsirlərin nəticəsi kimi araşdırılmalıdır. İqlim dəyişikliyinin qabarıq nəzərə çarpması, temperaturun sürətlə yüksəlməsi, buxarlanmanın intensivləşməsi, çay axınlarının dəyişməsi və su ehtiyatlarından təsərrüfat məqsədləri üçün istifadə olunması bu prosesin öyrənilməsində nəzərə alınmalı istiqamətlərdən biridir.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, dəniz səviyyəsinin aşağı düşməsi təkcə bir səbəblə – iqlim dəyişikliyi ilə izah edilmir. Başqa sözlə, problemin dəqiq qiymətləndirilməsi üçün uzunmüddətli hidroloji müşahidələrin aparılması, iqlim məlumatlarının nəzərə alınması, çay hövzələrində su balansının təhlilinin diqqətdə saxlanılması və antropogen təsirlərin elmi əsaslarla hesablanması da tələb olunur. Belə bir yanaşma zəruri tədbirləri vaxtında həyata keçirməyə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin nəticələrini minimuma endirməyə imkan verir.
Bu mövqe problemin həllində elmi əsaslandırmanın nə qədər vacib olduğunu göstərir. Səbəblər dəqiq müəyyənləşdirilmədən görülən tədbirlər isə gözlənilən nəticəni verməməyə, hətta resursların səmərəsiz istifadəsinə səbəb ola bilər. Buna görə də ilkin mərhələdə əsas məqsəd dənizin su balansına təsir edən amillərin nisbi rolunu müəyyənləşdirmək, onların zaman üzrə dəyişməsini qiymətləndirmək və gələcək ssenarilərini hazırlamaq olmalıdır.
Dayazlaşmanın nəticələri isə artıq sahilyanı ərazilərdə müxtəlif formalarda nəzərə çarpır. Məsələn, sahil xəttinin geri çəkilməsi, dayaz zonaların genişlənməsi, bataqlıq və su-bataqlıq ərazilərinin dəyişməsi, bəzi hallarda təbii yaşayış mühitinin daralması ekosistemə təsir göstərən əsas risklər sırasında nəzərə çarpır.
Ümumiyyətlə, dəniz səviyyəsinin azalması sahilboyu ərazilərdə və dayaz sularda ekoloji prosesləri dəyişir. Bu isə su canlılarının yaşayış və çoxalma şəraitinə, qida zəncirinə, biomüxtəlifliyə və bəzi növlərin populyasiyalarına mənfi təsir göstərir. Xüsusilə Xəzərin nadir təbii sərvətlərinin qorunması baxımından bu risklərin vaxtında qiymətləndirilməsi vacibdir. Bu baxımdan, dayazlaşma probleminə təkcə mövcud dəyişikliklərin təsviri kimi deyil, gələcəkdə yarana biləcək nəticələrin qabaqlanmasını tələb edən regional təhlükəsizlik məsələsi kimi yanaşılmalıdır.
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi Azərbaycanın sahilyanı ərazilərində də yeni təbii və təsərrüfat reallıqları formalaşdırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dənizin Azərbaycan hissəsində, təxminən, 30 min hektar quru sahənin meydana gəlməsi problemin ölkəmiz üçün konkret ərazi miqyasını göstərir. Mütəxəssislərin sözlərinə görə, bu ərazilərin gələcək istifadəsi onların geoloji, hidroloji və ekoloji xüsusiyyətlərindən asılıdır. Bəzi sahələrdə torpağın vəziyyəti, duzluluq, yeraltı suların səviyyəsi və digər təbii amillər təsərrüfat fəaliyyətinin imkanlarını məhdudlaşdıra bilər.
Azərbaycanın sahilyanı ərazilərində sənaye, liman, nəqliyyat, turizm və digər iqtisadi fəaliyyət növlərinin yerləşməsi də uzunmüddətli planlaşdırma tələb edir. Dənizin səviyyəsindəki dəyişikliklər mövcud infrastrukturun istismarına təsir göstərə bildiyi kimi, yeni layihələrin yerləşdirilməsi və texniki parametrləri ilə bağlı qərarların da yenidən nəzərdən keçirilməsini önə çəkir.
Məsələn, limanların inkişaf etdirilməsi, sahilyanı ərazilərdə yeni sənaye obyektlərinin yerləşdirilməsi və ekoloji həssas zonalarda təsərrüfat fəaliyyətinin genişləndirilməsi zamanı su səviyyəsinin mümkün dəyişiklikləri nəzərə alınmalıdır. Bu, ekoloji təhlükəsizliklə yanaşı, həm də investisiyaların səmərəliliyinin gerçəkləşdirilməsini şərtləndirir. Burada əsas prinsip isə təbii proseslərə uyğunlaşma ilə iqtisadi inkişaf arasında düzgün tarazlığın yaradılmasıdır. Xəzərin səviyyəsinin aşağı düşməsi qarşısında bütün təsirləri tam aradan qaldırmaq mümkün olmasa da, elmi proqnozlaşdırma və qabaqlayıcı tədbirlər vasitəsilə iqtisadi və sosial itkiləri azaltmaq mümkündür.
Gələcəyə məsuliyyətli yanaşma
Xəzərin dayazlaşmasının səbəbləri araşdırılarkən çay hövzələrinin rolu da xüsusi diqqət tələb edir. Çünki dənizin su balansı ona daxil olan suyun həcmi, yağıntılar və buxarlanma arasındakı münasibətdən asılıdır. Bu sistemdə baş verən dəyişikliklər dənizin uzunmüddətli səviyyə dinamikasına təsir göstərir. Xəzərə tökülən çaylar arasında Volqa isə xüsusi yer tutur. Dənizin su balansında mühüm rol oynayan bu çayın axımında baş verən dəyişikliklər, eləcə də digər çay hövzələrində su ehtiyatlarından istifadə rejimi ümumi mənzərənin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır.
Çay sularının kənd təsərrüfatında, sənayedə və məişətdə istifadəsi, su anbarlarının idarə olunması, iqlim şəraiti və yağıntı rejimində baş verən dəyişikliklər hövzələr üzrə su balansına təsir edən amillər sırasında yer alır. Bununla belə, ayrı-ayrı amillərin Xəzərin səviyyəsinin azalmasındakı payı konkret elmi məlumatlar əsasında müəyyən edilməlidir. Çünki müxtəlif çay hövzələrinin xüsusiyyətləri, su ehtiyatlarının idarə olunması və iqlim şəraiti bir-birindən fərqlənir.
Prezident İlham Əliyevin çay axınının azalması və antropogen amillərə diqqət çəkməsi məhz bu istiqamətdə birgə tədqiqatların vacibliyini göstərir. Xəzər 5 dövlətin sahillərini birləşdirsə də, onun su balansını müəyyənləşdirən proseslər daha geniş coğrafi ərazilərdə baş verir. Buna görə də problemin həlli yalnız dəniz sahilində görülən tədbirlərlə məhdudlaşdırıla bilməz.
Çay hövzələrində su ehtiyatlarının səmərəli idarə olunması, suvarma sistemlərində itkilərin azaldılması, sudan təkrar istifadə imkanlarının genişləndirilməsi və suya qənaət edən texnologiyaların tətbiqi ümumi su idarəçiliyinin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu tədbirlərin Xəzərin səviyyəsinə konkret təsiri isə hövzələr üzrə elmi qiymətləndirmələrə əsaslanmalıdır.
Eyni zamanda, dənizin dayazlaşması ilə bağlı tədqiqatlar yalnız mövcud vəziyyətin təsviri ilə yekunlaşmamalıdır. Müxtəlif iqlim ssenariləri, çay axınlarının dəyişmə ehtimalları və insan fəaliyyətinin təsirləri əsasında uzunmüddətli proqnozlar hazırlanmalıdır. Belə proqnozlar dövlətlərin su siyasətinin, ekoloji proqramlarının və infrastruktur strategiyalarının formalaşdırılması üçün etibarlı məlumat bazası yarada bilər.
Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitində səsləndirdiyi fikirlər dənizin gələcəyi ilə bağlı mühüm strateji mesajları özündə birləşdirir. Dövlət başçısı Xəzərin artan iqtisadi və geosiyasi əhəmiyyətini onun ekoloji vəziyyətinin qorunması zərurəti ilə əlaqələndirərək, problemin həllində birgə fəaliyyətin, elmi araşdırmaların və daimi əməkdaşlıq mexanizmlərinin vacibliyini ön plana çəkib.
Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, Xəzərin dayazlaşması ayrı-ayrı ölkələrin sərhədləri daxilində həll edilə biləcək məsələ deyil. Problemin səbəbləri və nəticələri regional xarakter daşıdığından onun həlli də dövlətlərin razılaşdırılmış səylərini tələb edir.
Dənizin səviyyəsinin aşağı düşməsi nəqliyyat və logistika sistemlərinin fəaliyyətinə, sahilyanı iqtisadiyyatın inkişafına, biomüxtəlifliyin qorunmasına və insanların yaşayış şəraitinə təsir göstərə bilər. Bu risklərin miqyası isə problemin vaxtında və elmi əsaslarla araşdırılmasını zəruri edir.
İndi əsas vəzifə narahatlıq doğuran tendensiyaların qeydə alınmasından konkret tədbirlərin həyata keçirilməsinə keçməkdir. Bunun üçün Xəzərin su balansı dərindən öyrənilməli, vahid monitorinq və məlumat mübadiləsi sistemləri inkişaf etdirilməli, sahilyanı infrastrukturun dayanıqlılığı artırılmalı və ekosistemin qorunması üzrə birgə fəaliyyət gücləndirilməlidir.
Azərbaycanın bu məsələyə prinsipial münasibəti ölkəmizin regional əməkdaşlığa və ekoloji təhlükəsizliyə verdiyi əhəmiyyətin göstəricisidir. Xəzərin qorunması həm də Azərbaycanın tranzit potensialının, sahilyanı iqtisadiyyatının və uzunmüddətli inkişaf maraqlarının qorunması deməkdir. Ən başlıcası isə Xəzər dənizi yalnız bugünkü nəsillərin iqtisadi imkanlarından istifadə etdiyi təbii sərvət deyil. O, gələcək nəsillərə sağlam ekosistem, təhlükəsiz yaşayış mühiti və davamlı inkişaf imkanları ilə ötürülməli olan ümumi mirasdır.
Vaqif BAYRAMOV
XQ