Azərbaycan Lissabondakı “Web Summit 2026”da milli pavilyonla təmsil olunub

16.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

Portuqaliyanın paytaxtı Lissabonda dünyanın aparıcı texnologiya tədbirlərindən biri olan “Web Summit 2026” keçirilib. Azərbaycan ilk dəfə olaraq bu mötəbər sammitdə milli pavilyonla təmsil olunub. Pavilyonda ölkənin innovasiya ekosistemi, yerli texnologiya şirkətlərinin məhsul və həlləri nümayiş etdirilib, həmçinin Azərbaycan texnoparklarında şirkətlər üçün yaradılan yeni imkanlar barədə məlumat verilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən AZƏRTAC-a bildirilib ki, milli pavilyonda “AzInTelecom”, “Azercosmos”, “Polygraf AI”, “Simbrella”, “Azsoftware / Imzala.az”, “R.I.S.K. Company” və digər şirkətlər maliyyə texnologiyaları, rəqəmsal identifikasiya, bulud xidmətləri, elektron imza, süni intellekt təhlükəsizliyi, peyk texnologiyaları və kosmik xidmətlər, kibertəhlükəsizlik, rəqəmsal sənəd dövriyyəsi və rəqəmsal kreditləşmə sahələrindəki məhsul və innovativ həllərini beynəlxalq auditoriyaya təqdim ediblər.

Sammit çərçivəsində müxtəlif ölkələri təmsil edən texnologiya şirkətlərinin, startapların, investorların və rəsmi qurumların nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycanın texnologiya şirkətlərinin beynəlxalq bazarlara çıxışı, investisiya imkanları, xarici şirkətlərin Azərbaycan texnoparklarına rezident kimi cəlb olunması, biznes tərəfdaşlıqlarının qurulması, eləcə də innovasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin Azərbaycanda təsdiqlənmiş yeni texnopark və vençur qanunvericiliyi çərçivəsində startapların maliyyə resurslarına çıxış imkanları və texnopark rezidentliyinin üstünlükləri diqqətə çatdırılıb.

Bundan əlavə, “Web Summit 2026” çərçivəsində Azərbaycanın texnoloji icmasının nümayəndələri ilə növbəti “Innovation Wednesdays” görüşü keçirilib. Görüşdə Portuqaliyada fəaliyyət göstərən azərbaycanlı texnologiya mütəxəssisləri, startap təsisçiləri, investorlar, eləcə də qlobal innovasiya ekosisteminin nümayəndələri bir araya gəliblər. Beynəlxalq təcrübə mübadiləsi, peşəkar əlaqələrin genişləndirilməsi və Azərbaycanın innovasiya ekosistemi ilə xaricdə fəaliyyət göstərən texnologiya icması arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, “Web Summit” dünyanın ən böyük beynəlxalq texnologiya və innovasiya tədbirlərindən biridir. Hər il on minlərlə iştirakçını bir araya gətirən sammitdə müxtəlif ölkələrin aparıcı texnologiya şirkətləri, startapları, investorları, dövlət qurumlarının nümayəndələri və sahə üzrə ekspertləri iştirak edirlər. Tədbir çərçivəsində süni intellekt, rəqəmsal transformasiya, maliyyə texnologiyaları, kibertəhlükəsizlik və digər aktual istiqamətlər üzrə panel müzakirələri, təqdimatlar, sərgilər və işgüzar görüşlər təşkil olunur. “Web Summit” innovativ məhsulların beynəlxalq auditoriyaya təqdim edilməsi, investisiyaların cəlb olunması və qlobal texnologiya ekosistemində yeni əməkdaşlıqların qurulması baxımından mühüm platforma hesab edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью