Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 34 il keçir.
Məhz ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli "Milli valyutanın dövriyyəyə buraxılması haqqında" fərmanı ilə qoyulub.
Bu müddət ərzində manat ölkənin maliyyə sisteminin formalaşmasında və iqtisadi müstəqilliyin inkişafında mühüm rol oynayıb.
Hazırda Azərbaycanın milli valyutası regional iqtisadi proseslərdə öz mövqeyini qoruyur, milli iqtisadiyyatın dayanıqlılığının əsas göstəricilərindən biri kimi çıxış edir.
Azərbaycan manatı bu gün dünya və regional valyuta bazarında özünə hansı mövqeni tuta bilib?
"Cebheinfo.az"-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, manatın möhkəmləndirilməsi deyil, iqtisadiyyatın inkişafı prioritet olmalıdır:
“Manat onsuz da möhkəmdir. Daha da möhkəmləndirilməsinə ehtiyac yoxdur. Manat iqtisadiyyatın nəticəsi olmalıdır, hədəf olmalı deyil. İqtisadiyyat xalqa xidmət etməlidir.
Bunun üçün də manat yeni iş yerlərinin açılması və iqtisadi artımın təmin edilməsi üçün alətə çevrilməlidir. Yoxsa manatın daha güclü valyuta olması məqsəd kimi qarşıya qoyulmamalıdır".
İqtisadçı əlavə edib ki, manatın sabitliyi ilə yanaşı iqtisadi artım da prioritet olmalıdır:
"Manat iqtisadi artıma və məşğulluğa kömək edəcək alətə çevrilməlidir. Mərkəzi Bankın hədəfi də yalnız manatın sabitliyi olmamalıdır. Mərkəzi Bankın əsas hədəfi iqtisadi genişlənmənin və qiymət səviyyəsinin idarə olunması olmalıdır.
Yəni manatı güclü valyuta kimi qoruyub iqtisadiyyatı unutmaq olmaz. O valyutalar güclüdür ki, uzunmüddətli dövrdə onların arxasında ciddi iqtisadiyyat dayanır.
Avro və dollar ona görə güclüdür ki, onların arxasında ciddi, diversifikasiya olunmuş və möhkəm iqtisadiyyat dayanır. Ümid edək ki, manat da gələcəkdə güclü iqtisadiyyatı təmsil edəcək”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər: manat Xalid Kərimli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin