Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
30 yanvar tarixində Azərbaycan Milli İncəsənət Muzeyində media nümayəndələri üçün “Azərbaycan mədəniyyəti - 2040” adlı Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunmuş bilgiləndirmə sessiyası keçirilib.
SİA xəbər verir ki, tədbirin əsas məqsədi ölkənin uzunmüddətli mədəni inkişaf strategiyasının ictimaiyyətə və media qurumlarına çatdırılması, konsepsiyanın ideoloji, hüquqi və institusional əsaslarının izah olunmasıdır.
Sessiyada Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, millət vəkili Rafael Hüseynov, akademik Nizami Cəfərov, kulturoloq Fuad Məmmədov, ARKA-nın rəhbəri Rəşad Əzizov, mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, həmçinin nazirliyin digər rəsmi nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında “Azərbaycan mədəniyyəti - 2040” konsepsiyasının mahiyyəti və gətirdiyi yeniliklər barədə ətraflı məlumat verib.
Çıxış zamanı milli mədəniyyət siyasətinin müasir dövrün çağırışlarına uyğunlaşdırılması, mədəni irsin qorunması ilə yanaşı innovativ yanaşmaların tətbiqi, kreativ sənayelərin inkişafı, eləcə də mədəni idarəetmə sahəsində institusional islahatların həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Qeyd edilib ki, konsepsiya mədəniyyətin davamlı inkişafını təmin etməklə yanaşı, onun sosial-iqtisadi proseslərə inteqrasiyasını da hədəfləyir.
Tədbir çərçivəsində “Azərbaycan mədəniyyəti -2040” konsepsiyasının əsas istiqamətləri, strateji məqsədləri və icra mexanizmləri geniş müzakirə olunub, sənədin ölkənin sosial-mədəni inkişafına verəcəyi töhfələr elmi-analitik baxımdan dəyərləndirilib.