Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təqdim etdiyi “Azərbaycan mədəniyyətinin müasir rəqəmsal alətlər vasitəsilə təbliği üçün multifunksional veb-platformanın yaradılması” adlı layihədə qalib elan olunmuşdur.
Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin zəngin və çoxşaxəli irsini müasir rəqəmsal alətlər vasitəsilə qorumaq, sistemləşdirmək və onu geniş auditoriyaya əlçatan formada təqdim etməkdir. Bu məqsədlə mədəni dəyərləri əhatə edən multifunksional və interaktiv veb-platforma yaradılacaq.
Üç ay müddətində icra olunacaq layihə çərçivəsində mədəni irs nümunələrinin toplanması və rəqəmsallaşdırılması, foto, video, audio və 3D modellərdən ibarət multimedia materialların hazırlanması, virtual sərgilərin və interaktiv mədəniyyət xəritələrinin formalaşdırılması nəzərdə tutulur.
Layihə çərçivəsində eyni zamanda iki təqdimat tədbirinin təşkili planlaşdırılır. Bu tədbirlər zamanı veb-platforma ictimaiyyətə təqdim ediləcək, layihənin məqsədi və funksional imkanları barədə ətraflı məlumat veriləcək.
Yeni rəqəmsal platforma Azərbaycan gəncləri və tələbələri, mədəniyyət tədqiqatçıları, yaradıcı şəxslər, diaspor üzvləri və xarici turistlər üçün etibarlı və maraqlı informasiya mənbəyinə çevriləcək. Layihə eyni zamanda milli mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq miqyasda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.