Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 noyabr, AZƏRTACAudiovizual Şura və Medianın İnkişafı Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycan mediasında və sosial mediada işıqlandırılma vəziyyəti ilə bağlı birgə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda qeyd edilir: “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi iki həftə ərzində informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr edib, ayrı-ayrı günlərdə istehsal olunmuş xəbərlərin 60 faizini sammitlə bağlı materiallar təşkil edib.
2024-cü il noyabrın 11-dən 23-dək mediada mövzu ilə əlaqədar 60.000-ə yaxın link yaradılıb, bunlardan 42.000-ə yaxını azərbaycandilli, 10.600-dən çoxu rusdilli, 7.300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.
COP29-la bağlı materialların işıqlandırılması zamanı xüsusilə informasiya agentlikləri məlumat bazasını formalaşdıran əsas mənbəyə çevrilib.
Agentliklərin hər biri tərəfindən tədbir pavilyonuna 10-a yaxın jurnalist və fotomüxbir cəlb edilərək çoxsaylı qonaqlarla müsahibələr təşkil olunub, yüzlərlə görüş və müzakirələr haqqında informasiyalar və geniş reportajlar hazırlanıb.
Xarici mediada COP29-la bağlı informasiya manipulyasiyasına cəhdlərin olduğu nəzərə alınaraq, sammitlə bağlı yüzlərlə vacib məlumat informasiya agentlikləri tərəfindən 3 dildə təqdim edilib.
Bəzi media subyektlərinin rəhbərlərinin COP29-un əhəmiyyəti barədə məqalə və açıqlamaları öz təşəbbüsləri ilə dünya mediasında işıqlandırılıb.