Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
COP29-da mediada 60 min-ə yaxın link yaradılıb, bunlardan 42 minə yaxını azərbaycandilli, 10 min 600-dən çoxu rusdilli, 7 min 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.
SİA xəbər verir ki, bu barədə Audiovizual Şura və Medianın İnkişafı Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycan mediasında və sosial mediada işıqlandırılma vəziyyəti ilə bağlı birgə məlumat yayıb.
Məlumatda qeyd edilir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi iki həftə ərzində informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr edib, ayrı-ayrı günlərdə istehsal olunmuş xəbərlərin 60 faizini sammitlə bağlı materiallar təşkil edib.
2024-cü il noyabrın 11-dən 23-dək mediada mövzu ilə əlaqədar 60 minə yaxın link yaradılıb, bunlardan 42 minə yaxını azərbaycandilli, 10 min 600-dən çoxu rusdilli, 7 min 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.
COP29-la bağlı materialların işıqlandırılması zamanı xüsusilə informasiya agentlikləri məlumat bazasını formalaşdıran əsas mənbəyə çevrilib.
Agentliklərin hər biri tərəfindən tədbir pavilyonuna 10-a yaxın jurnalist və fotomüxbir cəlb edilərək çoxsaylı qonaqlarla müsahibələr təşkil olunub, yüzlərlə görüş və müzakirələr haqqında informasiyalar və geniş reportajlar hazırlanıb.
Xarici mediada COP29-la bağlı informasiya manipulyasiyasına cəhdlərin olduğu nəzərə alınaraq, sammitlə bağlı yüzlərlə vacib məlumat informasiya agentlikləri tərəfindən 3 dildə təqdim edilib.