Azərbaycan məhsulları geri qaytarılır: Ciddi xəbərdarlıqdır

20.11.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son bir həftədə nar məhsulları ilə bağlı 21 pestisid bildirişi daxil olub. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Elmar Allahverdiyev Bakıda keçirilən "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" adlı konfransda bildirib.

Onun sözlərinə görə, son dövrlərdə məhsullarda pestisid qalıqlarının aşkarlanması halları artmağa başlayıb. O qeyd edib ki, "Həmin notifikasiyalar Rusiya və Moldovadan daxil olub. Bildiyiniz kimi, narın ixrac potensialı böyükdür. Lakin bu tendensiya davam edərsə, nar ixracına qarşı ölkələr məhdudiyyətlər tətbiq edə bilər. Belə hallarda məhsulların bir çoxu idxalçı ölkədə məhv edilir və yaxud geri qaytarılır. Geri qaytarılan məhsullar isə ölkəmizdə də məhv edilməyə cəlb olunur. Bununla əlaqədar hörmətli aqronomlardan xüsusilə xahiş etmək istəyirəm ki, pestisidlərdən istifadə zamanı, xüsusən də onların tətbiqi qaydalarına və tələblərinə ciddi əməl etsinlər".

Onun sözlərinə görə, son vaxtlar agentlik 3 mindən çox ixracatçı müəssisədə monitorinq aparıb: "Bu çərçivədə həm pestisid qalıqları, həm də bitki sağlamlığı ilə bağlı yoxlamalar həyata keçirilib və məhsullar laboratoriya analizlərinə cəlb olunub. Müşahidələr göstərir ki, bir sıra təsərrüfatlarda ixracatçı ölkələrin tələblərinə uyğun məhsul istehsalının həcmi artan xətt üzrə davam edir. Bununla belə, xüsusilə kiçik və orta təsərrüfatlarda müəyyən problemlər hələ də var".

Qeyd edək ki, zaman-zaman Azərbaycanın müxtəlif ixrac məhsullarına, xüsusilə Rusiyada qadağa qoyulub və məhsul geri qaytarılıb. Bu isə əsasən müxtəlif səbəblərlə bağlı olub. Son günlər isə nar ixracı ilə bağlı fermerlər eyni problemlə üzləşiblər. Məhsulların geri qaytarılması həqiqətən də iqtisadi, yoxsa siyasi amillərlə bağlıdır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Anar İsayev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan narının Rusiya və Moldova bazarlarından geri qaytarılması məsələsinə yalnız siyasi və ya yalnız iqtisadi prizmadan yanaşmaq düzgün olmaz:

“Burada həm məhsulun keyfiyyəti, həm də beynəlxalq ticarət münasibətlərinin siyasi reallıqları nəzərə alınmalıdır. Ancaq ilkin qiymətləndirmədə iqtisadi və sanitar-texniki amillər daha ciddi əsas kimi görünür. İlk növbədə, AQTA-nın pestisid qalıqlarının aşkarlanması hallarının artması ilə bağlı açıqlaması diqqət çəkir. Əgər laboratoriya müayinələri məhsullarda pestisidlərin normadan artıq olduğunu təsdiqləyirsə, idxalçı ölkələrin həmin məhsulları geri qaytarması beynəlxalq qida təhlükəsizliyi tələbləri baxımından qanunauyğundur. Bu, istehsalçıların məsuliyyəti ilə yanaşı, ölkədə aqrar istehsala və ixraca nəzarət mexanizmlərinin də effektivliyini gündəmə gətirir.

Digər tərəfdən, Rusiyanın iqtisadi münasibətlərdə siyasi amillərdən istifadə etməsi təcrübəsi də mövcuddur. Rusiya ilə Azərbaycan arasında münasibətlərin müəyyən məsələlər üzrə həssaslaşdığı bir dövrdə bu cür hadisələrin baş verməsi siyasi suallar doğura bilər. Lakin təkcə məhsulun geri qaytarılması faktı siyasi sifarişin mövcudluğunu sübut etmir. Moldova ilə bağlı da eyni yanaşmanı tətbiq etmək olmaz. Məncə, burada əsas məsələ geri qaytarılmanın hüquqi və laboratoriya əsaslarının şəffaflığıdır. Hansı pestisid aşkarlanıb? Onun miqdarı müəyyən edilmiş normanı nə qədər üstələyib? Neçə ton məhsul geri qaytarılıb? Eyni partiya başqa ölkələrdə də yoxlanılıbmı? Bu suallara cavab verilməlidir”.

İqtisadçının sözlərinə görə, əslində, məsələnin iqtisadi tərəfi daha genişdir:

“Azərbaycan qeyri-neft ixracını artırmağa, kənd təsərrüfatı məhsullarının xarici bazarlardakı mövqeyini möhkəmləndirməyə çalışır. Belə hadisələr isə ixracatçılar üçün maliyyə itkisi ilə yanaşı, milli məhsulun reputasiyasına da zərbə vurur. Bir məhsulun keyfiyyəti ilə bağlı yaranan şübhə bütövlükdə Azərbaycan istehsalına münasibətə təsir edə bilər.

Qənaətim budur ki, siyasi amillərin mövcudluğu ehtimalını istisna etmək olmaz, amma bunu əsas səbəb kimi təqdim etmək üçün kifayət qədər fakt yoxdur. Əgər pestisid problemi realdırsa, məsuliyyəti siyasi amillərin üzərinə yönəltməklə daxili istehsal və nəzarət problemlərini kölgədə qoymamalıyıq. Əslində Azərbaycan məhsullarının xarici bazarlardan geri qaytarılması fermerlərə, ixracatçılara və dövlət qurumlarına ciddi xəbərdarlıq olmalıdır. Biz yalnız məhsul istehsal etməyi deyil, beynəlxalq keyfiyyət standartlarına uyğun məhsul istehsal etməyi də bacarmalıyıq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью