Azərbaycan Mərkəzi Asiya ticarəti 53 faiz artıb

25.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi 2025-ci ildə 53 faiz artaraq 1,8 milyard dollara yaxınlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müşaviri Taleh Ziyadov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Orta Dəhliz Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Ziyadov bildirib ki, Transxəzər bağlantılarının inkişafı üzərində artıq 10 ildən çoxdur iş aparılır.

O qeyd edib ki, Bakı limanının hazırkı yükqəbuletmə gücü 15 milyon ton təşkil edir və bu göstəricinin 25 milyon tona çatdırılması planlaşdırılır. Qazaxıstan Qurik limanının inkişafını davam etdirir, Türkmənistan isə liman layihələrini həyata keçirib.

Nazir müşaviri əlavə edib ki, Qırğızıstan və Özbəkistan arasında əməkdaşlıq, eləcə də Çinə birbaşa çıxış imkanlarını genişləndirən dəmir yolu layihələri regionun nəqliyyat bağlantılarını gücləndirir.

“Bütün bu inkişaflar biznes üçün yeni əlaqələr və imkanlar yaradır. Enerji, rəqəmsal bağlantılar və investisiyalar isə bu prosesin əsasını təşkil edəcək”, – deyə Ziyadov bildirib.

O vurğulayıb ki, Azərbaycan Özbəkistan, Qazaxıstan və Qırğızıstanla ikitərəfli investisiya mexanizmləri yaradıb. Onun sözlərinə görə, bu platformalar regionda ikitərəfli və birgə investisiyaların genişləndirilməsi üçün yeni imkanlar açır.

Ziyadov Türk İnvestisiya Fondunun da bu əməkdaşlıq arxitekturasına çoxtərəfli maliyyə mexanizmi kimi əlavə imkan yaratdığını bildirib.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью