Azərbaycan milli maraqlarını qorumağa məcburdur: Bölgədə gərginlik səngimir ŞƏRH

28.01.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Deputat: "40 milyon azərbaycanlının taleyi regionda baş verəcək hərbi əməliyyatlardan asılıdır"

İsrail Müdafiə Qüvvələri(İDF) 31 yanvar və ya 1 fevralda ABŞ-ın İrana mümkün hücumuna hazırlaşır.

Bu barədə "The War Zone" nəşrinin yüksək vəzifəli İDF rəsmisinə istinadən məlumat verib. Ordu rəsmisi Vaşinqtonun planlarının dəyişə biləcəyini və hər şeyin bir nəfərin qərarından asılı olduğunu bildirib. O, ABŞ prezidenti Donald Trampı nəzərdə tutub. İsrail hakimiyyəti xarici aviaşirkətlərə 31 yanvar və 1 fevralda səmada "yüksək risk" olacağını bildirib. Mənbələr "Middle East Eye"yə bildiriblər ki, ABŞ bu həftə İrana hücum edə bilər. Mənbələr hücumun vaxtının dəyişə biləcəyini vurğulayıblar. İddia edirlər ki, hədəf İranda etirazçıların ölümünə görə məsuliyyət daşıyan yüksək vəzifəli İran rəsmiləri və komandirləri olacaq.

İrana hücum ehtimalını şərh edən Milli Məclisin deputatı Arzuxan Əlizadə “Sherg.az”a açıqlamasında ötən ilin dekabrın 28-dən etibarən İran daxilində başlayan və uzun müddət davam edən ictimai-siyasi gərginliyin hələ də tam səngimədiyini bildirib. Onun sözlərinə görə, mövcud proseslərin yaxın perspektivdə də ölkədaxilində davam edəcəyi ehtimalı kifayət qədər yüksəkdir: “Xüsusilə edam hökmlərinin icrası və kütləvi həbslərlə bağlı qərarların gündəmdə olması gərginliyi daha da dərinləşdirir. Bu proseslər təkcə daxili sosial-iqtisadi və siyasi problemlərlə bağlı deyil, eyni zamanda xarici aktorların müəyyən müdaxilələrinin də mövcud olduğu açıq şəkildə görünür”.

ABŞ-ın bu prosesdə olduqca fəal mövqe sərgilədiyini bildirən deputat vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə İranda edamların davam edəcəyi təqdirdə hərbi müdaxilə variantının istisna edilmədiyini bəyan edib: “Artıq İran sərhədlərinə yaxın ərazilərdə ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi, “Avraam Linkoln” aviadaşıyıcı gəmisinin bölgədə gözləməsi və hava hücumundan müdafiə sistemlərinin gətiriləcəyi ilə bağlı məlumatlar vəziyyətin nə qədər həssas olduğunu göstərir. Bütün bu addımların əsas məqsədi İranın mümkün cavab zərbələrinin qarşısını almaqdır.

İran ətrafında formalaşan geosiyasi mənzərə son dərəcə kritik xarakter daşıyır və istənilən an hərbi eskalasiyanın baş verməsi ehtimalı realdır. Ötən il baş vermiş və 12 gün davam edən İran–İsrail qarşıdurması bu ehtimalları daha da gücləndirir. Xüsusilə İsrail tərəfinin İranın nüvə potensialını artırmaq istiqamətində atacağı addımlara cavab olaraq preventiv zərbələrin mümkünlüyünü açıq şəkildə dilə gətirməsi regionu daha böyük təhlükə ilə üz-üzə qoyur”.

İran tərəfinin isə mümkün hücum halında yüzlərlə amerikalı hərbçinin həlak olacağı ilə bağlı sərt bəyanatlar səsləndirdiyini xatırladan A. Əlizadə qeyd edib ki, hələlik proses əsasən sözlü təhdidlər müstəvisində davam etsə də, hərbi toqquşma ehtimalı hər keçən gün daha da artır.

Bu kontekstdə deputat vurğulayıb ki, əgər İranla ABŞ və İsrail arasında genişmiqyaslı müharibə baş verərsə, Azərbaycan öz milli və dövlət maraqlarını ön plana çıxarmalı olacaq:

“Eyni zamanda Türkiyədə yerləşən ABŞ hərbi bazalarının mümkün hədəfə çevrilməsi ehtimalı Ankaranı prosesin bilavasitə iştirakçısına çevirir. Miqrant axınının qarşısının alınması məqsədilə Türkiyənin artıq müəyyən hazırlıq tədbirləri gördüyü də diqqətə çatdırılıb. Azərbaycan üçün bu məsələ xüsusilə həssasdır. İranın birbaşa qonşu dövlət olması, orada baş verə biləcək hərbi əməliyyatların regiona, o cümlədən Azərbaycana müxtəlif formalarda təsir göstərə bilməsi real təhlükədir. Bundan əlavə, İranda yaşayan 40 milyondan artıq azərbaycanlının taleyi ölkəmiz üçün son dərəcə önəmlidir. Əvvəlki 12 günlük müharibə zamanı olduğu kimi, rəsmi Bakının İsrail tərəfi qarşısında Güney Azərbaycan şəhərlərinin hədəf alınmaması ilə bağlı mövqeyini bir daha ortaya qoyması istisna deyil. Düşünürəm ki, Regionda baş verən bütün bu proseslər Azərbaycanın həm diplomatik, həm də təhlükəsizlik baxımından son dərəcə çevik və balanslı siyasət yürütməsini zəruri edir. Hadisələrin inkişafı diqqətlə izlənilməli, milli maraqların qorunması əsas prioritet olaraq qalmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью