Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 6 noyabr, AZƏRTAC
Son illərdə dünyada baş verən proseslər dövlətlərin gücünün yalnız iqtisadi və hərbi imkanlarla ölçülmədiyini, milli birliyin, tarixi yaddaşın, milli-mənəvi dəyərlərin və cəmiyyətin öz dövlətinə bağlılığının bu gücü müəyyən edən əsas amillər sırasında yer aldığını göstərir. Bu baxımdan, Azərbaycanın keçdiyi tarixi yol və formalaşdırdığı dövlət modeli xüsusi maraq doğurur. Bu modeli “vətəndaşlıq mənsubiyyətinə əsaslanan, lakin türk-müsəlman mədəni nüvəsindən qopmayan inklüziv milli kimlik” kimi səciyyələndirmək mümkündür. Azərbaycançılıq ideologiyası bu modelin konseptual əsasını təşkil edir. Onun kökləri XX əsrin əvvəllərinə gedib çıxır. Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” formulu və Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşdırılan milli dövlət təsəvvürü bu ideyanın ilkin mərhələsini təmsil edir. Ümummilli Lider Heydər Əliyev isə həmin irsi müstəqil dövlətin rəsmi ideologiyasına çevirdi. Beləliklə, azərbaycançılıq etnik mənsubiyyəti inkar etmir, onu ümumi vətəndaşlıq çətiri altında birləşdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Nəzrin Əlizadə deyib.
O bildirib ki, bu yanaşmanın praktiki nəticəsi dövlətin ölkədə yaşayan etnik qruplara bərabər münasibət göstərməsidir. Bu çərçivədə bütün icmalar özlərini Azərbaycan dövlətinin bərabər hüquqlu vətəndaşları kimi görürlər. Multikulturalizm dövlət siyasətinin hədəflədiyi dəyərlərdən biridir. Hər bir milli kimlik modeli kimi, azərbaycançılıq da daim inkişaf edən strategiyadır. Etnik dillərin təhsil və mediada daha geniş təmsil olunması, eləcə də vətəndaş cəmiyyətinin bu prosesə daha fəal cəlb edilməsi modelin dayanıqlılığını artıra bilər. Bununla belə, ümumi mənzərə Azərbaycanın etnik müxtəlifliyi təhdid kimi deyil, dövlətçiliyin zənginliyi kimi qəbul etdiyini təsdiqləyir.
Azərbaycanın regional güc strategiyası
O qeyd edib ki, Azərbaycan modelinin mühüm istiqamətlərindən biri də müharibədən sülhə keçid təcrübəsidir. Bunun dünyaya çatdırılması son dərəcə vacibdir. Çünki bu təcrübə beynəlxalq hüququn ən problemli sahələrindən birinə – hüquqi norma ilə real siyasət arasındakı boşluğa diqqət çəkir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr işğalçı qüvvələrin qeyd-şərtsiz geri çəkilməsini tələb edirdi. Lakin bu qərarlar təxminən otuz il ərzində icra olunmadı. ATƏT-in Minsk qrupu isə münaqişənin həllinə deyil, onun faktiki olaraq dondurulmasına nail oldu. Bu vəziyyət beynəlxalq institutların ikili standartların bariz nümunəsidir. Belə şəraitdə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququna əsaslandı. 2020-ci ildə Ermənistan tərəfinin Azərbaycan ərazisində, eləcə də sərhəd boyunca törətdiyi təxribatçı əməllərdən sonra ölkəmiz sərt güc vasitəsilə ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ilin sentyabrında isə suverenlik tam təmin olundu.
“Azərbaycan hərbi qələbəni maksimalist tələblərə deyil, sülh gündəliyinə çevirdi. Beynəlxalq münasibətlər terminologiyası ilə ifadə etsək, bu, sərt gücdən ağıllı gücə keçiddir. Hərbi potensial diplomatiya, iqtisadi əlaqələr və nəqliyyat layihələri ilə tamamlanır. Yohann Qaltunqun təsnifatına əsasən isə burada mənfi sülhdən – sadəcə atəşkəsdən – müsbət sülhə, yəni əməkdaşlıq və qarşılıqlı asılılıq üzərində qurulan sülhə doğru hərəkət müşahidə olunur.
2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişi ilə bağlı əldə olunan razılaşmalar, Ermənistana neft məhsullarının tədarükü və Zəngilan istiqamətində kommunikasiya infrastrukturunun qurulması bu keçidin konkret göstəriciləridir. Sülh sazişinin imzalanması isə Bakının Ermənistan Konstitusiyasında Qarabağla bağlı müddəaların dəyişdirilməsi tələbindən asılıdır”, - deyə o əlavə edib.
Beynəlxalq nüfuz və regional sülhün institusionallaşdırılması
N.Əlizadə qeyd edib ki, Prezident İlham Əliyevin BMT Baş katibinin iştirak etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının toplantısındakı çıxışı Azərbaycanın beynəlxalq hüquq, ədalət və sülh məsələlərindəki mövqeyini qlobal ictimaiyyətə çatdırmaq baxımından mühüm platforma olub. Bütün bu proseslərin nəticəsində Azərbaycan bu gün klassik “orta güc” anlayışına uyğun davranır. Ölkəmiz böyük güclərlə rəqabətə girmədən, regional proseslərdə həlledici aktor kimi çıxış edir və müxtəlif platformalar arasında körpü rolunu oynayır. Qoşulmama Hərəkatına sədrliyi, COP29-a ev sahibliyi, Türk Dövlətləri Təşkilatında fəal rolu və Orta Dəhliz layihəsində mərkəzi mövqeyi bu statusun göstəriciləridir. İslam dünyasının mühüm tədbirlərinə ev sahibliyi və 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi də bu xəttin davamıdır.
“Bu tədbirlər Azərbaycanın mövqeyini dünyaya çatdırması baxımından üç əsas imkan yaradır. Birincisi, narrativ imkandır: Azərbaycan müharibədən sülhə keçid təcrübəsini birbaşa beynəlxalq liderlərə təqdim edə bilər. İkincisi, körpü funksiyasıdır: eyni zamanda, İslam dünyası, Avropa və Türk dünyası platformalarına ev sahibliyi etmək Azərbaycanın çoxvektorlu xarici siyasətinin konkret təzahürüdür. Bu, ölkənin “sivilizasiyalararası dialoq” iddiasına praktik məzmun verir. Üçüncüsü isə regional sülhün institusionallaşdırılmasıdır. Avropa Siyasi Birliyinin sammitlərinin həm Ermənistanda, həm də Azərbaycanda keçirilməsi və iki ölkənin bir-birinin namizədliyini dəstəkləməsi Cənubi Qafqazın münaqişə məkanından əməkdaşlıq sahəsinə çevrilməsinin simvolik, lakin mühüm göstəricisidir”, - deyə o vurğulayıb.