Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
“Bu saziş Azərbaycan ilə Monqolustan arasında genişhəcmli hava əlaqələrinin yaradılması üçün hüquqi əsaslar formalaşdırır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zaur Şükürov parlamentin bu gün keçirilən iclasında Azərbaycan və Monqolustan hökumətləri arasında hava əlaqəsi haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O xatırladıb ki, 24 maddədən ibarət saziş 6 may 2026-cı ildə imzalanıb.
Zaur Şükürovun sözlərinə görə, sənəd razılaşdırılmış marşrutlar üzrə sərnişin, baqaj, yük və poçt daşımalarının təşkili, həmçinin tərəflərin təyin etdiyi aviaşirkətlərin fəaliyyətinin tənzimlənməsi üçün hüquqi əsas yaradır.
Deputat qeyd edib ki, sazişdə aviasiya təhlükəsizliyi, tariflər, gömrük və vergilərdən azadolma, ətraf mühitin qorunması, aviaşirkətlərin təmsilçiliyi və digər məsələlər də tənzimlənir.
Sazişə əsasən, Azərbaycan aviaşirkətləri üçün Bakı, Gəncə, Naxçıvan, Lənkəran və Qəbələ, Monqolustan aviaşirkətləri üçün isə Ulan-Bator, Ölgiy və Çoybalsan məntəqələri müəyyənləşdirilib.
Zaur Şükürov bildirib ki, saziş iki ölkənin xalqları arasında əlaqələrin genişlənməsinə və turizmin təşviqinə töhfə verə bilər.
Zeynəb Rzayeva