Azərbaycan mühacirət mətbuatında 15 Sentyabr Bakı zəfəri

15.09.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Mübariz Ağalarlı
AMEA-nın Tarix və Etnologiya Institutunun
 aparıcı elmi işçisi, dosent

 

(«İstiqlal» qəzeti və «Qurtuluş» məcmuəsi əsasında)
 

1920-ci il 27 aprel bolşevik işğalından sonra xarici ölkələrə sığınmaq məcburiyyətində qalan Azərbaycan Cümhuriyyətinin (1918-1920) siyasi elitası milli istiqlal davasını mühacirət mətbuatı vasitəsilə davam etdirmişdir. Sovet rejiminin təzyiqləri nəticəsində Türkiyə Cümhuriyyəti hökuməti öz ərazisində mühacirət orqanlarının fəaliyyətini məhdudlaşdırmağa məcbur qalmış, İstanbulda çıxan «Odlu yurd», «Azəri-Türk», «Yeni Türküstan» məcmuələri və «Bildiriş» qəzeti qapadılmışdır. Bu səbəbdən Azərbaycan mühacirətinin rəhbəri Məhəmməd Əmin Rəsulzadə fəaliyyət mərkəzini Almaniyaya — Berlinə köçürmüş, Azərbaycan Milli Mərkəzinin (1924-cü ildə İstanbulda təsis edilmişdir) ideoloji xəttini Avropa mərkəzindən yürütməyə başlamışdır. Bu mübarizənin 1930-cu illər mərhələsində Berlində nəşr olunan «İstiqlal» qəzeti və «Qurtuluş» məcmuəsi milli yaddaşın qorunmasında və tarixi faktların təbliğində müstəsna yer tutur.

“İnsanlara hürriyyət! Millətlərə istiqlal!” şüarı ilə 1932-ci il yanvarın 10-dan etibarən nəşrə başlayan və baş mühərriri M.Ə.Rəsulzadə olan «İstiqlal» qəzeti «Milli Azərbaycan İstiqlal davasını təbliğ edən siyasi qəzet» məramı ilə 10 gündən bir işıq üzü görürdü. Qəzetin demək olar ki, bütün saylarının proqram xarakterli başməqalələrini şəxsən M.Ə.Rəsulzadə özü qələmə alırdı. O, nəşrin ilk nömrəsindəki «Qısılmayan bir səs» adlı başməqaləsində Türkiyədəki nəşrlərin dayandırılmasını xatırladaraq istiqlal mübarizəsinin hər cür maneəyə rəğmən davam edəcəyini bəyan etmişdi. Bu münasibətlə Rəsulzadə yazırdı: “Mütaliənizə təqdim olunan bu qəzet müqəddəs bir cihadın müdafiəsi üçün ucalan bir səsi mədəniyyət dünyasına əks etdirmək üzrə nəşr olunur. Milli Azərbaycan İstiqlal davasının səsi! — bax, bizə həyəcan verən bir nida!.. Bu gün Berlindən eşitdiyiniz bu səs, on ilə yaxın bir müddətdən bəri İstanbuldan gəlirdi; və nə qədər təbii idi. Gənc bir türk vətəninin, istilaya uğramış bir türk millətinin qəsb edilmiş haqqını və layiq olduğu istiqlalını müdafiə etmək üçün türkcə olaraq intişar edən bir nəşriyyata sığınacaq olaraq qardaş Türkiyədən daha münasib bir yer təsəvvür oluna bilərdimi?!.. Xeyr, olamaz! Mümkün deyil!.. Türkiyə Cümhuriyyəti hökumətinin qərarı ilə İstanbulda nəşr edilən «Odlu Yurd», «Azəri-Türk», «Yeni Türküstan» məcmuələri ilə «Bildiriş» qəzetəsi qapanmışdır!... 

Düşünürük ki, haqqında acı bir təəssüflə bəhs etdiyimiz bu hadisə Türkiyə Cümhuriyyəti ricalının (dövlət xadimlərinin) təqib etdikləri proqramdan deyil, tətbiq etdikləri taktikadan irəli gəlir. Gerçi bu qənaətdəyik ki, həddindən artıq irəli aparılan bu taktikadan bizzat proqram və ideal dahi zərər görür. Bununla bərabər, Azərbaycan mücadiləsini bir an belə durmadan bütün cahana əks etdirmək ehtiyacındayıq. Türkiyə taktikasının dəyişəcəyinə intizarən (ümidlə gözləyərək), Azərbaycan hərəkatının, çox təbii olaraq, səsi qısıq qala bilməz!.. Bu gündən etibarən burada nəşrinə başladığımız bu qəzet, bax, bu qısılmayan səsin ifadəsidir! Berlində çıxan bu qəzet, İstanbulda qapanan qəzetlərin gördükləri vəzifəni davam etdirməklə mükəlləfdirş. Onun nə kimi bir məqsəd və proqram təqib edəcəyini ifadə üçün bir cümlə kafidir: — Qısılmayan bir səs!..” (Resulzade M.E. Kısılmayan bir ses // «İstiklâl» gazetesi. – Berlin, 1932, 10 İkinci kânun (ocak / yanvar). – Yıl 1, No. 1. – s. 1.)
 Əsasən «Son poçta», «İstiqlalçılar cəbhəsində», «Məlumatlar» və «Azərbaycanda» rubrikaları altında materiallar təqdim edən qəzetdə M.Ə.Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Mirzə Mehdiyev, Hilal Münşi, Abdulla Cövdət və digər ziyalıların yazıları yer alırdı.
1932-ci il yanvarın 10-da nəşrə başlayan «İstiqlal» qəzetinin fəaliyyəti 1934-cü il oktyabrın 18-dək davam etmiş və 68 nömrəsi işıq üzü görmüşdür. Nəşr Azərbaycanın sovet istilasına qarşı mücadiləsini Avropada təmsil edən əsas mətbuat tribunası olmuşdur.

«İstiqlal» qəzetinin ardınca, 1934-cü ilin noyabrından etibarən Berlində aylıq nəzəri-siyasi məcmuə kimi fəaliyyətə başlayan «Qurtuluş» jurnalı (Azərbaycan Milli Qurtuluş Hərəkatının orqanı) hərəkatın ideoloji bazasını davam etdirdi. M.Ə.Rəsulzadənin rəhbərliyi və ideoloji rəhbərliyi ilə çıxan bu məcmuədə də strateji məsələlərə həsr olunmuş başməqalələr bilavasitə onun imzasını və ideya dəst-xəttini daşıyırdı. Nəşrin fəaliyyəti 1939-cu ilin iyun-iyul aylarında çıxan 56–57-ci qoşa sayına qədər davam etmişdir. 
Əgər «İstiqlal» operativ siyasi publisistika dili ilə cəbhədə mübarizə aparırdısa, «Qurtuluş» məcmuəsi Cümhuriyyət tarixini, Qafqaz geosiyasətini və beynəlxalq münasibətləri dərin analitik təhlillərlə oxucuya çatdırırdı. 
Hər iki mətbu orqanın daimi və ideoloji baxımdan aparıcı tədqiqat istiqamətlərindən birini Azərbaycan dövlətçiliyinin taleyində həlledici rol oynamış 15 Sentyabr 1918-ci il Bakı zəfəri təşkil etmişdir. «İstiqlal» qəzetinin 20 sentyabr 1933-cü il tarixli 42-ci sayında Məhəmməd Əmin Rəsulzadənin imzası ilə dərc olunmuş «15 Sentyabr münasibətilə» sərlövhəli məqalə bu baxımdan elmi və tarixi əhəmiyyət daşıyır. Müəllif yazır: “Bundan on beş il əvvəl idi. Azərbaycan Cümhuriyyətinin ordusu müttəfiqi qardaş Türkiyə hərbi hissələri ilə birlikdə düşmən istilasına məruz qalmış paytaxtı xilas edirdi. Bakının türk və müsəlman əhalisi bu tarixdən altı ay əvvəl tariximizdə «Qanlı Mart» deyə anılan günlərdə qızıl rus bolşevikləri ilə müttəfiqləri «Daşnaksütyun» dəstələri tərəfindən qırğına məruz qalmış və həmin andan etibarən Azərbaycan yurdundan ayrılan bu şəhərdə azərbaycanlılar hər cür təhqir və əsarətə məhkum edilmişdi...
Sözdə bütün məhkum millətlərin azadlıq və istiqlalı uğrunda vuruşan bolşevizm — o zaman — məlum Şaumyana Türkiyə və Qafqaz ərazilərindən ibarət böyük Ermənistan qurmaq üçün tam səlahiyyət vermiş və bu zəmində onu «Daşnaksütyun» partiyası ilə danışıqlar aparmağa vəkil təyin etmişkən, mərkəzi Bakı olmaqla Azərbaycan Cümhuriyyətinin azadlıq və istiqlalından bəhs edən müsavatçıları təhdid etmiş, Rusiyanın azərbaycanlılara azadlıq və istiqlal deyil, bir xarabazar verəcəyini öz partizanlarının dili ilə bəyan etmişdi.
Yuxarıda qeyd etdiyimiz Mart qırğını məhz bu təhdidin sözdən əmələ keçirilməsindən başqa bir şey deyildi. Qızıl Moskva Azərbaycan məfkurəsini qanla söndürmək və istiqlal fikrini yanğınlarla məhv etmək istəmişdi.

«31 Mart hadisəsi» kimi tanınan bu vəhşilik düşmənin gözlədiyinin əksinə olaraq Azərbaycan xalqının milli mənliyini yaralamış və bu yaranın təsiri ilə o, çəkdiyi acının intiqamını almaq və haqqı olan istiqlalına qovuşmaq üçün mübarizəsini davam etdirmişdi.
15 Sentyabr məhz bu əzmin zəfərini təmin edirdi. Bu gün Azərbaycan xalqı əsir paytaxtını düşməndən qurtarmaqla susadığı intiqamını alırdı.
Təkcə intiqammı?!.. Xeyr! Azərbaycan xalqının tarixində bu gün az qala 28 May qədər böyük bir dəyərə malikdir. 28 Mayda Cümhuriyyətin istiqlalı bütün cahana elan edilmişdisə, 15 Sentyabrda bu istiqlal faktiki olaraq təsdiqlənmiş, Azərbaycan hökuməti öz təbii mərkəzinə zəfərlə daxil olmuşdur”. (Resul-zade, M. E. 15 Eylûl münasebetile / M. E. Resul-zade // İstiklâl. – Berlin, 1933. – 20 Eylûl (№ 42). – Yıl 2. – s.1).
Dövrün mühacirət publisistikasında 15 sentyabr tarixi hadisəsinin konseptual və nəzəri-siyasi mahiyyətini təhlil etmək baxımından «Qurtuluş» məcmuəsinin 1935-ci il sentyabr nömrəsində dərc edilmiş «Bir zəfərin ildönümü» sərlövhəli başməqalə də mühüm elmi-siyasi mahiyyət kəsb edir. Məqalədə deyilir: “İl 1918. Ay sentyabr. Gün 15!... Azərbaycanlısınızsa, şübhəsiz, hansı zəfərdən bəhs edəcəyimizi anladınız!.. 15 sentyabr... Bəli, bu, milli tariximizin böyük gününü, istiqlal mübarizəmizin şanlı zəfərini göstərən bir tarixdir. Bundan on yeddi il əvvəl Bakı — bu tarixi şəhər — hürriyyətimizi boğan, milliyyətimizi heçə sayan, istiqlaliyyətimizi danan və uşaq-uşağa, qoca və qadınlara baxmayaraq, vətənimizi məşhur Mart hadisəsi kimi qırğınlarla atəş və qılıncdan keçirən qanlı düşməndən xilas edilmişdir.
İstiqlal savaşımızda təsiri əsrlər və nəsillərcə qalacaq Milli Cümhuriyyətin qurtuluşu, şübhə yoxdur ki, varlığını bu xilasa borcludur. Bu xilas ilə təkcə altı ay əvvəl rus bolşevikləri tərəfindən silahsız türk əhalisi üzərində törədilmiş qanlı qırğının intiqamı alınmamışdır. Güdülən məqsəd hürriyyət, milliyyət və istiqlal qayəsi idi. Tarix yeni bir Türk hökumətinin qurulmasını sıraya qoymuşdu. Bu xilas ilə Azərbaycan Cümhuriyyətinin varlığı təmin olunurdu.

Türk tarixinin bu yeni varlığı, doğulduğu günün ən məsuliyyətli çağında, Türk qardaşlığının unudulmaz bir həmləsindən bəhrələnirdi. Azərbaycanlı mücahidlərə təşkilat və təchizatca özlərindən üstün qüvvələrə qarşı qələbə çaldıran amil Türk əsgərlərinin yardımı idi. O zamankı təbirlə Osmanlı ordusunun Azərbaycana göstərdiyi yardım və Anadolu Mehmetciyinin Bakı qapılarındakı cihadı qardaş istiqlalı və Türk varlığı üçün aparılmış cihadların ən müqəddəsidir. Azəri Məmişlə qol-boyun olaraq qardaş məzarında yatan anadolulu Mehmetciyin xatirəsi bizə kütləvi fədakarlığın nə olduğunu minnət və şükranla bildirəcəkdir… (Bir zaferin yıl dönümü. (1935, Eylül). Kurtuluş,  2(11), Berlin, s. 293–294).
Azərbaycan mühacirət mətbuatında 15 Sentyabr Bakı zəfərinin tarixi, iqtisadi və beynəlxalq-siyasi əhəmiyyətini ən kamil şəkildə sistemləşdirən tədqiqatlardan biri Mirzə Bala Məmmədzadənin qələminə məxsusdur. Müəllifin «Qurtuluş» məcmuəsinin 1936-cı il sentyabr sayında işıq üzü görmüş «Bakı məsələsi: 15 Sentyabr zəfərinin 18-ci ildönümü münasibətilə» sərlövhəli məqaləsi 1918-ci il zəfərini lokal hərbi hadisə sərhədlərindən çıxararaq qlobal «Şərq məsələsi» müstəvisinə qaldırır. M.B.Məmmədzadə məqaləsində qeyd edir ki, Bakı təkcə tükənməz neft sərvəti ilə deyil, həm də Qərbi Şərqlə bağlayan ticarət magistralı, Xəzər dənizinin yeganə açarı və Türküstanla İdil-Uralı Azərbaycana birləşdirən məfkurəvi körpüdür. Məqalədə çar Rusiyasının I Pyotrdan başlayan işğalçılıq yürüşlərinin pərdəarxası açılır, 1872-ci ildən sonra təşəkkül tapan yerli türk burjuaziyasının Milli İstiqlal Hərəkatının mayasına çevrilməsi faktlaşdırılır və 15 Sentyabr zəfərinin Qafqazın sovetləşməsini iki il ləngidərək Şərq xalqlarının istiqlal mücadiləsinə strateji sipər olduğu elmi dəqiqliklə əsaslandırılır. 
Müəllif yazır: “Yeni tariximizin böyük günlərindən ən böyüyü olan 15 Sentyabr zəfərinin 18-ci ildönümünü xatırlayırıq. Bu gün birləşmiş Azərbaycan–Türkiyə orduları Bakını tarixi və əbədi düşmənimizdən təmizləmiş, bununla da Yaxın və Orta Şərqin tarixində yeni bir dövr açmışdır. Bakının düşməndən təmizlənməsi və əsl sahibi olan azərbaycanlıların əlinə keçməsinin Yaxın və Orta Şərq tarixində yeni bir dövr açmaq anlamına gəldiyini dərk etmək üçün Bakını bir neçə aspektdən nəzərdən keçirməyimiz lazımdır.
Bakının düşmən əlinə keçməsi bugünkü vəziyyəti doğururdu; yəni təkcə Bakı deyil, onunla birlikdə bütün Azərbaycan istilaya uğramış və qonşu cümhuriyyətlər dahi təhlükə altına düşmüşdülər. Bakının alınması Azərbaycan istiqlalının gələcəyini təmin etmiş, qonşu Qafqaz cümhuriyyətlərindən Gürcüstanla Ermənistanın qızıl rus istilasına məruz qalmasına mane olmuş və Şimali Qafqaziyanın qurtulmasına yol açmışdır. 

Bakı məsələsinin axıdılan Türk qanı bahasına Azərbaycan xeyrinə həlli təkcə Azərbaycan və Qafqaz baxımından deyil, bütün türklük və müsəlmanlıq aləminin mənafeləri baxımından da güclü idi.
Bakı yalnız sonsuz, tükənməz sərvətləri etibarilə deyil, tutduğu coğrafi mövqeyi baxımından da qlobal əhəmiyyətə malikdir. Qərbi Şərqlə birləşdirən tarixi ticarət yolları üzərində dayanan Bakı Xəzər dənizinə hakim bir qala və bu dənizin bircə limanı, ticarət və tranzit mərkəzidir. İranın və Türküstanın dünya ilə olan əlaqəsi Bakı vasitəsilə qurulur. Bakı kimindirsə, Xəzər dənizi də onundur. Xəzər dənizi isə Türküstanla İdil-Uralı Azərbaycanla birləşdirən bir körpüdür. Bu baxımdan Bakı məsələsinin həlli ilə Türklük məsələsinin həlli üçün yol açılmış olurdu.
Rəsulzadə Məhəmməd Əmin bəy Bakının alınması münasibətilə 1919-cu ildə qələmə aldığı bir məqaləsində belə deyir: «Bakı — Türklüyün şahrahı üzərində yerləşən, sönməz atəşlərlə yanan bir məfkurə məşəlidir”
Bakının fəthi Azərbaycanın böyük milli amallarının həyata keçməyə başlaması demək olduğu şübhəsizdir. Təkcə Azərbaycan, Qafqaz, Türklük və müsəlmanlıq baxımından deyil, Bakı məsələsinin həlli bütün Şərq məsələsinin yeni bir mərhələyə qədəm qoyması demək idi. Azərbaycan Cümhuriyyətinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə 1920-ci ilin əvvəlində böyük mütəfəkkirimiz mərhum Akçuraoğlu Yusif bəy söylədiyi nitqində belə demişdi: «Bakı, İstanbul, Bəsrə, Süveyş — Şərq məsələsinin dörd küncüdür. İstanbul dünya ticarətinin həyati damarlarından biridirsə, Bakı da dünya sənayesinin başlıca həyat mənbələrindən biridir. Kardif və koksun vətəni Böyük Britaniya adasıdırsa, neft və petrolun mənbəyi Bakı və Abşeron yarımadasıdır. İstanbulun coğrafi mövqeyi özünə necə fəlakət gətirmişsə, Bakının tükənməz sərvəti də başına eləcə bəladır»…

Bakı və onunla birlikdə Azərbaycan və bütün Qafqaziya məsələsi — Şərq məsələsi deməkdir. Və 18 il bundan əvvəl Bakının qurtuluşu uğrunda axıdılmış olan qan təkcə Azərbaycan istiqlalı üçün deyil, bütün Qafqaziya, bütün Türklük və bütün müsəlmanlıq dünyası üçün axıdılmışdır. (Mehmed-zade, M. B. Bakû mes'elesi: (15 Eylûl zaferinin 18-nci yıl dönümü münasebetile) / M. B. Mehmed-zade // Kurtuluş. – Berlin, 1936. – Yıl 3, Sayı 23. – S. 621–624.).
Məhəmməd Əmin Rəsulzadənin «Qurtuluş» məcmuəsinin 1937-ci il sentyabr nömrəsində (№ 35) işıq üzü görmüş «15 Sentyabr münasibətilə» sərlövhəli məqaləsi hadisənin 19-cu ildönümündə sovet rejiminin repressiya maşınının («Böyük terror»un) ən qızğın dövrünə təsadüf etməsi ilə fərqlənir. Müəllif 1918-ci il Bakı zəfərini milli özünəgüvən və Azərbaycan–Türkiyə hərbi qardaşlığının təntənəsi kimi dəyərləndirməklə yanaşı, bolşevizmin vədlərinə aldanaraq 1920-ci ildə hakimiyyəti sovetlərə təslim edən «27 Aprel qəhrəmanları»nın 1937-ci ildə elə sovet cəza orqanları tərəfindən «təmizləndiyini» acı bir ibrət dərsi kimi önə çəkir və milli qurtuluşun yalnız özünə və təbii müttəfiqlərinə güvənməkdən keçdiyini vurğulayır.

M. Ə. Rəsulzadə öz məqaləsində yazır: “Bundan 19 il əvvəl sentyabrın 15-də Bakıda Azərbaycan tarixinin mühüm bir hadisəsi baş vermişdir! Bu gün milli qurtuluş hərəkatımızda tarixi mərhələ təşkil edən böyük bir zəfər qazanılmışdır!..
Milli Azərbaycan qüvvələri yardımlarına qaçan qardaş Türkiyə qüvvətləri ilə birlikdə düşmən istilası altında olan Bakını əsarətdən xilas etmiş və bununla da yeni Türk tarixində silinməz iz qoyan Azərbaycan Cümhuriyyətinin qurulmasını faktiki olaraq təmin etmiş, ideya baxımından əbədiləşdirməyə vəsilə olmuşdur!..

15 Sentyabrda Bakıda elan olunan milli zəfər — Milli Azərbaycan idealı, türklüyün əbədi düşməni rusluqdan doğan «Moskva əməli»nin yardımı ilə deyil, əksinə, ona qarşı, öz gücü və qardaş Türk yardımı ilə qurtarılmışdır!.. Milli qüvvələrlə milliyyət naminə və milli istiqlal üçün!.. Bax, 15 Sentyabr zəfərinin ifadə etdiyi məna budur!
Milli mənafelərin bu prinsip xaricində də müdafiə oluna biləcəyini zənn edən qafillərə, təkrar yadelli əlinə keçmək bədbəxtliyinə düçar olan Azərbaycanın 17 ildən bəri davam edən faciəsi ibrətli bir misal və öyrədici bir fəlakətdir!..
Rus bolşevizminə, məhkum və məğdur millətlərin beynəlxalq himayədarı kimi baxan «27 Aprel qəhrəmanlarından» bu gün milliyyətçilik və casusluqla ittiham olunub «təmizlənməyən» demək olar ki, bircə nəfər də qalmamışdır!.. (Resul-zade, M. E. 15 Eylûl münasebetile / M. E. Resul-zade // Kurtuluş. – Berlin, 1937. – Yıl 4, Sayı 35. – S. 910.).

Mühacirət mətbuatında 15 Sentyabr zəfərinin beynəlxalq miqyasda və xarici ictimai rəydə dərki məsələsinə toxunan ən maraqlı qaynaqlardan biri gənc alman şərqşünası İohannes Benzinqin «Qurtuluş» məcmuəsinin 1937-ci il sentyabr nömrəsində dərc edilmiş “Bakı zəfəri — bəşəri bir vəzifənin zəfəridir” adlı məqaləsidir. Müəllif 1918-ci ildə çar və bolşevik təbliğatının təsiri altında qalmış alman mətbuatının birtərəfli mövqeyini tənqid edir, Bakının qurtuluşunu təkcə milli istiqlal davası deyil, həm də Qafqazı bolşevizmdən qoruyan «bəşəri bir vəzifənin zəfəri» kimi dəyərləndirir. O, yazır: “Azərbaycanın bu şanlı gününü xatırlayarkən məqsədimiz həmin zəfərin o dövrdəki alman ictimai fikrində, Azərbaycan düşmənlərinin təbliğatının təsiri nəticəsində, sözün əsl mənasında, təəssüf ki, tamamilə yanlış bir əks-səda və qənaət doğurduğunu göstərmək və eyni zamanda yeni Almaniyada isə sözügedən hadisələrə düzgün, dürüst və sağlam bir baxışla yanaşmaq ənənələrinin getdikcə daha artıq dərəcədə kök saldığını sevinclə qeyd etməkdir.

Məlum olduğu üzrə, Brest-Litovsk sülh müqaviləsinə 27 avqust 1918-ci ildə imzalanan bir əlavə ilə Almaniya tərəfindən öhdəyə götürülmüş bəzi təəhhüdlər həm Osmanlı Türkiyəsinin, həm də azərbaycanlıların narazılığına səbəb olaraq Almaniya ilə Türkiyənin arasını vurduğu kimi, iki dövlət arasında bir sıra anlaşılmazlıqlara da zəmin yaratmışdı.
O zamankı alman siyasi dairələri «İttihad və Tərəqqi»nin Qafqaz türklərini bolşevik-rus qırğınından xilas etmək uğrundakı təşəbbüslərini tanımaq istəmədikləri kimi, bolşevik vəbasının nə qədər təhlükəli olduğunu da, əfsuslar olsun ki, qətiyyən dərk edə bilmirdi; həmin dairələr 1917-ci ildən bəri bütün Qafqazda və xüsusən Azərbaycanda bolşevizm pərdəsi altında yenidən baş qaldırmış yeni rus imperializmini və buna qarşı elan edilmiş möhtəşəm mücadiləni, xüsusilə Bakının müştərək rus-erməni çetelərindən geri alınması uğrunda aparılan mübarizənin əsl mahiyyətini dərk edə bilməyərək, bunların ətrafında dolaşıb dururdu. Leninin əhatəli imperialist planları o dövrdə, əfsuslar olsun ki, nə Almaniya siyasi dairələrinə, nə də alman ictimai fikrinə zərrə qədər də olsa məlum deyildi. Bolşevizmə «keçici bir xəstəlik» kimi baxılırdı. 
Məhz bu səbəbdəndir ki, 15 Sentyabr Bakı zəfəri haqqında o zaman alman mətbuatında çıxan cürbəcür yazılarda, əsl həqiqətin doğru və dürüst işıqlandırılması əvəzinə, bu zəfərin ifadə etdiyi həqiqi məna tamamilə kölgədə qoyulur və «Azərbaycan tatarlarının Bakıda zavallı erməniləri qətliama məruz qoymasından» eninə-boyuna bəhs edilirdi.

Unudulurdu ki, müştərək rus-bolşevik-erməni çetelərinin günahsız azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərə qarşı — Azərbaycan fürsət tapan kimi — təbii olaraq eyni şəkildə cavab vermək haqqına sahib idi və heç kəsin ağlına gəlmirdi ki, Bakı, nəhayət, Azərbaycanın qəlbi, mədəni və iqtisadi beşiyi və paytaxtı olan xalis bir Türk şəhəridir.
Zaman keçdi. Bugünkü Almaniya bolşevizm əleyhinə cihad elan etdi və Moskvanın üzündən imperialist maskasını qopardı. Bolşevizmin nəinki sadəcə bir təhlükə, hətta bir zəhər olduğu belə bu gün bütün almanlar, bütövlükdə bütün mədəni dünya tərəfindən qəbul edilmiş bir həqiqətdir. Məhz bu səbəbdəndir ki, Bakı zəfəri bu gün Almaniyanın bu məsələlərlə maraqlanan siyasi dairələri və hadisələri dərk edən ictimai fikrimiz tərəfindən artıq layiq olduğu tərzdə qiymətləndirilməkdədir.
Buna görə də, Bakı zəfərinin 19-cu ildönümündə bunu bəyan edirik: 19 il bundan əvvəl Türk ordusunun «yazıq erməniləri qarət etdiyi» şəklində qələmə verilən bir hadisəni bu gün biz almanlar və bizim kimi bütün mədəni millətlər neçə illərdən bəri yerində və haqlı olan milli bir qisas, azərbaycanlıların qardaş Türk ordusu yardımı ilə öz paytaxtlarını rus-bolşevik pəncəsindən qurtaran bir zəfər və bununla da nəinki təkcə Odlar Yurdu Azərbaycanın, Qafqazdakı digər millətlərin də heç olmasa iki-üç il bolşevik zülmündən qorunmasını təmin edən tarixi bir hadisə kimi qəbul edirik.

Azərbaycan türkü 15 Sentyabr 1918-ci il zəfəri ilə Qafqazda mədəni və bəşəri bir vəzifəni yerinə yetirmiş oldu. Milli istiqlal uğrunda qazanılan Bakı zəfərinin ən böyük mənası onsuz da bu olduğu kimi, ümumi antibolşevik nəzəriyyəsi baxımından da xüsusi bir dəyəri vardır. (Benzing, J. Bakû zaferi — insanî bir vazifenin zaferidir / J. Benzing // Kurtuluş. – Berlin, 1937. – Yıl 4, Sayı 35 (Eylül). – S. 914–916.).
15 Sentyabr Bakı zəfərinin hərbi-tarixi və sənədli xronikasını mühacirət irsində ən xırdalıqlarına qədər canlandıran mühüm mənbələrdən biri Mirzə Bala Məmmədzadənin «Qurtuluş» məcmuəsində dərc olunmuş «Bakı yollarında: Bakı zəfərinin 17-ci ildönümü münasibətilə» sərlövhəli geniş tədqiqat-resenziyasıdır. Müəllif Türkiyə Cümhuriyyəti Baş Qərargah Hərb Tarixi İdarəsinin rəsmi nəşri olan podpolkovnik Rüştü bəyin «Böyük hərbdə Bakı yollarında 5-ci Qafqaz Piyada Firqəsi» əsərinə istinadən hərəkatın bütün hərbi xəritəsini, qüvvələr nisbətini, cəbhə yazışmalarını və döyüş salnaməsini təqdim edir. M.B.Məmmədzadə Qafqaz İslam Ordusu ilə Azərbaycan könüllülərinin çiyin-çiyinə vuruşmasını təkcə hərbi qurtuluş kimi deyil, şəhid məzarları ilə möhürlənmiş əbədi qardaşlıq və istiqlal andı kimi qiymətləndirir.
Məqalənin sonunda müəllif Rüşdü bəyin Türkiyə-Azərbaycdan qardaşlığını ehtiva edən fikirlərini qeyd etməklə yanaşı, öz kədərli düşüncələrini də ifadə edir: “Təslim danışıqlarında şəxsən iştirak etmiş podpolkovnik (kaymakam) Rüştü bəy, 17 noyabr 1918-ci ildə Bakının ingilislərə təhvil verilərək Türk ordusunun bir hüzn içində geri çəkildiyinə dair sətirləri əlavə etməzdən əvvəl, Türk qardaşlığının əbədi bir nişanəsi olan bu qiymətli əsərini aşağıdakı sözlərlə tamamlayır:

«Beşinci Qafqaz Diviziyasının dörd ay yarım ərzində Azərbaycanın istiqlalı uğrunda vuruşaraq verdiyi şəhid və mərhumların qanları ilə suvarılan bu qardaş məmləkət torpaqları üzərində — Gəncədə, Göyçay–Ağsu–Şamaxı–Bakı şossesi boyunca, Müsüslü–Kürdəmir–Karrar–Hacıqabul–Bakı dəmir yolu boyunca, Qarabağda və Kür çayı sahillərində xalqın ziyarətgah halına gətirdiyi bir çox təvazökar və hüznlü məzarlara rast gəlinir ki, bax bunlar irqinin imdadına qaçan Anadolu Mehmetciyinin mübarək məzarlarıdır. Əksər yerlərdə Mehmetciklə bərabər yanaşı, qoyun-qoyuna yatan Azəri türkləri də vardır...»
«...Eyni soy-kökə mənsub bu iki millət arasındakı bağ və münasibət tökülən qanlarla daha möhkəm bir bağlam qazanmışdır. Anadolu türklərinin Azərbaycanın istiqlal və gələcəyi uğrunda apardıqları çətin və qanlı döyüşlər, əminəm ki, nəsildən-nəslə nəql ediləcək unudulmaz bir dastana çevriləcəkdir».
Biz də möhtərəm qardaşımız Rüştü bəyi əmin edirik ki, o, bu sözlərlə bütün Azərbaycanın hisslərinə tərcüman olmuşdur. Otuz altı saatlıq meydan müharibəsi meydanında — Bakıya və bütün Xəzərə hakim olan Çəmbərəkənd təpəsində Anadolu Mehmetciklərinə daha ingilis işğalı dövründə əbədi bir minnətdarlıq abidəsi ucaldan Milli Azərbaycan Hökuməti də eyni duyğu və eyni inamla hərəkət etmişdi. Azərbaycan indi məhkumdur, əsirdir. Türklüyün ortaq mübarək qanı ilə, bu qədər fədakarlıqlar nəticəsində qazanılmış olan bir istiqlalın kimlərin, hansı xain əllərin xəyanəti nəticəsində süquta uğradığını Rüştü bəy də bilməmiş deyildir. O xain əllərin başında Bakının qurtuluşunda iştirak edən Xəlil Paşanın (Ənvər Paşanın əmisi) durduğunu da hamı bilir.

1918-ci ilin sonunda Azərbaycanın Türk ordusu tərəfindən hansı vəziyyətdə tərk edildiyi məlumdur. Ordusuz, müdafiəsiz Azərbaycana ingilis himayəsi altında yenə rus və erməni qüvvələri qayıtmışdı. Azərbaycan yenidən istiqlaliyyətini təmin etməyə girişmişdi. Bir tərəfdən məhdud hərbi kadrlardan ibarət milli ordu yaradır, asayiş və təhlükəsizliyi təmin edir, milli, mədəni və iqtisadi işləri tənzimləyir, digər tərəfdən dünya dövlətlərinə özünü tanıtmağa çalışırdı. O, bütün bu sahələrdə uğur qazanmış, kiçik də olsa bir ordu yaratmış, onunla Lənkəran və Muğandan düşmənləri təmizləmiş, Qarabağdakı erməni qiyamını yatırmış, dünya dövlətləri tərəfindən tanınaraq rus-erməni qüvvələrini yenidən Bakıdan çıxarmışdı. Lakin şimaldan üzərimizə gələn qızıl barbarlarla əlbir olan xain əllər bu azadlıq həyatını əsarətə çevirdilər...” (Mirza-Bala. Bakû yollarında: Bakû zaferinin 17-nci yıl dönümü münasebetile (1918 – 15 Eylûl – 1935) / Mirza-Bala // Kurtuluş: Azerbaycan Millî Kurtuluş Hareketinin Organı. – Berlin, 1935, Eylül. – Yıl 2, Sayı 11. – S. 296–303.).

Ümumiyyətlə, «İstiqlal» qəzeti və «Qurtuluş» məcmuəsinin təhlili göstərir ki, 15 Sentyabr Bakı zəfəri mühacirət mətbuatında sadəcə təqvim xarakterli tarixi hadisə kimi deyil, Cümhuriyyət ideologiyasının və milli dövlətçilik iradəsinin təməl daşı olaraq şərh edilmişdir. Sovet rejiminin Bakının qurtuluşunu təhrif edərək unutdurmaq cəhdlərinə qarşı mühacirət qələm sahibləri bu zəfəri qan bahasına əldə olunmuş milli varlıq haqqı kimi müdafiə etmiş, 27 Aprel işğalının bu böyük qələbənin mənəvi-hüquqi dəyərini heç vaxt kölgələyə bilməyəcəyini əsaslandırmışlar.
Hər iki mətbuat orqanının səhifələrində xüsusi vurğulanan əsas tezislərdən biri də Qafqaz İslam Ordusu ilə Azərbaycan qüvvələrinin çiyin-çiyinə vuruşması nümunəsində təcəssüm tapan sarsılmaz Türk həmrəyliyi və qardaşlıq məfkurəsidir. Nəticə etibarilə, «İstiqlal» və «Qurtuluş» nəşrləri 15 Sentyabr zəfərini ötüb-keçmiş hərbi fakt statusundan çıxararaq onu sovet işğalına qarşı alternativ milli yaddaş qalasına və gələcək müstəqillik mübarizəsinin tükənməz inam mənbəyinə çevirməyə müvəffəq olmuşdur. Bu elmi-publisistik irs müasir Azərbaycanın dövlətçilik ənənələrinin və strateji milli yaddaşının qorunub saxlanmasında müstəsna elmi-tarixi əhəmiyyət kəsb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью