Azərbaycan multikulturalizmi modeli Yerusəlimdə təqdim olunub

28.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycanda multikulturalizm yalnız dövlət siyasəti deyil, eyni zamanda cəmiyyətin həyat tərzidir. Ölkəmizdə müxtəlif etnik və dini icmalar – yəhudilər, xristianlar, müsəlmanlar və digər dini azlıqlar əsrlər boyu sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşayırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov İsrailin Yerusəlim şəhərində keçirilən Avropa Ravvinləri Konfransının 70-ci Yubiley tədbirində səsləndirib. “İnam, təhlükəsizlik və birgə dinc yanaşı yaşama” mövzusunda panel iclasda çıxış edən R.Həsənov xüsusilə vurğulayıb ki, yəhudi icması Azərbaycanda min illərdir təhlükəsizlik və azadlıq mühitində yaşayır, ölkədə mövcud olan zəngin yəhudi mədəni irsi, sinaqoqlar və dini icmalar bu dinc birgəyaşayış modelinin bariz nümunəsidir.

Çıxışda beynəlxalq müstəvidə artan təhlükəsizlik çağırışlarına, dinin siyasiləşdirilməsi tendensiyasına, eləcə də ksenofobiya, islamofobiya və antisemitizm kimi halların yayılmasına da toxunulub. Rəvan Həsənov qeyd edib ki, dinin siyasi məqsədlər üçün sui-istifadə edilməsi və süni şəkildə yaradılan ekstremist hərəkatlar müxtəlif dinlər arasında etimadsızlığı və uçurumu daha da dərinləşdirir. Bu problemlərin aradan qaldırılması üçün beynəlxalq təşkilatların, dini mərkəzlərin və dövlətlərin koordinasiyalı və birgə fəaliyyətinin vacibliyi xüsusi vurğulanıb.

Müzakirələrdə, həmçinin İsrailin diaspor və irs naziri Amiçai Eliyahu, Almaniyanın İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətinin və Beynəlxalq Dini Azadlıq İnstitutunun prezidenti, yepiskop Tomas Paul Şirrmaxer, İsraildəki Druz icmasının ruhani lideri Şeyx Müvəffəq Tarif, eləcə də Qüdsün köməkçi yepiskopu Monsinyor Rafic Nahra çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью