Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın minilliklərə dayanan narçılıq ənənəsi ölkənin kənd təsərrüfatı məhsullarının dünya bazarlarında tanıdılması istiqamətində yeni imkanlar yaradır.
Avropanın aparıcı media qurumlarından olan Euronews Azərbaycanın narı qlobal brendə çevirmək səylərindən bəhs edən material yayımlayıb. Nəşr Azərbaycanın narın 2 min illik mədəni tarixə malik olduğunu və bu məhsulun ölkənin kənd təsərrüfatı ixracında mühüm yer tutduğunu qeyd edir.
Mənbənin məlumatına görə, Azərbaycan nar və nar məhsullarının ixracından 48,2 milyon avro gəlir əldə edir. Bu göstərici narçılığın yalnız ənənəvi kənd təsərrüfatı sahəsi deyil, eyni zamanda ixrac potensialı yüksək olan iqtisadi istiqamət olduğunu göstərir.
Nəşr Azərbaycanın narçılıq ənənəsinin ölkənin tarixi və mədəni irsi ilə sıx bağlı olduğunu vurğulayır. Nar Azərbaycan mətbəxində, folklorunda və milli simvollarında xüsusi yer tutur.
Xarici mediada Azərbaycan narının ayrıca iqtisadi və mədəni mövzu kimi təqdim edilməsi ölkənin qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda tanıdılması baxımından diqqətçəkən məqamdır.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində atılan addımlar fonunda nar və ondan hazırlanan məhsullar ölkənin ixrac potensialının artırılması üçün perspektivli sahələrdən biri kimi qiymətləndirilir.
N.Adilqızı
XQ