Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Horadiz–Ağbənd avtomobil yolunun tikintisi başa çatdı
Azərbaycanda Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatıb. Zəngəzur dəhlizinin inkişafı çərçivəsində dəmir yolu xəttinin inşası isə davam edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında qeyd olunub ki, Naxçıvanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində də işlər aparılır. Dəhlizin inkişafının ildə 15 milyon tona qədər əlavə yükdaşıma potensialı yaratmağa və regional nəqliyyat əlaqələrini gücləndirməyə imkan verəcəyi gözlənilir.
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu Hacıqabul–Horadiz–Ağbənd magistralının və Zəngəzur dəhlizinin tərkib hissəsidir. Layihənin ümumi uzunluğu 149,9 kilometr, bunun əsas yol hissəsinin uzunluğu isə 123,6 kilometr təşkil edir. Yol 1B texniki kateqoriyası üzrə, dörd-altı hərəkət zolağı ilə inşa edilib.
Layihə çərçivəsində ümumi uzunluğu 12032 metr olan üç tunelin, 28 körpünün, səkkiz yol qovşağının, həmçinin yeraltı keçidlərin və suötürücü qurğuların tikintisi nəzərdə tutulur.
Zəngəzur dəhlizinin inkişafı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə və ölkənin tranzit imkanlarının artırılmasına yönəlib.
XQ