Azərbaycan niyə öz potensialını özü çətinləşdirir?

01.05.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan uzun illərdir özünü regionun iqtisadi mərkəzi, logistika qovşağı və investisiya üçün cəlbedici ünvan kimi təqdim etməyə çalışır.

Beynəlxalq tədbirlər, diplomatik görüşlər, enerji layihələri və geosiyasi əhəmiyyət ölkənin adını qlobal gündəmdə saxlayır.

Amma xaricdən baxan investor üçün parlaq təqdimatlardan daha vacib olan bir sual var:

“Bu ölkədə sistem necə işləyir?”

Çünki yatırım təkcə siyasi vitrinə baxmır, o, hüquqa baxır, vergi yükünə baxır, gömrük prosedurlarına baxır, sərbəst hərəkət imkanına baxır. Bir ölkə özünü nə qədər açıq iqtisadiyyat kimi təqdim etsə də, daxildə qarışıq qanunvericilik, anlaşılmaz inzibati mexanizmlər və uzunmüddətli quru sərhəd məhdudiyyətləri varsa, bu, kənardan etimad yox, sual doğurur. İnvestor ilk növbədə sabitlik və şəffaflıq axtarır. Əgər bir ölkəyə giriş-çıxışın özü belə fövqəladə təhlükə görüntüsü yaradırsa, o zaman beynəlxalq kapitalın zehnində “burada görünməyən hansı risk var?” sualı qaçılmaz olur.

Turizm isə etibarın ən həssas sahəsidir. İnsanlar rahat gedə bilmədiyi, sərbəst plan qura bilmədiyi yerə maraq göstərməkdə tərəddüd edir. Quru sərhədlərin uzun müddət bağlı qalması yalnız fiziki keçidi yox, həm də ölkənin xaricə verdiyi psixoloji mesajı formalaşdırır. Dünyaya inteqrasiya etmək istəyən dövlət üçün əsas məsələ yalnız tədbirlər keçirmək deyil, açıq, anlaşılan və güvənli sistem təsiri yaratmaqdır. Əks halda, görünən imiclə real mühit arasındakı fərq həm turistin, həm investorun qərarında əsas maneəyə çevrilir.

Gununsesi.info xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli də danışıb.

O bildirib ki, quru sərhədləri bağlı olan ölkənin nə turizmi inkişaf edər, nə də investisiya cəlb etmək olar.

“Təsəvvür edin ki, Avropada kimsə bura yatırım etmək istəyir. Hazırda Azərbaycan onsuz da gündəmdədir, başqa ölkələrin liderləri gəlib-gedir, adımız hallanır. İndi o yatırım etmək istəyən başlayır araşdırmağa. Vergi qanunvericiliyini araşdırır, başını tutur. Gömrüyü araşdırır, yenə eyni şey. Üstünə də deyirlər ki, burada təhlükəyə görə quru sərhədlər də bağlıdır. İndi o nə deyər? Deyərmi ki, gör orada nə təhlükə var, quru sərhədləri bağlayıblar?”,- deyə Natiq Cəfərli qeyd edib.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью