Azərbaycan nümayəndə heyəti San Paulu Şəhər Şurasında görüş keçirib

19.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 19 noyabr, AZƏRTAC

Braziliyanın San Paulo şəhərində keçirilən “ENACTUS 2026” Dünya Kubokunda iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan azərbaycanlı gənclərdən ibarət nümayəndə heyəti San Paulu Şəhər Şurasında görüş keçirib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elnur Abdullayevin rəhbərlik etdiyi heyət şəhər şurasının beynəlxalq əməkdaşlıq məsələləri üzrə katibi və aparat rəhbəri Fernando Feheyra ilə görüşüb, qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Çıxış edən ölkəmizin Braziliyadakı səfirliyinin müşaviri Rafiq Rüstəmov belə görüşlərin xüsusilə iki ölkə arasında sosial-humanitar sahədəki əməkdaşlıq münasibətləri baxımından əhəmiyyətli olduğunu bildirib.

Söhbət zamanı Gənclər və İdman Nazirliyinin rəsmisi E.Abdullayev Azərbaycanda gənclərin inkişafı ilə bağlı icra olunan dövlət proqramları, o cümlədən ölkənin ictimai, iqtisadi, mədəni və siyasi həyatında gənclərin iştirakçılıq imkanlarının genişləndirilməsi istiqamətində görülən ölkəmiqyaslı tədbirlərdən bəhs edib. Bu səpkidə beynəlxalq təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Nümayəndə heyətinin tərkibində iştirak edən Naxçıvan Dövlət Universitetinin rektor müşaviri Ülvi Baxışlı isə təmsil etdiyi ali təhsil ocağında yerli və əcnəbi gənc tələbələrin inkişafı istiqamətində görülən işlərdən, onlara göstərilən sosial qayğıdan bəhs edib, universitetin müxtəlif xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinə dair nüminələrdən söz açıb.

Azərbaycan nümayəndə heyətini qarşılamaqdan məmnunluğunu ifadə edən katib F.Feheyra gənclərlə iş sahəsinin şəhər şurasının sosial layihələr proqramında vacib komponentlərdən biri olduğunu qeyd edib. O, qarşıdakı dövrdə Azərbaycanın müvafiq dövlət qurumları və ictimai təşkilatları ilə birgə layihələrin həyata keçirilməsinə maraq ifadə edərək, bu məqsədlə fəal təmasların və təcrübə mübadiləsi imkanlarının əhəmiyyətini nəzərə çatdırıb.

Görüşün sonunda nümayəndə heyəti Şəhər Şurasının rəsmiləri ilə xatirə şəkilləri çəkdirib, şura binasının terasında qurulmuş xüsusi botanika bağı ilə tanış olublar.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən çoxsaylı tələbələri, elmi tədqiqatçıları və biznes təşkilatlarının rəhbərlərini özündə birləşdirən ENACTUS şəbəkəsi qlobal və regional miqyasda sosial və ətraf mühit problemlərinin həllində xüsusilə gənclərin iştirakçılığını təşviq edən aparıcı beynəlxalq platformalardan biri sayılır.

Bu il Azərbaycandan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetini, Naxçıvan Dövlət Universitetini, Azərbaycan Respublikasının Gənclər Fondunu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını təmsil edən bir qrup təşəbbüskar gənc “ENACTUS” 2026 Dünya Kubokunda iştirak edərək, dünyanın müxtəlif qitə və ölkələrindən olan həmyaşıdları ilə əyani təmas imkanı yaradaraq öz bilik və bacarıqlarını sınayır, müxtəlif təcrübələrə yiyələnirlər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью