Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəhreynin Manama şəhərində Asiya Parlament Assambleyasının (APA) Plenar Sessiyası keçirilib.
SİA xəbər verir ki, sessiya “Asiya parlamentlərinin Asiyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsində rolu: imkanlar, çağırışlar və gələcək inkişaf” mövzusuna həsr olunub.
Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev sessiyada çıxış edərək parlamentlərin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafında mühüm rol oynadığını vurğulayıb. Deputat bildirib ki, Asiya qitəsi sivilizasiyaların, mədəniyyətlərin və dinlərin zəngin müxtəlifliyi ilə seçilir və bu müxtəliflik həm böyük üstünlük, həm də ciddi məsuliyyət yaradır.
Rizvan Nəbiyev çıxışında Azərbaycanın multikulturalizm sahəsində zəngin təcrübəsini diqqətə çatdıraraq qeyd edib ki, ölkəmiz əsrlər boyu dini tolerantlıq və dinc yanaşı yaşama ənənələri ilə seçilib. O vurğulayıb ki, Azərbaycanın tarixi irsi və coğrafi mövqeyi onu sivilizasiyalararası dialoqun mərkəzinə çevirib və bu ənənələr həm Avropa, həm də Asiya institutları ilə əməkdaşlıq sayəsində daha da möhkəmlənib.
Deputat həmçinin 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanmış Bakı Prosesi barədə danışıb. O bildirib ki, bu təşəbbüs mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində mühüm beynəlxalq platforma rolunu oynayır. Rizvan Nəbiyev Bakı Prosesi çərçivəsində qəbul edilmiş “Mədəniyyətlərarası dialoqun təşviqi üzrə Bakı Bəyannaməsi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, Dünya Dini Liderlərinin Forumu, Bakı Humanitar Forumu və Bakı Qlobal Forumunun qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edib.
Çıxışında Azərbaycan dövlətinin multikulturalizm siyasətini də vurğulayan deputat, 2016-cı ilin Multikulturalizm İli, 2017-ci ilin isə İslam Həmrəyliyi İli elan edilməsinin bu siyasətin bariz nümunəsi olduğunu bildirib.
Rizvan Nəbiyev islamofobiya və dini ayrı-seçkiliklə mübarizənin vacibliyinə toxunaraq, 2025-ci ilin may ayında Prezident İlham Əliyevin Bakıda keçirilən “İslamofobiya: Qərəzlərin ifşası və stereotiplərin aradan qaldırılması” adlı beynəlxalq konfransa müraciət ünvanladığını bildirib. Prezidentin müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən rəsmi sənəd kimi yayımlanıb.
Çıxışının sonunda Rizvan Nəbiyev Bəhreyn Krallığının Nümayəndələr Palatasına və APA-ya göstərilən yüksək təşkilatçılığa görə təşəkkürünü bildirib, Manama və Bakının mədəniyyətlərarası dialoq sahəsində təcrübələrinin Asiya və region üçün faydalı ola biləcəyini qeyd edib.