Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 27 yanvar, AZƏRTAC
Dövlət Turizm Agentliyi Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilən yaradıcılıq üzrə əl işi sənayelərinə həsr olunmuş Birinci Beynəlxalq Forumda milli stendlə təmsil olunub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, forum Omanla yanaşı, müxtəlif xarici ölkələrdən yaradıcılıq və əl işi sənayeləri sahəsində fəaliyyət göstərən qurum və müəssisələrin nümayəndələrini bir araya gətirib.
Forum çərçivəsində Azərbaycanın Oman sultanlığındakı səfiri Rəşad İsmayılov, Omanın mədəni irs və turizm naziri Seyid İbrahim bin Səid əl-Busaidi və Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı üzrə Qurumunun sədri Halima bint Raşid əl-Zəriyə milli stendi ziyarət edib.
Ziyarətçilər milli stenddə yerli sənətkarlar tərəfindən nümayiş etdirilən Şəkiyə məxsus şəbəkə, təkəlduz və keçə sənəti nümunələri ilə tanış olublar.