Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
“Magistratura və doktorantura təhsili olan zabit sadəcə icraçı deyil, həm də tədqiqatçı, analitik və strateqdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisin bugünkü plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, təklif olunan dəyişikliklər hərbi qulluqçuların rütbələrdə olma müddətinin tənzimlənməsi ilə yanaşı, Azərbaycan ordusunun intellektual və texnoloji modelə keçidinin hüquqi əsaslarının gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Sahib Alıyev xatırladıb ki, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı təcrübə beynəlxalq hərbi dairələrdə diqqət çəkib. Onun sözlərinə görə, ABŞ-nin Vest-Point Hərbi Akademiyası da daxil olmaqla, beş hərbi məktəbdə Azərbaycan Ordusunun müharibə təcrübəsi öyrənilib.
Deputatın fikrincə, magistratura və doktorantura təhsili alan zabitlərin bilik və elmi potensialı ordu quruculuğunda mühüm rol oynayır. O vurğulayıb ki, müasir dövrdə orduların inkişafında fiziki göstəricilərlə yanaşı, hərbi qulluqçuların intellektual hazırlığı və texnoloji imkanları da ön plana çıxır.
Zeynəb Rzayeva