Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
“Bakıda keçirilmiş Qələbə paradı barədə sakit və emosiyasız danışmaq çətindir. Biz uzun illər torpaqlarımızın işğaldan azad olunmasını səbrsizliklə gözləmişik. Qələbədən 5 il keçməsinə baxmayaraq, paradı yenə də böyük sevinc və qürur hissi ilə izlədik. Dünyanın bu günkü gərgin mərhələsində Azərbaycanın güclü ordusuna baxanda bir növ arxayınlıq yaranır. Lakin emosiyalarımızı kənara qoyaraq obyektiv baxsaq, görərik ki, Zəfər paradında ordumuzun hərəkətində hər hansı neqativ hal müşahidə edilmədi”.
Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə Zəfər paradını şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, hər bir hərbi parad təkcə hərbi deyil, eyni zamanda siyasi xarakter daşıyır:
“Parad hərbçilər üçün möhtəşəm Qələbəni qeyd etmək tədbiri olsa da, hərbi-siyasi baxımdan həm regiona, həm də dünyaya nümayiş etdirilir ki, Azərbaycan Ordusu güclüdür, nizamlıdır, müasir silahlarla təchiz olunub və döyüş qabiliyyəti yüksəkdir”.
A. İsazadə əlavə edib ki, qələbənin beşinci ildönümünə həsr olunmuş parad zamanı bir sıra maraqlı texniki yeniliklər də diqqəti cəlb edib:
“Digər sahələrdə olduğu kimi, hərbi sənaye sahəsində də modernləşmə və inkişaf sürətlə gedir. Ordumuz da bu proseslə ayaqlaşır, ən yeni silah növləri ilə təmin olunur. Biz həmçinin yeni əldə etdiyimiz təyyarələrin uçuşunu da seyr etdik. Yəni ordumuzun silahlanma baxımından hər hansı problemi yoxdur və o, ən müasir texnika ilə təmin edilib”.
Azad İsazadə
Hərbi ekspert Azərbaycan Ordusunun şəxsi heyətinin parad keçidinə də diqqət çəkərək bildirib ki, burada Xüsusi Təyinatlı Qüvvələr (XTQ) üstünlük təşkil edib:
“Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması parad zamanı açıq şəkildə hiss olundu. Qeyd etmək lazımdır ki, əslində xüsusi təyinatlılarımızın sayı paradda iştirak edənlərdən daha çoxdur. Son illər bu qüvvələrin sayında nəzərəçarpan artım müşahidə olunur. Bu, iki istiqamətdə baş verir:
Birincisi, ayrıca Xüsusi Təyinatlı Qüvvələr qoşun növü kimi formalaşıb.
İkincisi, hər bir hərbi birləşmənin və ya korpusun tərkibində xüsusi təyinatlılardan ibarət batalyon yaradılıb. Beləliklə, lazım gəldikdə bu qüvvələrin sayı sürətlə artırıla bilir”.
Ekspert əlavə edib ki, 44 günlük müharibəyə nəzər salsaq, ayrıca hərbi hissə kimi Xüsusi Təyinatlı Qüvvələrin ön plana çıxdığını görərik:
“Həm korpusların, həm Naxçıvanın xüsusi təyinatlıları onlara tabe edilmişdi. Eyni zamanda Hərbi Dəniz Qüvvələrinin, Sərhəd Qoşunlarının və Daxili Qoşunların xüsusi təyinatlıları da bu birliyə daxil idi. Onların hamısı general Hikmət Mirzəyevin rəhbərlik etdiyi Xüsusi Qüvvələr Birləşməsinin tərkibində bir yumruq kimi döyüşüb və bu barədə düşmən mediası da yazıb”.
Sonda A. İsazadə vurğulayıb ki, bu gün Azərbaycan Ordusu regionda ən güclü ordudur:
“Bu, həm ordunun sayında, hazırlığında, silahlanmasında, həm də döyüş qabiliyyətində özünü göstərir. Azərbaycan Ordusu müharibədən yeni çıxıb, onun döyüş ruhu yüksəkdir və daim təlimlərdə iştirak edir. Hesab edirəm ki, biz hər birimiz ordumuzdan fəxrlə danışmalıyıq. Çünki Azərbaycan Ordusu buna layiqdir və xalqımızın ən böyük arzusunu gerçəkləşdirib”.
Nemət ORUCOV
Reyting.az