Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
İlham Əliyev: BMT - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir
1990-cı illərin əvvəlində işğala məruz qalan Azərbaycan ağır və mürəkkəb sınaqlarla üz-üzə dayanmalı oldu. Müstəqilliyini yenicə bərpa etmiş ölkə bir tərəfdən Ermənistanın hərbi təcavüzünə qarşı mübarizə aparır, digər tərəfdən isə baş verənlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün diplomatik səylər göstərirdi. Lakin həmin dövrdə dünyanın aparıcı güclərinin hadisələrə münasibəti Azərbaycanın gözləntilərini doğrultmadı. Torpaqlar işğal edildi, yaşayış məntəqələri dağıdıldı, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü.
Beynəlxalq hüquq baxımından isə Azərbaycanın mövqeyi kifayət qədər aydın idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü təsdiqlənir və işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması tələb olunurdu. Lakin bu sənədlərin icrası üçün effektiv mexanizm yaradılmadı.
Beləliklə, münaqişə təkcə hərbi qarşıdurma deyil, həm də uzun illər davam edən ədalətsizlik nümunəsinə çevrildi. 30 ilə yaxın müddətdə Azərbaycanın şəhər və kəndləri dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan vuruldu, məscidlər və digər dini abidələr təhqir edildi. Azərbaycanın bu ədalətsizliyə son qoyaraq Vətən müharibəsində torpaqlarını azad edən zaman üzə çıxan mənzərə bu dağıntıların miqyasını bir daha göstərdi - işğal olunmuş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılmışdı, tarixi abidələr sökülmüş, milli mədən tariximizi özündə əks etdirən tikililər məhv edilmişdi.
Bu gün vəziyyət kökündən dəyişib. Azərbaycan hərbi-siyasi gücü ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Lakin torpaqların azad olunması tarixin yaddaşdan silinməsi demək deyil. Əksinə, keçmişin xatırlanması gələcəkdə eyni faciələrin təkrarlanmaması üçün mühüm şərtdir.
Dünya işğala, təcavüzə, soyqırımına səssiz qaldı…
Vurğulandığı kimi, Azərbaycan xalqının yaddaşında işğal illəri yalnız itirilmiş torpaqların tarixi kimi qalmayıb. Bu dövr həm də insan faciələri, məcburi köçkünlük, dağıdılmış şəhərlər, kəndlər və məhv edilmiş mədəni irslə yadda qalıb. Bu faciələrin ən ağır səhifələrindən biri isə Xocalı oldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilən qətliam nəticəsində 613 nəfər öldürüldü. Onların arasında 63 uşaq, 106 qadın və 70 yaşlı insan var idi. 1275 nəfər girov götürüldü, 487 nəfər yaralandı. Xocalı faciəsi işğalın mahiyyətini göstərən ən dəhşətli nümunələrdən biri idi. Burada söhbət yalnız hərbi əməliyyatdan getmirdi. Dinc əhalinin hədəfə alınması, insanların öldürülməsi, girov götürülməsi və şəhərin dağıdılması müharibənin insan talelərinə vurduğu zərbənin miqyasını göstərirdi.
İşğal illərinin başqa bir ağır nəticəsi Azərbaycanın dini və mədəni irsinə qarşı həyata keçirilən dağıntılar oldu. Məscidlər, qəbiristanlıqlar, tarixi tikililər və digər mədəniyyət nümunələri zərər gördü. Bütün bunlar sadəcə keçmişin statistikası deyil. Dağıdılmış hər məscid, viran edilmiş hər kənd, yer üzündən silinmiş hər tarixi abidə Azərbaycanın yaddaşına vurulmuş zərbənin izidir. Ona görə də “Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq” fikri yalnız emosional çağırış deyil. Bu, gələcək nəsillər qarşısında tarixi məsuliyyətdir. Azərbaycan torpaqlarını azad edib, lakin həmin torpaqlarda yaşananların yaddaşını da qorumalıdır. Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib ki, biz bu torpaqlara 30 ildən sonra qayıdanda nəyi gördük? Bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər: "65 məscid Ermənistan dövləti tərəfindən, - mən xüsusilə bunu qeyd etmək istəyirəm, bu, Ermənistanın dövlət siyasəti idi, - Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi. Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq".
Dövlət başçısı bildirib ki, bu torpaqlar 30 il ərzində Ermənistanın işğalı altında idi: "Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı şəhərində qanlı soyqırımı törədilmişdir. Artıq Xocalıda Xocalı Memorial Kompleksi də yaradılıb və əgər vaxtınız olarsa, oraya da baş çəkə bilərsiniz".
BMT TŞ-nin 4 icra edilməyən qətnaməsi…
İşğalın 30 ilə yaxın davam etməsinin səbəblərindən biri də beynəlxalq hüquqla real siyasi proseslər arasındakı ziddiyyət idi. Əslində, problemin hüquqi çərçivəsi müəyyən edilmişdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mövqeyi açıq şəkildə ortaya qoyurdu. Sənədlərdə işğalçı qüvvələrin geri çəkilməsi və hərbi əməliyyatların dayandırılması tələb edilirdi. Amma qətnamələrin qəbul edilməsi ilə onların icrası arasında böyük uçurum yarandı. Azərbaycan uzun illər ərzində beynəlxalq vasitəçilərin fəaliyyətindən konkret nəticə gözlədi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar isə nəticədə işğal faktını aradan qaldıra bilmədi. Status-kvo dəyişməz qaldıqca münaqişənin uzadılması faktiki olaraq yeni reallığa çevrilirdi.
Bu prosesdə xarici dövlətlərin maraqları da mühüm rol oynayırdı. Cənubi Qafqazın geosiyasi əhəmiyyəti, enerji və nəqliyyat marşrutları, regional güc balansı müxtəlif dövlətlərin mövqelərinə təsir göstərirdi. Nəticədə beynəlxalq münasibətlərdə tez-tez müşahidə olunan ikili standartlar problemi Azərbaycan məsələsində də özünü göstərirdi. Ən böyük paradoks isə bundan ibarət idi: beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, qətnamələr qəbul edir, lakin həmin qərarların icrası üçün siyasi təzyiq mexanizmlərindən kifayət qədər istifadə etmirdilər. Belə vəziyyət işğalçı tərəfə zaman qazandırırdı. Prezident İlham Əliyev qeyd edib ki, dünya 30 il ərzində buna göz yumub. Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi: "Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb. Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən".
Avropa institutları, yoxsa ikili standartlar yuvası?
Bəli, Azərbaycanın işğal illərində üzləşdiyi problemlər sırasında Qərb institutlarının ikili standarta söykənən mövqeyi də xüsusi yer tutur. Xüsusilə Avropa Parlamentinin müxtəlif illərdə qəbul etdiyi qətnamələr bu müzakirələrin mərkəzində dayanıb. Məsələn, 2024-cü ilin martında Avropa Parlamenti Ermənistanla daha sıx əlaqələr və ona Avropa Sülh Fondu çərçivəsində dəstək məsələsini müzakirə edib və Ermənistanın hərbi imkanlarının gücləndirilməsinə çağırışlar səsləndirib.
Eyni zamanda, Qarabağda Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən sonra Avropa Parlamentinin Azərbaycana münasibətdə sərt siyasi mövqe nümayiş etdirməsi Bakıda ikili standartlar barədə sualları daha da gücləndirdi. Həmin dövrdə Avropa Parlamenti Azərbaycanla bağlı ayrıca qətnamə qəbul etdi.
Və ya Avropa Şurası Parlament Assambleyası… Azərbaycan işğal faktının aradan qaldırılması, ədalətin bərpası üçün uzun illər AŞPA müstəvisində aktiv müzakrələrin təşkilinə və ya həllinə nail ola bilmədi – qurum bu məsələlərlə məşğul olmadığını və Ermənistan–Azərbaycan münaqişəsinin yalnız ATƏT çərçivəsində müzakirə oluna biləcəyini israr etdi. 44 günlük müharibə və antiterror tədbirlərindən sonra isə AŞPA-nın "üzü" dəyişdi. Etdiyi terrorçu hərəkətləri açıq dillə etiraf edən şəxsləri AŞPA-nın himayə etməsi anlaşılan deyil - bu ona dəlalət edir ki, ya AŞPA həmin terrorçuları məsuliyyətdən yayındırmağa çalışır, ya da azərbaycanlılara qarşı həmin şəxslərin törətdikləri cinayətlərlə bu kimi "beynəlxalq" qurumların birbaşa əlaqəsi mövcuddur. “Canilərə azadlıq tələbi” AŞPA-nın Cənubi Qafqaza yönəlik “yeni siyasi baxış"larının detallarını ortaya qoydu və bu təşkilatın iç üzünü nümayiş etdirdi. Bu gün cinayətkarlara "azadlıq" istəyən, insan haqlarını fəaliyyətinin ali prinsipi elan edən AŞPA Azərbaycan Azərbaycan əraziləri 30 il işğal altında olduğu dövrdə Azərbaycanın 1 milyon qaçqın və köçkünün vəziyyəti ilə bağlı susurdu, on minlərlə itkin və əsir düşmüş vətəndaşlarımızın taleyi ilə maraqlanmırdı. Bütün bunlar qurumun "bəşəri dəyərlər" pərdəsi arxasında gizləndiyini və müəyyən ermənipərəsğtlərin əlində alətə çevrildiyini bir daha təsdiqləyir.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi: "Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu".
Azərbaycan tarix yazdı…
Artıq işğal faktı tam şəkildə aradan qaldırılıb, Azərbaycan bölgədə yeni reallıqlar formalaşdırıb. İşğal tarixindən çıxardığımız ən mühüm nəticə ondan ibarətdir ki, dövlətin təhlükəsizliyi yalnız beynəlxalq sənədlərin mövcudluğu ilə təmin olunmur. Hüquqi sənədlərin arxasında siyasi iradə, iqtisadi güc, diplomatik imkanlar və ən əsası, milli birlik dayanmalıdır. Azərbaycan öz torpaqlarını azad etməklə tarixinin yeni səhifəsini yazdı.
P.İSMAYILOV