Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Azərbaycan öz taleyini özü həll edəndə qalib gəlir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin 13 oktyabr tarixli iclasında “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat çıxışında milli ideologiyanın qorunması, dövlət suverenliyi və Azərbaycanın müstəqil siyasətinin əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında ideoloji məkanın yad təsirlərdən qorunması ilə bağlı çağırışını milli hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm mesaj kimi qiymətləndirib.
Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideyaları Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməsi və Vətən müharibəsində qazandığı Qələbə ilə öz təsdiqini tapıb. O bildirib ki, bu qələbə xalqın birliyini və siyasi həmrəyliyini daha da gücləndirib.
Deputat vurğulayıb ki, Azərbaycanın hərbi meydanda qazandığı qələbənin əhəmiyyətini azaltmağa çalışan yanaşmalara qarşı dövlətin, ordunun və xalqın rolunu qətiyyətlə müdafiə etmək lazımdır. Onun fikrincə, Zəfərin əsas müəllifi Azərbaycan dövləti, ordusu və xalqıdır.
Z.Oruc ölkəyə qarşı ideoloji və informasiya müstəvisində təzyiqlərin artdığını da iddia edib. O hesab edir ki, ölkə daxilində ziddiyyətləri dərinləşdirmək, sosial narazılığı dövlətçilik əleyhinə yönəltmək və dini simvollardan siyasi səfərbərlik vasitəsi kimi istifadə etmək cəhdləri milli birliyə təhdid yaradır.
Deputat Azərbaycanın dünyəvi dövlət quruluşunun və müstəqil xarici siyasətinin qorunmasının vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan müsəlman və türk ölkəsi olsa da, siyasi qərarlarını müstəqil verir, Qərb və Şərq dövlətləri ilə əməkdaşlıq edir, lakin heç bir dövlətin forpostu deyil.
“Biz müsəlman ölkəsiyik, lakin İslam dövləti istəmirik. Türk dövlətiyik, lakin müstəqil siyasi paytaxtımız var. Qərblə, Şərqlə əməkdaşlıq edirik, lakin heç bir dövlətin forpostu deyilik”, – deputat bildirib.
Z.Oruc çıxışının sonunda Azərbaycanın müstəqilliyinin qorunmasında xalqın iradəsinin, güclü vətəndaş cəmiyyətinin və ordunun rolunu önə çəkib.
Zeynəb Rzayeva