Azərbaycan Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

03.11.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin təsdiq məsələsinin Milli Məclisin gündəliyinə çıxarılması iki ölkə arasındakı münasibətlərin inkişafında növbəti mühüm addımdır.

Əslində, Bakı ilə Daşkənd arasında siyasi dialoq son illərdə kifayət qədər intensiv xarakter alıb. Qarşılıqlı səfərlər, imzalanan sənədlər, iqtisadi layihələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq göstərir ki, tərəflər münasibətləri yalnız tarixi və mədəni yaxınlıq üzərində qurmaq niyyətində deyillər. Burada artıq konkret siyasi və iqtisadi maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlıq formalaşır.

Azərbaycan və Özbəkistanın yaxınlaşmasını bütövlükdə regionda baş verən geosiyasi dəyişikliklərdən ayrı qiymətləndirmək doğru olmazdı. Bu gün Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi hər iki region üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Xəzər hövzəsi vasitəsilə Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən əsas nəqliyyat istiqamətlərindən birində yerləşir. Özbəkistan isə regionun böyük iqtisadi və demoqrafik potensiala malik dövlətlərindən biridir. Bu baxımdan iki ölkənin əməkdaşlığı həm qarşılıqlı iqtisadi imkanların genişlənməsinə, həm də regionlararası əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Məsələnin digər mühüm tərəfi Türk Dövlətləri Təşkilatının gələcək inkişaf perspektivləri ilə bağlıdır. Uzun müddət Türk dünyası haqqında danışarkən daha çox ortaq tarix, dil və mədəniyyət amilləri ön plana çəkilirdi. Lakin son illərdə bu əməkdaşlığın məzmunu dəyişir. Artıq söhbət konkret investisiya layihələrindən, nəqliyyat dəhlizlərindən, enerji təhlükəsizliyindən və siyasi koordinasiyadan gedir. Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərinləşməsi də məhz bu prosesin tərkib hissəsidir. Türk dövlətləri arasında ikitərəfli əlaqələrin güclənməsi çoxtərəfli əməkdaşlığın da daha praktik nəticələr verməsinə şərait yarada bilər.

Burada Orta Dəhliz amilini xüsusilə qeyd etmək lazımdır. Dünyada ənənəvi ticarət marşrutlarının müxtəlif siyasi və təhlükəsizlik riskləri ilə üzləşdiyi bir dövrdə alternativ nəqliyyat yollarına maraq artır. Azərbaycan bu istiqamətdə mühüm tranzit imkanlarına malikdir. Özbəkistan üçün isə dünya bazarlarına çıxış yollarının şaxələndirilməsi strateji əhəmiyyət daşıyır. Ona görə də Bakı–Daşkənd əməkdaşlığının inkişafı yalnız iki ölkənin ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmır. Bu münasibətlər daha geniş coğrafiyada iqtisadi əlaqələrin qurulmasına və Mərkəzi Asiya dövlətlərinin beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə töhfə verə bilər.

Digər tərəfdən, Azərbaycanın Özbəkistanla münasibətləri inkişaf etdirməsi ölkəmizin xarici siyasətində Mərkəzi Asiya istiqamətinin əhəmiyyətini də nümayiş etdirir. Azərbaycan uzun illərdir müxtəlif regional və beynəlxalq platformalarda fəal iştirak edir. Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi isə bu siyasətin mühüm istiqamətlərindən birinə çevrilib. Özbəkistanla münasibətlərdə diqqət çəkən məqam tərəflərin siyasi dialoqu iqtisadi layihələrlə paralel şəkildə inkişaf etdirməsidir. Bu, qarşılıqlı münasibətlərin yalnız siyasi bəyanatlar səviyyəsində qalmaması, real əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Hesab edirəm ki, Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında müqavilə münasibətlərin gələcək inkişafı üçün əlavə siyasi və hüquqi zəmin yaradır. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında müttəfiqlik münasibətlərinə dair sənəd də mövcuddur. Bu isə tərəflərin əməkdaşlığı ardıcıl şəkildə institusionallaşdırmaq niyyətini göstərir. Bununla belə, imzalanan sənədlərin real əhəmiyyəti onların praktik icrası ilə müəyyənləşəcək. Qarşıdakı dövrdə birgə layihələrin həyata keçirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də regional məsələlərdə siyasi koordinasiyanın gücləndirilməsi əsas göstəricilər olacaq. Bütün bunlar Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafı ilə yanaşı, Türk dünyasında daha sıx və nəticəyönümlü əməkdaşlığın formalaşmasına da xidmət edə bilər.

Züriyə Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью